Suriyada Türkiyə ordusuna hava zərbələri:
həlak olanların sayı 33-ə çatdı
Dünən fevralın 27-də axşam Suriyanın şimalında Türkiyə ordusunun hərbi konvoyuna endirilən güclü hava zərbələri nəticəsində həlak olanların sayı 33-ə çatıb, daha 32 hərbçi isə yaralıdır. Globall.az yerli KİV-lərə istinadla bildirir ki, bu rəqəmləri yaralıların və həlak olanların daşındığı Hatay vilayətinin valisi Rahmi Doğan jurnalistlərə açıqlayıb.
Türkiyə tərəfi hava zərbələrinin Bəşər Əsəd rejimi, yaxud Rusiya tərəfindən endirildiyini dəqiqləşdirmir. Lakin xarici mənbələr hava zərbələrini Rusiya Hava Kosmik Qüvvələrinin endirdiyini bildirir. Bu, Türkiyə ordusunun Suriyada verdiyi ən ağır itkidir. Hava zərbələrindən sonra Türkiyənin dəstəklədiyi müxaliflər strateji əhəmiyyətli Serakib qəsəbəsindən geri çəkiliblər. Həmin qəsəbəni yaraqlılar dünən tutmuşdular.
Hava zərbələri nəticəsində Türkiyə ordusunun 16 zirehli transportyor, tank və nəqliyyat vasitəsinin də sıradan çıxarıldığı bildirilir.
***
Suriya ordusunun hücumu nəticəsində ağır yaralanmış türk əsgərlərindən 7-si dünyasını dəyişib.
Globall.az Türkiyə mediasına istinadla bildirir ki, bunu bir az əvvəl Hatay vilayətinin valisi Rəhmi Doğan deyib.
Beləliklə, həlak olanların sayı 29-a çatıb.
***01.58
Suriyanın İdlib vilayətində Bəşər Əsəd qüvvələri tərəfindən endirilən hava zərbələri nəticəsində həlak olan Türkiyə hərbçilərinin sayı 22 nəfərə çatıb.
Globall.az yerli KİV-ə istinadən bildirir ki, bunu Hatay valisi Rəhmi Doğan deyib.
Onun sözlərinə görə, yaralı hərbçilərin müalicəsi davam edir.
Qeyd edək ki, bu arada Anadolu agentliyi İdlibdən gələn xəbərlər fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
Müdafiə naziri Hulusi Akar, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidanın iştirakı ilə təcili toplantı keçirdiyi barədə məlumat yayıb.
***01.24
"Türkiyə Silahlı Qüvvələrinin üzvləri İdlibdə Suriya ordusu tərəfindən hücuma məruz qalıblar. Hücum nəticəsində 9 türk əsgəri şəhid olub”.
Globall.az yerli KİV-ə istinadən bildirir ki, bunu Hatay valisi Rəhmi Doğan deyib.
Onun sözlərinə görə, türk əsgərləri rejim qüvvələrinin hava hücumu nəticəsində şəhid olublar.
Ağır yaralıların olduğu və onların Cilvegözü sərhəd məntəqəsindən gətirilərək Türkiyədə xəstəxanaya yerləşdirildiyi bildirilir.