Keçmiş prezidentə 11 il cəza kəsildi -
Atambayevin daha bir neçə cinayəti araşdırılır
Qırğızıstan məhkəməsi keçmiş prezident Almazbek Atambayevə 11 il həbs cəzası kəsib. O, 2013-cü ildə tanınmış kriminal avtoritet Aziz Batukayevin həbsdən qanunsuz buraxılmasında təqsirli bilinib.
Globall.az azadliq.org-a istinadən xəbər verir ki, dövlət ittihamçıları keçmiş prezidentə 15 illik həbs cəzası istəmişdilər.
63 yaşlı Atambayev günahsız olduğunu deyir, məhkəmədə son söz deməkdən imtina edib. O, ötən il avqustun əvvəlində, tərəfdarlarının təhlükəsizlik əməkdaşları ilə iki günlük qanlı toqquşmasından sonra həbs olunub.
Hakim Atambayevin dövlət mükafatları və rütbələrinin hamısının alınması, özünə və ailə üzvlərinə məxsus əmlakın müsadirə olunması haqda qərar çıxarıb. Bu əmlaka Atambayev ailəsinin beş avtomobili, iki regionda evləri, 10 pay torpaq, bir telekanalla birlikdə bir neçə şirkət daxildir.
2013-cü ildə qəfildən həbsdən buraxılan Batukayev dərhal Rusiyaya gedib. O, bir deputatın, Daxili İşlər Nazirliyinin bir rəsmisinin qətlində və bir sıra digər cinayətlərdə təqsirli bilinib. Atambayev ötən il avqustun 8-də, tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında ikigünlük zorakı qarşıdurmadan sonra polisə təslim olub. O, 3 dəfə rəsmi çağırışa cavab verməmiş, dindirilməyə getməmişdi. Onun saxlanması ilə nəticələnən qarşıdurmada bir yüksək vəzifəli təhlükəsizlik əməkdaşı öldürülüb, 170-dən çox adam yaralanıb.
Bu qarşıdurma Atambayevlə xələfi Sooronbay Jeenbekov arasında hakimiyyət çəkişməsinin pik həddi idi. Prezident seçkisində Jeenbekovu dəstəkləyən Atambayevlə onun arasında sonradan ziddiyyətlər ortaya çıxdı, qarşılıqlı ittihamlar səsləndirdilıər.
Keçmiş prezident hazırda 13 nəfərlə birlikdə ötənilki zorakılıqla bağlı bir neçə cinayət üzrə mühakimə olunur. Buraya qətl, hakimiyyət təmsilçilərini hədələmək, yaxud hücum etmək, girov götürmə, hakimiyyətin zorla ələ keçirilməsi daxildir.Atambayevin bir sıra müttəfiqləri korrupsiya ittihamları ilə həbs olunub.