“Biz nə etməliyik” sualı hər yerdə eşidiləcək –
Evinizin icbari sığortası gəlir
Yeni ildən evlərin icbari sığortası ilə bağlı yeni qanun qüvvəyə minəcək. Bu səbəbdən də vətəndaşların bu istiqamətdə məlumatlandırılması vacib məsələdir.
Sığorta eksperti bildirib ki, "İcbari sığortalar haqqında" qanun 2011-ci ildən qüvvədədir və bununla bağlı müvafiq proseslər gedir: "Amma vətəndaşlara, yəni fiziki şəxslərə münasibətdə dövlət yumşaq siyasət yeridib, cərimələr ilə bağlı sərt addımlar atmayıb. İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə əsasən, icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat cərimə edilir. Hər 20 gündən bir bu cərimələrin yenilənməsi nəzərdə tutulur. Məsələn, əgər fiziki şəxs 30 manat cərimələnibsə, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Əgər müqavilə bağlamırsa, ona təkrar cərimə tətbiq edilir. Bu da il ərzində 360 manata kimi məbləğ edir. Hüquqi şəxslərdə isə bu cərimələr daha çoxdur".
O qeyd edib ki, digər tərəfdən, ilin əvvəlindən daşınmaz əmlakın icbari sığortası ilə bağlı proses başlayıb: "Hadisələrin (məsələn, yanğınların olması) baş verməsi nəticəsində daşınmaz əmlakın icbari sığortası gündəmə gəldi. Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli sərəncamı ilə "Sığorta sektorunun inkişafına dair 2019–2021-ci illər üçün Tədbirlər Planı" təsdiq edildi. Sənəddə qeyd olundu ki, artıq məsələyə daha ciddi şəkildə yanaşılsın. Bu istiqamətdə 2020-ci il yanvarın 1-dən daha ciddi addımlar atılacaq".
O bildirib ki, daşınmaz əmlakın sığortalanmasında standart qiymətlər müəyyən edilib - 50, 40 və 30 manat: "Bakı şəhərində mənzilin birinin sığortalanması illik 50 manatdır, böyük şəhərlərdə illik 40 manat, rayonlarda isə illik 30 manatdır. Məcbur etmə tədbiri və cərimə tətbiq etmə mexanizmi "kupça"sı olanlara aiddir. Yeni tikilən binalarda vətəndaşlar bu sığorta növünü könüllü şəkildə ala bilərlər. Amma bu sığorta növünü almasalar da onunla bağlı cərimə gəlməyəcək. Çünki "kupça"sı olmayan yaşayış binalarında yəqin ki, cərimənin tətbiqi mümkün deyil. Sənədsiz evlər ilə bağlı da qanunda müvafiq norma nəzərdə tutulmayıb".
Onu da bildirək ki, "İcbari sığortalar haqqında" qanuna görə, yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir./Sputnik Azərbaycan