Daha 15 ölkədə naməlum hepatit AŞKARLANDI
Avropa İttifaqının 15 ölkəsində naməlum mənşəli kəskin hepatitə rast gəlinib.
Globall.az xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Onların Profilaktikası üzrə Avropa Mərkəzi məlumat yayıb.
Mayın 5-nə olan məlumata əsasən, Avropa İttifaqının 15 ölkəsində 16 yaşdan aşağı insanlar arasında naməlum mənşəli kəskin hepatitə 95 yoluxma halı müəyyən edilib.
Ən çox yoluxma halları İtaliya və İspaniyada (35 və 22 nəfər) qeydə alınıb. Niderland və Danimarkanın hər birində altı nəfər, İrlandiyada beş nəfər hepatitə yoluxub. Portuqaliya və Rumıniyada dörd, Belçikada üç, Avstriya, Kipr, Fransa və Norveçdə iki, Almaniya, Polşa və Sloveniyada bir yoluxma halı aşkarlanıb.
Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı dünyanın 20 ölkəsində naməlum mənşəli kəskin hepatitə azı 230 nəfərin yoluxduğu barədə açıqlama vermişdi. (modern.az)