Şok iddia: "Yalan danışırsan, Stalinin Hitlerə verdiyi sərvət…" –
Baş nazirdən Putinə
Polşanın Baş naziri Mateuş Moravetski Rusiya Prezidenti Vladimir Putinin ölkəsi haqqında dəfələrlə yalan danışdığını, həmişə bunu qəsdən etdiyini söyləyib.
Globall.az xəbər verir ki, bu fikirlər Polşa hökuməti başçısının rəsmi saytında dərc olunan bir açıqlamasında yer alıb.
Baş nazirin açıqlamasında qeyd edilib ki, Rusiya tərəfinin yalanları, əsasən Kremlin öz fəaliyyətləri ilə əlaqədar beynəlxalq təzyiqlərlə üz-üzə qaldığı hallara təsadüf edir.
Moravetski Rusiya prezidentinə Polşanın nasist Almaniyasının təcavüzünə ilk uğrayan və Avropanın müdafiəsi üçün mübarizə aparan ilk ölkə olduğunu xatırladıb. Bundan əlavə, baş nazir iddia edib ki, o vaxtkı SSRİ lideri İosif Stalin Polşanın bölünməsində iştirak edib, habelə Adolf Hitler dünya müharibəsinə Stalinin ona verdiyi sərvətlərlə başlayıb:
“Hitler Stalinin sayəsində yeni ölkələri fəth etməyə, yəhudiləri gettoya göndərməyə başladı.
Mateuş Moravetskinin bu fikirləri Vladimir Putinin dekabrın 19-da keçirdiyi mətbuat konfransında söylədiyi sözlərlə əlaqəlidir. Rusiya dövlətinin başçısı Polşanın Çexoslovakiyanın bölünməsində iştirak etdiyini, Polşa hökumətinin öz silahlı qüvvələrinə və ölkədə baş verənlərə nəzarəti itirdikdən sonra Sovet ordusunun Polşaya daxil olduğunu söyləyib.
Daha sonra Putin Polşanın Nasist Almaniyasındakı səfiri İosif Lipşkin barəsində onun Hitlerin yəhudilərin Afrikaya köçürülməsi fikrini dəstəklədiyi üçün təhqiramiz ifadələr işlədib: “Yaramaz, antisemitizm donuzu – onun haqda başqa cür danışmaq mümkün deyil”.
Putinin açıqlamasından sonra Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağrılıb. Səfiri qəbul edən Polşa xarici işlər nazirinin müavini Marçin Pşidaç Rusiya prezidentini tarixi saxtalaşdırmaqda ittiham edərək, səsləndirdiyi fikirlərə etiraz edib.