"Tofiq bəyin meyitinin yandırılması söhbəti yalandır" -
İsveçrədə yaşayan jurnalist
Tofiq Qasımovun vəfatı ilə bağlı məni arayan jurnalistlərin diqqətinə aşağıdakıları çatdırmaq istərdim:
İsveçrədə 16 ildir ki, yaşayıram. Tofiq bəy bu ölkəyə məndən qabaq gəlib. Bu illər ərzində onunla dəfələrlə görüşmək istəmişəm. Ancaq qarşı tərəf buna maraq göstərməyib. Ümumiyyətlə, o, birmənalı şəkildə kimsə ilə görüşmək istəmirdi. Yalnız dəyərli dostumuz Hacı Hacılı arada onu ziyarət edirdi. Hacı bəy Tofiq bəylə birlikdə Elçibəy komandasında çalışmışdı. Bəlkə də bu səbəbdən Tofiq bəy və ailəsi Hacı bəyə istisna hal kimi bu haqqı tanımışdı...
Onu da deyim ki, sayın Tofiq bəyin səhhətində xoşagəlməz problemlər üzə çıxmışdı. Görünür xeyli yaşlı olması da onun fiziki və psixoloju durumuna mənfi təsir göstərmişdi. Məncə, məhz elə bu səbəbdən ailəsi onun kiminləsə görüşməsini istəmirdi...
Bir az öncə jurnalist dostlardan biri zəng vurmuşdu. Dedi ki, Bakıda belə bir fikir dolaşır ki, Tofiq bəyin meyitini yandırıblar. İsveçrədə meyitin yandırılmasına üstünlük verirlər...
Məndə olan məlumata görə, Tofiq bəy dünən (yanvarın 28-də) dəfn olunub. Meyitin yandırılması söhbəti isə yalandır. Bildiyim qədər, Tofiq bəyin ailəsində mömin müsəlman olan insanlar var. Yəni, bu, ehtimalı reallıq əmsalı sıfırın altındadır.
Tofiq bəy harada dəfn olunub? Onu İsveçrədə torpağa tapşırıblar. Ancaq konkret hansı qəbiristanlıqda dəfn olunması bizlərə (İsveçrədəki azərbaycanlılara) məlum deyil. Hörmətli Hacı Hacılı ailəsi ilə danışıqlar aparır. Ümid edirik ki, hamılıqla sayın Tofiq bəyin qəbrini ziyarət edə biləcəyik.
Bu məsələ ilə bağlı diqqətə layiq bir xəbər əldə etsəm sosial şəbəkə üzərindən sizlərlə bölüşəcəm.
Tofiq bəy qürbətdə ölməyə və qürbətdə dəfn olunmağa layiq adam deyildi. Bu olaydan dolayı son dərəcə üzgünəm.
Allahdan Tofiq bəyə rəhmət diləyirəm. Və ümid edirəm ki, nə vaxtsa Azərbaycan siyasətində onun kimi ləyaqətli insanların sayı və sanbalı çox olacaq...
Elbəyi Həsənli, İsveçrədə yaşayan tanınmış jurnalist