Gömrükdə böyük partiya heroin qaçaqmalçılığına cəhdin qarşısı alınıb
Azərbaycan gömrükçüləri İrandan Azərbaycan vasitəsilə Avstriyaya göndərilən böyük partiya narkotik maddə qaçaqmalçılığına cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin məlumatında deyilir ki, heroin qurudulmuş meyvə daşıyan iki yük maşınında aşkar edilib.
Yük maşınlarını İran vətəndaşları Mirzae Əkbər Pərviz və Abdel Ramin Məshətli idarə ediblər. Onları Biləsuvar gömrük postunda saxlayıblar.
Yük maşınlarının rentgen cihazı ilə yoxlanması zamanı gömrükçülər görüblər ki, yanacaq çənləri iki yerə bölünüb və onlarda kənar əşyalar var. Çənlər açılarkən onlarda ümumi çəkisi 281 kiloqramdan çox maye heroin ilə dolu kanistrların yerləşdiyi gizli saxlanc yeri aşkar edilib.
Hər iki sürücü Azərbaycan CM-in 206.3.2 (qaçaqmalçılıq), 234.4.1 və 234.4.3-cü maddələri (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə saxlanılıb./turan