“İkinci çörək” də xaricdən gəlir:
Bahalaşma TƏHLÜKƏSİ
Rəsmi məlumatlara görə, 2019-cu ildə Azərbaycanın kartof idxalı 26,7% artırıb, ixracı isə 7,2% azalıb, 61 min 785 ton kartof ixracının dəyəri 26 milyon 852 min dollar (azalma 9,4%) olub. İxracın əsas həcmi Rusiyanın payına düşüb. Ötən il bu ölkəyə 25,1 milyon dollar dəyərində (azalma 13,1%) 55 min 843 ton kartof (azalma 13,3%) ixrac edilib. Bu da ümumilkdə kartof ixracının 90,4%-ini təşkil edib.
Hesabat dövründə Azərbaycana 51 milyon 815 min dollar dəyərində 193 min 16 ton kartof idxal edilib. Bu da dəyər ifadəsində 34% artım deməkdir. Azərbaycana kartofun əsas tədarükçüləri Rusiya, İran və Pakistan olub. Rusiya 124 min 443 ton (33 milyon 660 min dollar), İran 54 min 197 ton (13 milyon 217 min dollar), Pakistan isə 8 min 352 ton (2,5 milyon dollar) kartof tədarük edib.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycan 29 milyon 627 min dollar dəyərində 66 min 563 ton kartof ixrac etmişdi.
Ölkədə kartofa olan tələbatın yerli istehsal sayəsində ödənilməsi niyə mümkün olmur və idxaldan asılılıq ilbəil artır?
“Altay” Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Cümhuriyət” qəzetinə açıqlamasında kartof istehsalının səviyyəsinin aşağı olmasını bir sıra səbəblərlə əlaqələndirib:
“Hazırda bazarda da yerli məhsula çox az rast gəlinir. Bəzi fermerlərin kartof əkinindən imtina etməsinə su çatışmazlığı səbəb olub. Məsələn, kartofçuluqda məşhur olan Tovuz rayonunda belə bir problem var. Digər problem isə başqa kənd təsərrüfatı məhsullarında da olduğu kimi, fermerlərin bazara çıxışının olmamasıdır. Bu problemlərə görə əkin yerləri boş qalır. Hesab edirəm ki, Azərbaycanın geniş potensialı olduğu üçün kartof idxalından asılılıq yaxşı hal deyil. Çünki bu sahədə istehsalı genişləndirməklə nəinki yerli tələbatın ödənilməsi, eləcə də ixracı artırmaq olar”.
İqtisadçı deyir ki, aqrar sektora dövlət səviyyəsində böyük vəsaitlərin ayrılmasına baxmayaraq, bu effektiv olmur:
“Hər il idxalın səviyyəsi artır, ölkənin ixracatının əsas hissəsini isə yalnız neft məhsulları tutur. Xaricdən gələn ən ucuz kartof 1 manat civarındadır. Amma Azərbaycan bazarında kartofun maksimal qiyməti 40-50 qəpik olmalıdır. Çünki yerlərdə kartofu 20-25 qəpikdən alırlar. Fermerə şərait yaradılarsa, o, öz məhsulunu 50 qəpikdən satar ki, bu da həm onun özü, həm də istehlakçılar üçün əlverişli olar. Kənd Təsərrüfatı Nazirliyinin apardığı siyasətin məramı bəlli deyil. Əgər su çatışmazlığı varsa, kanallar, artezianlar çəkilməli, fermerlərin bazara çıxışı təmin edilməlidir. Bütün çatışmazlıqları Nazirliyin fəaliyyəti ilə əlaqələndirirəm. Fermerlərə heç bir şərait yaradılmır, ixrac və idxala maneçilik törədilir. Simvolik yarmarkalar yaradılır ki, onlarda qiymətlər bazardan daha baha olur. Elə bir şərait yaradırlar ki, yarmarkalarda da alverçilər yer alır. Kəndli öz məhsulunu harda və necə satmalıdır? Bu cür davam edərsə, vəziyyət ilbə-il pisləşəcək, bahalaşma davam edəcək”.
Elçin Bayramlı deyir ki, Azərbaycanın dünya bazarına daxil olması üçün neft və qaz məhsullarından sonra ikinci potensiallı sahə kənd təsərrüfatı məhsullarıdır:
“Sənayedə, tekstildə, texnologiyada və digər sahələrdə rəqabət güclüdür. Aqrar sahədə də bunu edə bilməsək, ölkəmiz riskli bir vəziyyətdə düşə bilər. Neft qiyməti kəskin aşağı düşsə və ya istehsal azalsa, ciddi problemlər yarana, inflyasiya səviyyəsi arta, milli valyutanın dəyəri düşə bilər”.
Koronavirus epidemiyasının yayılması ilə bağlı İranla əlaqələrin məhdudlaşdırılması bazar qiymətlərinə necə təsir edə bilər?
İqtisadçı deyir ki, Azərbaycanın kartof idxalçıların arasında İran da olduğuna görə, kartof bahalaşa bilər:
“Bu təsiri azaltmaq üçün Rusiyadan, Gürcüstandan, Ukraynadan, Belarusdan kartof idxal edənlərə müəyyən güzəştlər tətbiq edilə bilər ki, qiymət artımı baş verməsin”.