Sabiq nazir: “Sərhədlərin bağlı qalması qıtlığa səbəb ola bilər”
Pandemiyadan sonra dünya bazarında bir çox məhsulların - həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının qiymətində kəskin artım müşahidə edilir. Hazırda qiymət artımına səbəb olan əsas faktorlardan biri Rusiyanın Ukraynada apardığı işğalçı müharibədir.
Bunu modern.az-a açıqlamasında sabiq maliyyə naziri Fikrət Yusifov bildirib.
Onun sözlərinə görə, Ukrayna müharibəsi və Qərbin sanksiyaları fonunda yaranan böhran Azərbaycandan da yan keçməyəcək:
"Müharibə səbəbindən Ukrayna taxıl əkinini başa çatdıra bilməyib və hazır olan taxıl məhsulunu dünya bazarına çıxara bilmir. Eyni zamanda Rusiyanın Qərbin sanksiyalarına cavab olaraq taxılını rezervasiya edib, anbarlarda saxlaması taxıl qıtlığına səbəb olan əsas faktordur. Məlumdur ki, taxılla bağlı bir çox məhsullar var. İndi müəyyən qədər ehtiyyatlardan istifadə olunur, ancaq payıza doğru Rusiyanın bu addımı çox ciddi qıtlığa səbəb olacaq. Qıtlıq Azərbaycana da təsir edəcək”.
Sabiq nazirin fikrincə, Azərbaycanda bahalaşmaya bir çox amillər səbəb olur:
“Bizdə ciddi monopoliya var. Təbii olaraq dünya bazarında baş verənlərin təsiri görünür. Ancaq monopolistlərin diqtəsi altında qiymətlərin sürətlə artması anormal haldır. Monopoliya haqqında dəfələrlə danışılıb və yazılıb. Bununla bağlı qanun qəbul olunmalıdır. Azərbaycan meyvə-tərəvəz ölkəsidir. Bu gün meyvənin bol olduğu bir vaxtda Azərbaycan bazarlarında meyvənin qiyməti od tutub yanır. Bunu topdansatışı və tədarükü həyata keçirən monopolistlər edir. Bazarda istənilən satıcını dindirirsən ki, gilasın qiyməti niyə 7 manatdır. Deyir ki, özüm 6 manatdan alıram. Bu minvalla marketlərdə də başqa məhsulların satışında biabırçı vəziyyət yaranıb. Vaxtı keçmiş, keyfiyyətsiz malları satırlar. Qiymətlər yüksəkdir, malların üstündə qiymət yazılmır. Dünən marketdə 20 dəqiqə aydınlaşdırma aparmışıq ki, malın qiyməti neçəyədir. Axırda baş menecer gəlib çətinliklə müəyyənləşdirib ki, qiyməti nə qədərdir. Belə biabırçılıqla hər gün üzləşirik. Bütün bunlar sui-istifadə hallarıdır və insanların narazılığına səbəb olur. Bu cür halların qarşısını almaq lazımdır".
Eks-nazir quru sərhədlərinin açılması məsələsinə toxunaraq, bunun vacib olduğunu sözlərinə əlavə edib:
"Quru sərhədləri niyə açılmır? Axı, vətəndaşlar, xüsusilə də, sərhəddə yaşayanlar gedib Gürcüstandan, İrandan, Rusiyadan özləri üçün 1 həftəlik-10 günlük ərzaq məhsulları alıb gətirirdilər. Artıq pandemiya bitib. Pandemiya bizdən əl çəkib, ancaq biz pandemiyadan əl çəkmirik. Dünyanın hər yerində sərhədlər açılıb, ancaq biz hələ də gözləyirik”.
Bundan əlavə, Fikrət Yusifov monopoliyanın qarşısını almaq üçün təkliflər irəli sürüb:
“Monopoliya ilə bağlı qanun qəbul olunmalıdır. Yəni istənilən şəxs istənilən məhsulu sərbəst şəkildə Azərbaycana gətirə bilməlidir. İnsanların xaricdən gələndə özü ilə nə qədər məhsul gətirə bilməsi ilə bağlı limit artırılmalıdır. Biz bunu deyəndə Avropadan nümunə gətirirlər. Ancaq bu ölkələrdə bizimlə müqayisədə həyat tərzi başqadır. Bu həyat tərzi bizdəki ilə bir tərəziyə qoyulası deyil. Belə müqayisələr aparmaq ağılsızlıqdır”.
“Hazırda bizim iqtisadiyyatımızda da problem var. 2014-cü illə müqayisədə investisiya qoyuluşu 3 dəfəyə qədər azalıb. Belə şəraitdə sərbəstlik yaradılmalıdır. Qoy, vətəndaş 800 yox, 8000 dollarlıq məhsul gətirsin. Bu bolluq yaradacaq. Bu gün biz özümüz istehsal edə bilmiriksə, istehsal edənə qədər kənardan gələnlərə də dəstək olmalıyıq. O zaman bolluq olar, qiymətlər dəfələrlə aşağı düşər. Lakin quru yolunu bağlı saxlamaq qıtlığa səbəb ola bilər. Monopolistlərin daha münbit formada diqtəsinə gətirib çıxarar. Bu da insanların narazılığını artıracaq. İnsanların narazılığına səbəb olan halların kökü kəsilməlidir. Narazılıq yaradanlar bizneslə məşğul olan məmur tayfasıdır”, - deyə keçmiş nazir qiymət artımının səbəblərinə aydınlıq gətirib.