Mingəçevirdə ahıl kişi bataqlıqdan belə xilas edildi
- VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhərinin “Daş Karxanası yolu” deyilən ərazisində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub. FHN-dən Globall.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin xilasediciləri çağırış üzrə əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1939-cu il təvəllüdlü T.Kərimov bataqlıq ərazidə ilişib qalaraq həyati təhlükəli vəziyyətə düşüb. Yanğınsöndürən-xilasedicilər tərəfindən görülmüş operativ tədbirlər nəticəsində vətəndaş bataqlıqdan çıxarılaraq xilas edilib və aidiyyəti üzrə təcili tibbi yardım briqadasına təhvil verilib.