22 ildən sonra əfv olunan Şəmsi Səmədzadə kimdir? - VİDEO
Xəbər verdiyimiz kimi, ömürlük həbs cəzasına məhkum olunmuş keçmiş sahibkar Şəmsi Səmədzadə əfv edilib. Prezident İlham Əliyevin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamda onun da adı yer alıb.
Globall.az xəbər verir ki, 22 ildən sonra azadlığa qovuşacaq Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış iş adamı olub. O, məşhur nəslin nümayəndəsi, Səmənd ağanın nəvəsidir.
1992-ci ildə baş vermiş cinayət hadisəsində ittiham olunaraq ömürlük həbsə məhkum edilmiş iş adamı uzun illər şərab zavoduna rəhbərlik edib. Hələ də detalları ictimaiyyətə məlum olmayan hadisədən 8 il sonra istintaqa cəld edilən Ş.Səmədzadə 10 il anasının onu həbsxana divarları arasında görməsinə icazə verməyib.
"Təəssüflər olsun ki, lazım olmayan zaman, lazım olmayan yerdə olduğum üçün həbs edildim. 1992-ci ildə bir məclisdə oldum, orada hadisə baş verdi. 2000-ci ilədək o məclisdə iştirak edənlər cəza aldı. Şərab zavoduna rəhbərlik etsəm də, heç vaxt nə şərab içmişəm, nə siqaret çəkmişəm. 10, 12 il anama, bacıma və digərlərinə icazə vermədim həbsxanaya mənim yanıma gəlsinlər. Ancaq son illər anam yaşlı olduğu üçün gəlib, görüşmüşük" - Ş. Səmədzadə bu sözləri 3 il öncə "Rezonans" proqramına müsahibəsində deyib.
Məhkəmə zalında ömürlük həbs olunması barədə hökmə inana bilməyən zavod rəhbərinin ən böyük arzusu azadlıqda anasına qovuşmaq olub:
"Mənə ömürlük həbs cəzası veriləndən 7, 8 il sonra belə cəza aldığıma inana bilmədim. Heç kəsdən küsgünlüyüm yoxdur. Yeganə qırğınlığım özümədir. 17 il həbsdə yaşamaqdansa kaş, 17 dəqiqə azadlıqda başımı anamın dizinə qoyaydım". (modern.az)