İran alimləri koronavirusa qarşı yeni dərman hazırladılar -
10 nəfərdən 5-i sağaldılıb
İranın Əhvaz şəhərinin Tibb Elmləri Universitetinin alimləri koronavirusa qarşı dərman preparatı hazırlayıblar.
Yerli KİV bildirir ki, bu barədə universitetin elmi şurasının üzvü Mənsur Əmin Təsmini məlumat yayıb.
O bildirib ki, bitkilərdən hazırlanan yeni preparat virusa yoluxmuş 10 nəfərin müalicəsində istifadə edilib və onlardan 5-i sağalıb. Digər 5 nəfərin isə bu preparat vasitəsilə müalicəsi davam etdirilir. Əgər onlar da sağalsalar, o zaman Səhiyyə Nazirliyinin icazəsi ilə preparatın kütləvi istehsalına başlanacaq və yoluxanların müalicəsində istifadə ediləcək.
İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi Tehranda keçirdiyi onlayn brifinqdə bildirib ki, 13 vilayətdə virusa yoluxma halları azalıb. Onun sözlərinə görə, ilk dəfədir ki, Tehranda da yoluxma hallarının azalması müşahidə edilib.
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Müsəvi isə onlayn brifinqdə bəyan edib ki, Avropa dövlətləri İrana maddi dəstək göstərməyiblər. Onlar yalnız humanitar yardım ediblər.
Xatırladaq ki, son məlumatlara görə, İranda virusa yoluxanların ümumi sayı 41 min 495 nəfərə çatıb. Virusdan dünyasını dəyişənlərin sayı da artıb və 2757 nəfərə yüksəlib.
Hazırda İranda yeni növ koronavirusa yoluxan 3511 nəfər reanimasiyadadır. İndiyədək 13 min 911 nəfər virusdan sağalıb.