Ruhani Ərdoğana zəng edib –
Videokonfrans razılaşması
İran prezidenti Həsən Ruhaninin təşəbbüsü ilə İran və Türkiyə rəhbərləri arasında telefon danışığı olub.
“YJC”-yə istinadla xəbər verir ki, Həsən Ruhani prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək müqəddəs Ramazan ayı münasibətilə Türkiyə hökumətini və xalqını təbrik edib.
Koronavirus pandemiyasının bütün dövlətlər və hökumətlər üçün bir çox çətinliklər yaratdığını söyləyən İran prezidenti bildirib: “İran və Türkiyə çətin dövrlərdə həmişə birlikdə olduqlarını sübut ediblər və bu gün həmin əməkdaşlığı daha da genişləndirməliyik”.
Həsən Ruhani rəsmi şəxslərin bu mövzuda təcrübələrini bölüşdürmələrinin zəruriliyini vurğulayıb. İran prezidenti sanitariya qaydalarına tam riayət etməklə, iki ölkə arasında ticarət əlaqələrinin davam etdirilməsini, habelə İranla Türkiyə arasında ticari-iqtisadi əməkdaşlıq səviyyəsinin yüksəldilməsində iki ölkə rəsmiləri arasında qarşılıqlı əlaqələrin artırılmasının vacibliyini qabardıb.
Prezident Astana prosesi çərçivəsində İran, Türkiyə və Rusiya liderləri arasında məsləhətləşmələrin davam etdirilməsinin zəruruliyini vəzifədaşının nəzərinə çatdırıb: “Hamımız Suriya və bölgə xalqlarının sabitliyi üçün çalışmalıyıq”.
Ruhani, həmçinin Türkiyə prezidentinin Astana prosesi çərçivəsində İran, Türkiyə və Rusiya sammitinin və İran və Türkiyə arasında Ali Əməkdaşlıq Şurasının iclasının video konfrans vasitəsilə keçirilməsi təklifini müsbət qarşılayıb.
Telefon söhbəti zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan pandemiyanın yayılmasına qarşı aparılan mübarizə dövründə yaranmış bir çox problemə baxmayaraq, hər iki ölkə rəsmilərinin birlikdə işləmələrini lazım olduğunu söyləyib.
Ərdoğan deyib: “Biz həmişə ABŞ-ın İrana qarşı sərt sanksiyalarına qarşı olmuşuq və ümid edirik ki, beynəlxalq birlik bu vəziyyətə müqavimət göstərəcək. İran və Türkiyə iki dost və qardaş ölkə kimi də bu çətin günləri birgə keçir və birlikdə işləyirlər”.