Bakıda dollara təlabat niyə artıb? –
Neft ucuzlaşır və…
Globall.az FED.az-a istinadla xəbər verir ki, artıq qonşu Rusiyanın valyutası rubl öz dəyərinin 20%-ni itirib. İlin əvvəlində bu ölkədə dollar 61 rubl olduğu halda, hazırda Rusiyada dolların məzənnəsi 72 rubla çatıb. Bəs Azərbaycanda neftin ucuzlaşması hansı nəticələri verə bilər? Azərbaycan manatı bu dövrə davam gətirəcəkmi?
Xatırladaq ki, Azərbaycanın 2020-ci il üzrə dövlət büdcəsində neftin baza qiyməti 55 dollar götürülüb. Dövlət Büdcəsinin və Dövlət Neft Fondunun gəlirləri, ümumiyyətlə, büdcə ilə bağlı bütün rəqəmlər 55 dollarlıq qiymətə əsaslanıb. 2020-ci ildə dollar/manat məzənnəsi də həmin qiymətə əsaslanıb və 1,7 manat müəyyən edilib.
Azərbaycan nefti 34-35 dollara düşəcək
Amma hazırda dünya bazarında Brent neftinin qiyməti 31-32 dollar ətrafındadır. Bir qayda olaraq Azərbaycan nefti Brentdən 2 dollar baha satılır. Belə ki, martın 6-da keçirilən hərraclarda Brent nefti 9,44% ucuzlaşaraq 45,27 dollar olanda Azərbaycan nefti də 12,47% ucuzlaşaraq 47,16 dollar olmuşdu. Bu hesablamaya əsasən, martın 9-dakı enmədən sonra Azərbaycan nefti də 34-35 dollara düşəcək.
Dövlət Büdcəsi və iqtisadiyyatımız neftin bu qiymətinə hazırdırmı? Növbəti devalvasiya ola bilərmi?
Büdcə üçün «qırmızı xətt» neftin 40 dollarlıq qiymətidir
Hökumət nümaynədələri bu barədə geniş müzakirə aparmaq istəməsələr də 2020-ci ilin dövlət büdcəsinə baxanda məlum olur ki, hökumət üçün neftin problemli qiymət həddi, necə deyirlər, «qırmızı xətt» – 40 dollardır.
Dövlət büdcəsi ilə bağlı Maliyyə Nazirliyinin açıqladığı rəsmi izahatda büdcənin 2020-ci ildə qarşılaşacağı əsas risklərdən iri olaraq neftin ucuzlaşması göstərilib. Burada deyilir ki, beynəlxalq əmtəə bazarlarında enerji daşıyıcıları, o cümlədən neftin qiymətlərinin dəyişkənliyi ortamüddətli dövrdə dövlət və icmal büdcələrinin gəlirlərinə təsir edəcək əsas amillərdəndir:
«Qeyd etmək lazımdır ki, icmal büdcə gəlirlərinin 52,7 faizi neft gəlirləri hesabına formalaşdığına görə neft qiymətlərindəki mümkün azalma icmal büdcə gəlirlərinin azalmasına və icmal büdcə kəsirinin artmasına təsir edəcəkdir. 2020-ci il üçün icmal büdcə gəlirlərinin hesablanması zamanı 55 ABŞ dolları səviyyəsində nəzərdə tutulan neftin bir barrelinin satış qiyməti 40 ABŞ dollarına enərsə, icmal büdcə gəlirləri proqnoz göstərici ilə müqayisədə 16,6 faiz azala bilər».
Bununla yanaşı, büdcədə bildirilir ki, 2020-ci ildə neftin qiymətlərindəki mümkün azalmanın dövlət büdcəsinə əhəmiyyətli təsiri gözlənilmir: «Belə ki, dövlət büdcəsinin neft gəlirlərinin əsas hissəsini Dövlət Neft Fondundan transfert təşkil edir ki, bu məbləğ də büdcə tərtibi zamanı xarici valyutada deyil, manat ifadəsində müəyyən olunmuşdur.
Büdcə gəlirlərinin hesablanması zamanı 55 ABŞ dolları səviyyəsində nəzərdə tutulan neftin bir barrelinin satış qiyməti 40 ABŞ dollarına enərsə, dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə cəmi 1,6 faiz azala bilər ki, bu azalmanın da 1,3 faizi birbaşa neft-qaz sektorundan olan gəlirlərin azalması, 0,3 faizi isə neftin qiymətindəki azalmanın dolayı yolla qeyri neft-qaz sektoruna təsirləri nəticəsində ola bilər».
Neftin qiymətlərinin enişi ortamüddətli dövrdə də davam edərsə, bunun dövlət büdcəsinin gəlirlərinə mənfi təsiri daha əhəmiyyətli ola bilər: «Belə ki, büdcə qaydasına əsasən, xərclənə bilən neft gəlirlərinin yuxarı həddi (habelə, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi), ölkənin xalis maliyyə aktivləri və icmal büdcənin proqnozlaşdırılan neft gəlirləri əsasında müəyyən olunur ki, ortamüddətli dövrdə icmal büdcənin neftin gəlirlərinin azalması Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləğini azaltmaqla dövlət büdcəsinin neftin gəlirlərinə təsir edə bilər».
Başqa sözlə, büdcədə neftin ucuzlaşacağı ehtimalı nəzərə alınıb, amma hətta burada da neftin minimum qiyməti olaraq 40 dollardan danışılır, başqa sözlə, neftin bugünkü kimi ucuzlaşacağı gözlənilmirdi.
Hökumət nümaynədəsi: «30 dollara davam gətirə bilərik»
Son günlər dünya bazarında neftin qiymətinin sürətli ucuzlaşması dövlət nümayəndələrini bu məsələyə münasibət açıqlamağa vadar edib. Amma münasibət optimist olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (bu qurum ölkədə aparılan iqtisadi islahatları təhlil edir və özünəməxsus analitik mərkəzlərdən biri sayılır) icraçı direktor Vüsal Qasımlı bildirib ki, Azərbaycan iqtisadiyyatı neftin 40-45 dollar, hətta 30 dollarlıq qiymətinə tab gətirə bilər. Cənab Qasımlı bir həftə əvvəl deyib:
– Neftin qiymətinin hər barelə görə 1 ABŞ dolları dəyişməsi cari əməliyyatlar hesabımıza illik təxminən 250 milyon ABŞ dolları təsir edir. Azərbaycan neftin hətta hər barel üçün 30 dollardan da aşağı həddinə immunitet qazanıb. Özü də 2015-ci ildə neft qiymətləri üç dəfədən çox azalmışdı. Hazırda belə kəskin azalma mümkün görünmür.
Üstəlik hökumət, biznes və əhali neftin qiymət oynamalarına qarşı institutsional və psixoloji baxımdan daha hazırlıqlıdır. İndiki halda deyim ki, biz hətta neftin 40-45 dollar qiymətində də cari hesablar balansının tarazlığını qoruya bilərik. Bu da həm ciddi inflyasiya təhdidi, həm də manatın məzənnəsi ilə bağlı narahatlığın olmadığını göstərir.
Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 1,8 milyard manat, xərcləri isə 1,4 milyard manat təşkil edib. Gördüyünüz kimi büdcədə ilk ayda nəinki kəsir, hətta 400 milyon manatdan çox profisit yaranıb. Bu ilin yanvar-fevral aylarında vergi və gömrük orqanlarının operativ məlumatları da onu göstərir ki, proqnozdan artıq vəsait büdcəyə mədaxil edilir.
Nəzərə almaq lazımdır ki, bu ilin ilk iki ayında neft qiymətləri ortalama hər barel üçün 60 dolların üstündə olub. Bu hesaba həm Mərkəzi Bankın, həm də SOFAZ-ın ehtiyatları artıb. Təkcə bu ilin yanvar-fevral aylarında Mərkəzi Bankın rezervləri 243 milyon manat çoxalıb. Beləliklə, bu il ərzində proqnozdan əlavə yaranmış ehtiyatlar bundan sonra neftin qiymətinin proqnozdan aşağı olacağı bir neçə ay ərzində itkiləri kompensasiya edə bilər.
Ən əsası isə odur ki, Azərbaycanın strateji valyuta ehtiyatları 52 milyard ABŞ dolları olmaqla ÜDM-in həcmini 8 faizdən çox üstələyir. Bu da imkan verir ki, ölkənin fiskal dayanıqlılığı təmin olunsun», – deyə Qasımlı bildirib.