Putin ABŞ-dan da danışdı -
"Tramp deyir "biz belə etməliyik", qubernatorlar deyir ki, "get, işinlə məşğul ol"
"Digər ölkələr hipersəsli silahlar yaradan zaman Rusiyanın hipersəsli silahlarla mübarizə aparan vasitəsinin olması ehtimalı yüksəkdir".
Bunu Rusiya Prezidenti Vladimri Putin “Moskva. Kreml.Putin” verilişinə müsahibəsində deyib.
V. Putin bildirib ki, hipersəsli silah olacaq: “Lakin düşünürəm ki, tərəfdaşlarımızda bu cür silah olanda böyük ehtimalla, bizdə bu silahlarla mübarizə vasitələri yaranacaq. Bununla biz tərəfdaşlarımızı xoş təəccübləndirə biləcəyik".
Rusiya Prezidenti qeyd edib ki, bu gün heç kəs hipersəsli raketləri vura bilmir: “Bizdə böyük ehtimalla hipersəsli silahlarla mübarizə vasitələri o zaman yaranacaq ki, həmin vaxt dünyanın aparıcı ölkələrində bu hipersəsli silahlar meydana çıxacaq".
V. Putin ilk dəfə ABŞ-dakı iğtişaşlara da münasibət bildirib. O, baş verənləri hansısa dərin daxili böhranların təzahürü adlandırıb.
Rusiya Prezidenti deyib ki, ABŞ-da və ya digər ölkələrdə baş verənləri çox səliqəli şərh etməyə və ya ən yaxşısı, şərh etməməyə çalışır: “ABŞ-da baş verənlər hansısa dərin daxili böhranların təzahürüdür. Əslində, biz bunu uzun müddətdir ki, müşahidə edirik. Hazırkı Prezident seçkilərdə demokratik yolla qalib gəldi, ancaq hakimiyyətə gəldiyi andan qanuniliyini şübhə altına almaq üçün məğlub tərəf ortaya hər cür uydurma məsələlər atdı".
Rusiya lideri ABŞ-da bəzi ştatların qubernatorlarının Donald Trampın əmrlərinə reaksiyasından da təəccübləndiyini vurğulayıb: "Demokratiya nədir? Xalqın gücüdür. Əgər xalq ali qurumları seçərsə, xalqın etimadını qazanan ali orqanlar icra orqanlarının işini ölkə əhalisinin böyük əksəriyyətinin maraqlarını təmin edəcək şəkildə qurmaq hüququna malikdirlər. Prezident deyir ki, "biz belə etməliyik", yerlərdə qubernatorlar isə deyirlər ki, "get, işinlə məşğul ol" .
Rusiya Prezidenti koronavirus pandemiyası məsələsinə də toxunub: "Biz müəyyən gecikmələr, problemlər və itkilərdən danışırıq, lakin olduqca ritmik işləyirik və koronavirusla bağlı vəziyyətdən minimal itkilərlə çıxırıq. Allah eləsin, bundan sonra da belə davam etsin".