Cəlilabadda seçki saxtakarlığına göstəriş verildi-Video
69 saylı Seçki Dairəsində seçkiyə İcra hakimiyyətinin qanunsuz müdaxiləsi baş verir. Cəlilabad rayonunun Göytəpə şəhərində polis bölməsinin yaxınlığındakı keçmiş Yol İdarəsinin binasında keçirilən toplantıda seçki məntəqələrinin üzvlərinə və sədrlərinə, Şəhər icra nümayəndəliyinin rəhbərliyinə seçkilərdə deputat-namizəd Fəzail İbrahimlinin xeyrinə saxtakarlıq edilməsinə dair göstərişlər verilib. İclas Cəlilabad rayon icra hakimiyyəti başçısının müavini Elnarə Həsənova tərəfindən aparılıb. Bildirilib ki, "karusel" əməliyyatında birbaşa yol idarəsinin əməkdaşları fəal iştirak etməlidir. Onlar qrup şəkilində bütün məntəqələrdə F.İbrahimlinin xeyrinə səs verməlidir. İclasda Göytəpə şəhər ərazi nümayəndəsi Sabir Hüseynov, onun müavini Fuad Əzizov və digər icra nümayəndələri də iştirak ediblər. O Fəzail brahimli ki, təşviqat dövründə seçicilərlə cəmi 4 kənddə görüş keçirib. Həmin görüşlər İcra hakimiyyəti nümayəndələri tərəfindən təşkil edilsə də, ora dəvət olunan seçicilər F.İbrahimliyə öz kəskin etirazlarını bildirməkdən çəkinməyiblər. Xatırlayırsınızsa, bir neçə gün əvvəl bununla bağlı videogörünülər yayılmışdı. Əhali tərəfindən etirazla qarşılanan deputat namizəd görüşlərini dayandırmaq məcburiyyətində qalıb. F.İbrahimli əslən Yardımlıdandır. Lakin 15 ildir ki, 69 saylı Cəlilabad, Masallı, Biləsuvar seçki dairəsindən deputatdır. Bu dövr ərzində seçicilər onun üzünü yalnız seçkidən seçkiyə görüb. Ona görə də hamı ondan narazıdır. Göytəpə şəhərindəki bir neçə tərəfdaşı onun Prezidentin köməkçisi Kərəm Həsənovla yaxın münasibətləri və biznes əlaqələrini iddia edirlər. 69 saylı Seçki Dairəsinin seçicilərilə axırıncı dəfə 4 il bundan əvvəl-2015-ci ildə keçirilən parlament seçkilərindəki görüşündə "Siz mənə səs versəniz də mən olacam, verməsəniz də" deyərək onların patoloji nifrətini qazanan və heç zaman onları saya salıb görüşməyən, hətta aprel döyüşlərində şəhid olan Kazımabad kənd sakininin dəfn mərasiminə qatılmadığı üçün ərazidə mənfi mənada məşhurlaşan F.ibrahimlinin yenidən deputat olması üçün İcra hakimiyyəti nümayəndələrinin canfəşanlığı dövlət başçısının seçkilərlə bağlı mövqeyinə daban-dabana ziddir və kobud qanun pozuntusudur. Bu gün dairənin ərazisində olan hər bir seçici ölkəmizdə aparılan islahatlara böyük ümidlə yanaşdığı halda, F.İbrahimlinin xeyrinə icra məmurları və seçki komissiyalarına tapşırıqlar verilməsi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara zərbədir. Ölkə başçısının islahat siyasətindən bəhrələnib seçkiyə qatılan digər namizədlər dairənin bütün ərazisində seçicilərlə hər gün görüşlər keçirdiyi halda və bu görüşlərdə seçicilərin F.İbrahimliyə fəaliyyətsizliyi üçün böyük nifrət etməyinin birmənalı təsdiqləndiyinə baxmayaraq, İcra məmurlarının hərəkəti həm bölgədə süni gərginliyin yaranmasına, həm də seçicilərə və digər namizədlərə açıq hörmətsizlikdir. VHP-nin yaydığı məlumatlardan da F.İbrahimlinin cəmi 4 təşkil edilmiş görüşü barədə (Göytəpə, Privolnoye, Komanlı və Xırmandalı kəndlərində) məlumata rast gəlmək olur. Cəmi 15 dəqiqəlik görüşdə İbrahimli qısa çıxış edib şəkil çəkdirməklə işini bitmiş hesab edib. Özü də bu görüşlərə məktəbdən müəllimlər zorla gətirilib. 40 minədək seçicinin olduğu dairə üzrə cəmi 3 kənddə görüş keçirən F.İbrahimlini qutudan necə çıxaracaqları, böyük maraq və sual doğurur. Dairədə qeydə alınmış namizədlərin çıxışlarında da qeyd olunur ki, F.İbrahimli tarixçi alim olsa da, deputat kimi son 4 ildə parlamentə cəmi 2-3 dəfə danışıb. Bu adam nə iqtidar, nə də müxalifətdir. Hökumət nümayəndələrinin yanında özünü onlara yaxın kimi göstərdiyi halda, müxalif şəxslərə özünü "ədalətli" adam kimi göstərməyə çalışır.
https://www.youtube.com/watch?v=awLCPkwSdkQ&feature=youtu.be