Bağışlayın, Məzi məllim, gələ bilməyəcəm...
Mümkünsə seçki qutusunu taxtalıköyə-qəbristanlığa gətirin (Yumoreska)
Sərlövhəyə çıxarılmış sözləri bu gün parlament seçkilərində səsvermə üçün adına bildiriş göndərilib məntəqəyə çağırılan Nisə xanım yazıb.
Nisə xanım öncə onu heç cür unuda bilmədiyi, adamlar sırasında gördüyü və Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə səsverməyə dəvət etdiyinə görə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova minnətdarlıq edir, bu dəvətin yaratdığı sevinc hissindən riqqətə gəldiyini, hətta qəhərləndiyini yazır və təəssüf hissi ilə qeyd edir ki, bildirişdə yazılanlara əməl edə - səsvermə üçün seçki məntəqəsinə çağırılsa da nə özü gələ, nə şəxsiyyət vəsiqəsini, nə də onu əvəz edən sənədi götürə bilməyəcək. Və bunun həm çox obyektiv, həm də çox özəl nədənləri var. O da o ki... bu sənədlər illər əvvəl dövlət idarələri tərəfindən... onun özündən də yox, doğmalarından alınıb. Namədə vurğulanır: Əttövbə, yox, mən müxalifətçi-zad deyiləm ki, sənədlərim ölkədən çıxışımı əngəlləmək üçün alınsın, qətiyyən. Məzi məllim, kədərli də olsa demək zorundayam: inanın, mən sadəcə olaraq illər əvvəl... ölmüşəm və illər əvvəldən Yasamal qəbristanlığının sakiniyəm. Bax, taxtalıköyün bir vətəndaşı olaraq indi öz-özümə şübhə ilə sual edirəm: Əcəba, görəsən sizin o bildirşdə bizim taxtalıköyün məndən başqa nə qədər sakininin adı var? Mənim kimi nə qədər ölmüş adama “dəvətnamə” göndərmisiniz? Yeri gəlmişkən, bunu bir qırağa qoyub digər bir şübhəmi dilə gətirmək istərdim: Deyirəm görəsən mənim adım hər il miyonlar xərclənib ölkə əhalisinin siyahıyaalınmasını keçirənlərin də dəftərinə düşürmü?.. Axı mən sizin yaşadığınız həyatda yoxam!..
Daha sonra mərhumə Nisə xanım Məzahir müəllimə incikliyini izhar edir: Məzi məllim, dövlət hər il siyahıyaalmaya “n” qədər pul ayırır. O pul heç bir iş görmədən mənimsənilir, yeyilir. Olmazmı ki, o pulun müqabilində o səlahiyyətli, məsul məmurlar siyahıyaalmanı düzgün aparsınlar, ölünü diridən, taxtalıköyü noxtalıköydən ayırsınlar ki, bu gün də mən mərhuməni seçki məntəqəsinə çağırmaqla özlərini gülünc günə qoymasınlar?..
Həm də bir siz, bir mən, bir də Allah bilir ki, mənim kimi nə qədər mərhum və mərhuməni siyahıya salıb seçki məntəqəsinə çağırmaqla, bizim adımıza yazılan bülletenləri möhürlü qutulara doldurmaqla və bununla da saxtakarlıq etməklə nə qədər günaha batmış olursunuz... Hələ bu nədir ki... Siz heç düşünürsünüzmü ki, bizim, yəni mərhum və mərhumələrin adına yazılan bu bidirişləri doğmalarımızın ünvanına verməklə o doğmalara hansı hissləri yaşadırsınız? Etməyin, eləməyin Məzi məllim. Yazıq deyilmi o doğmalar ki, yaşadığınız fani dünyanın beş parası üçün onların qaysaq tutmuş yaralarını yenidən qanadırsınız... Sizin heç ölünüz-diriniz yoxdurmu? Unutmayın ki, bizim ruhumuzu cəlayi-vətən edib pərən-pərən salırsınızsa, dövranın gərdişi elə ola bilər ki, bir gün sizinkilər də eyni aqibəti yaşaya və onlar da ruhi-viran ola bilər...
Son olaraq mərhumə Nisə xanım Məzahir müəllimdən bir ricada bulunur: Məzi məllim, yazdıqlarıma rəğmən məni məzur görün, çağırışınıza, doktorların dili ilə desək, müsbət reaksiya verə bilməyəcəm. Yəni gəlib də saxtakarlığınıza şərik ola bilməyəcəm. Əgər lap çox istəyirsinizsə ki, məni reabilitasiya edib diri kimi təqdim edəsiniz, adımı siyahınıza salasınız, sizin təşkil etdiyiniz bu seçki-seçki tragikomediyasında iştirak edim, ağsaqqal adamsınız, sizi qırası deyiləm, seçki qutusunu taxtalıköyə-qəbristanlığa gətirin, onsuz da mənə isti-soyuğu olmayacaq, kimə desəniz səs verərəm... Sığındığım köşəni Globall.az-dan soruşsanız, ünvanımı sizə göstərər.
Sayğılarımla, mərhumə Həsənova Nisə İmaməli qızı. Bir bəni-adəm övladının haqqına girməmək naminə yaxın günlərdə görüşənədək.
P.S. Yazı 15 saylı Yasamal seçki dairəsinin ərazisndə yaşayıb illər öncə vəfat etmiş mərhumə Nisə xanıma Milli Məclisə seçkilər üçün göndərilmiş bildiriş əsasında hazırlanmışdır.
Dürdanə CƏLAL,
Globall.az