Çin lideri Trampla koronovirusu müzakirə etdi
Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Globall.az xarici KİV-ə istinadən bildirir ki, söhbət əsnasında iki ölkənin liderləri koronavirus epidemiyasının (2019-nCoV) yeni növünə qarşı mübarizə məsələsini müzakirə ediblər.
Si Cinpin amerikalı həmkarını, Çin hökumətinin virusun yayılmasına qarşı bütün zəruri tədbirləri gördüyünə əmin edib.
ÇXR sədri həmçinin əlavə edib ki, bu xəstəlik Çinin iqtisadi inkişafını ləngitməyə qadir deyil: "Çində uğurlu iqtisadi inkişafın uzunmüddətli tendensiyası dəyişə bilməz",- deyə o vurğulayıb.
Prezident Tramp da, Çinin gücünə və yeni növ koronavirusa qarşı mübarizədə dayanıqlığına inandığını bildirib: "Hər iki lider tərəflər arasında geniş rabitə və əməkdaşlığı davam etdirməyə razılıq veriblər", - deyə Ağ Ev nümayəndəsinin məlumatında vurğulanıb.