"Qazaxıstandan 18 min qoyunu Azərbaycana sahibkar gətirib, Qurban bayramına görə…”
Xəbər verildiyi kimi Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi iribuynuzlu mal-qara və qoyun ixracını dayandırıb. Nazirlik bu qərarı ötən il iribuynuzlu mal-qara və xırdabuynuzluların ixracının kəskin artması, nəticədə ölkədə ət və ət məhsullarının bahalaşması ilə əsaslandırıb. Bildirilib ki, ötən il 156 min iribuynuzlu heyvan satılıb. Habelə Qazaxıstandan 264 min baş qoyun ixrac edilib ki, onlardan da yarıdan çoxu ana qoyunlardır. Qoyunların əsas alıcısı Özbəkistan olub. Qonşu ölkəyə 200 mindən çox qoyun göndərilib. Rusiya Qazaxıstandan 21.5 min, Azərbaycan 18 min, İran isə 12 minə yaxın qoyun alıb.
Virtualaz.org Qazaxıstanda bahalaşma və ixracın dayandırılması qərarının Azərbaycan bazarına təsirini araşdırıb. Bəlli olub ki, Azərbaycan Qazaxıstandan yalnız Qurban bayramı ərəfəsində diri heyvan alıb. Əslində Qazaxıstan ölkəmizdə ət bazarının formalaşmasında iştirak etmir. Bununla belə, Azərbaycan ətə olan illik təlabatı yerli istehsal hesabına ödəyə bilmir. Ötən il ölkəyə 79,4 milyon dollar dəyərində 51,5 min ton ət idxal edilib. 2018-ci ildə isə 70 milyon dollarlıq 47,4 min ton ət idxal edilmişdi. Amma bununla yanaşı istehsalda da artım var. Belə ki, ötən il diri çəkidə ət istehsalı 573,3 min ton olub, bu isə əvvəlki ilin göstəricisindən 3 faiz artıqdır.
Qazaxıstandan sahibkar qoyun gətirib...
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə virtualaz.org-a bildirib ki, Azərbaycan əsasən Rusiya və Gürcüstandan diri qoyun alır. Qazaxıstanla bu sahədə əməkdaşlıq ənənəvi deyil. “Ötən il Qurban bayramı ərəfəsi sahibkarlar tərəfindən Qazaxıstandan qoyun gətirilib. Qazaxıstanın ixracı dayandırması, yaxud o ölkədə ətin bahalaşması Azərbaycanın qırmızı ət bazarına təsiri olmayacaq”,-F. Fikrətzadə belə deyib.
Mərkəz rəhbəri rəsmi göstəricilərdə idxalın çəkisinin artmasına da aydınlıq gətirib. F.Fikrətzadənin sözlərinə görə, idxal olunan ət emal sənayesində, həmçinin turizm qida sənayesində istifadə edilir. Belə ki, Azərbaycana idxal olunan ət xüsusi sənaye təyinatlıdır, emal sənayesi və turizm qida sənayesi üçün nəzərdə tutulub.
“Əsasən quş əti idxalı artıb. Çünki broyler sənayesində geriləmə müşahidə edilir, istehsal azalıb. Quş əti idxalı ümumi ət idxalının nəticələrinə təsir edib. Amma düşünürəm ki, quşçuluq sahəsində geriləmə müvəqqəti haldır. Quş ətinin qiymətinə yemin bahalaşması birbaşa təsir göstərir”,-o deyib.
Nazirlik rəsmisi bu ilin yanvarın 1-dən heyvan və quş yemlərinin satışının 4 il müddətində əlavə dəyər vergisindən (ƏDV ) azad edildiyini xatırladıb. Bildirib ki, buna görə də ətin qiymətində artım olmayacaq.
“Qırmızı ət bazarında gərginlik var”
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirlinin sözlərinə görə isə, bir neçə ölkə meyvə-tərəvəzdən sonra qırmızı ətin ixracına da məhdudiyyətlər tətbiq edir. Çünki hazırda dünyada qırmızı ət bazarında gərginlik var. “Dünyada qırmızı ət bazarında böyük bir gərginlik var. Bir neçə ölkə daxili bazarını qorumaq, ət isteklakında vəziyyəti norma daxilində saxlamaq məqsədilə məhdudiyyətlər tətbiq edir. Ancaq bu məhdudiyyətlər Azərbaycanın daxili bazarında ətin qiymətinə ciddi təsir göstərməyəcək”.
Azərbaycanbda hazırda 7 milyon xırdabuynuzlu, 2 milyon 800 min-3 milyon arası iriburnuzlu heyvan var. Ölkədə bir nəfərin qırmızı ətə illik təlabatı 35-40 kiloqrama qədərdir, rəsmi rəqəmlərə görə isə, qırmızı ət istehlakı norma daxilində hesab edilir. Bəs mövsümü qiymət artımının səbəbi nədir?
“Birbaşa yemlə bağlıdır…”
Nəsirlinin sözlərinə görə, ət bazarında mövsümü qiymət dəyişiklikləri birbaşa yemlə bağlıdır. Çünki yem xərclərin maya dəyərinin 70 faizi civarındadır. Ölkədə 3 milyon tona yaxın yem istehsal edilir, təxminən o qədər də xaricdən yem alınır. “Yəni həm quşçuluq, həm də xırdabuynuzlu və iribuynuzlu heyvanlar üçün yem və yem əlavələri xaricdən alınır. Payız-qış ayları ətin qiymətində artımlar müşahidə olunur, yayda qiymət stabilləşir”,-ekspert əlavə edib.
Dünyada baş verən qlobal istiləşmə Azərbaycandan da yan keçməyib, son illər otlaq sahələri sıradan çıxır. İillər boyu davamlı olaraq otarıldığına görə bitki örtüyünün keyfiyyəti kəskin pisləşib. Nəsirli qeyd edib ki, Azərbaycanda əsas yem vahidi olaraq yonca götürülür. Halbuki dünyada yonca ilə yemlənmə mərhələsi geridə qalıb. Dünyada yem bitkisi olaraq yoncadan daha əlverişli, daha məhsuldar olması ilə seçilən çoxsaylı bitkilər əkilir. Üstəlik heyvandaqlıq üçün əhəmiyyətli bitkilərin əkini üçün ölkəmizdə şərait var.
Qeyd edək ki, “2019-2025 ci illərdə heyvandarlığın inkişafına dair” Dövlət Proqramı mövcuddur. Həmin proqramda yemlə bağlı kompleks tədbirlərin həyata keçirilməsi də əksini tapıb. Kənd Təsərrüfatı Nazirliyi isə artıq bu istiqamətdə tədbirlərə başlandığını açıqlayıb. Hələlik isə Azərbaycan diri heyvan və ət idxal edəcək.
Ü.Xudiyeva