“Emin 444”-ün öldürülməsinin canlı şahidi nələr dedi? -
MƏHKƏMƏ PROSESİ
Kriminal aləmdə “Emin 444” kimi tanınan şəxsi qətlə yetirməkdə təqsirləndirilən Həsən Tağıyev və Zaur Yusifovun cinayət işi üzrə məhkəmə prosesi davam etməkdədir.
Cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
İş üzrə hadisənin yeganə canlı şahidi olan Z.Yusifovun atası Əli Yusifov istintaqa ifadəsində bildirib ki, özünə məxsus “Kamaz” markalı avtomobillə yük daşımaqla məşğul olub, kiçik oğlu Zamin xəstə olduğundan işləmir, Zaur isə kikboks üzrə idman ustasıdır, 246 nömrəli tam orta məktəbin idman zalında müəllimlik edir.
Həsən Tağıyev oğlu Zaurun şagirdidir, Həsəni təxminən 1 il olar ki, tanıyır. Emin Səfərovu isə o, cəzaçəkmə müəssisəsindən çıxandan sonra tanıyıb. Emin onunla qonşuluqda 5 mərtəbəli binada yaşayıb. Həm Həsən, həm də Eminlə heç bir düşmənçiliyi, ədavəti olmayıb:
“Hadisə günü “Söyüdlü” kafesində dostlarımla ad gününü qeyd etdik. Ürəyim xəstə olduğundan lap az miqdarda spirtli içki içdim. Təxminən saat 22-23 radələrində kafedən çıxıb parkda açıq havada gəzdikdən sonra yaşadığım evə doğru piyada gəlməyə başladım.
Evə çataçatda Eminin yaşadığı binanın qarşısında Həsənlə Eminin əlbəyaxa olduğunu gördüm. Onların hər ikisinin əlində bıçaq vardı.
Eşitdim ki, Emin Həsənə nalayiq ifadə ilə “mən sənə deməmişdim, belə etmə?” sözünü, Həsən isə Eminin qarşısında durub “yaxşı da, mən sənə nə etmişəm” sözlərini deyirdi.
Bu zaman Eminlə Həsənin arasına keçib onları ayırmaq üçün Eminə “Həsən pis uşaq deyil, xahiş edirəm, məni bir əmi kimi başa düş, söz-söhbət lazım deyil” sözlərini dedim. Emin isə “ağsaqqal, sən işinlə məşğul ol” dedi.
Elə bu zaman Eminlə Həsən bir-birlərinə vurmağa davam etdilər, onların arasında olduğundan sağ qolumun yuxarı hissəsindən və kürəyinin sağ tərəfindən bıçaq xəsarəti aldım. Mən ağrı hiss etdiyimdən oradan uzaqlaşıb, evə getdim.
Evdə yoldaşım, uşaqlarım qolumdan qan axdığını görüb qorxdular. Mən onlara necə xəsarət aldığımı danışdım, Zaur və Zamin məni avtomaşınla Kliniki Tibbi Mərkəzə apardılar”.
Şahid qeyd edib ki, Emin Səfərov əvvəllər məhkum olunmuş şəxsdir, məhlədə olan uşaqların deməsinə görə, Emin Bakı şəhərində kriminal aləmin vəziyyətinə baxırmış:
“Təxminən 2 gün əvvəl eşitmişdim ki, Emin Həsəni yanına çağırıb, Həsən isə onun yanına getməyib. Bu səbəbdən onların arasında mübahisə yaranıb, Emin Həsəni vuran şəxsə kriminal aləmdə ad verəcəyini deyib. Hava qaranlıq olduğundan, Həsənlə Eminin əlində olan bıçaqların konkret olaraq necə olmasını xatırlamıram. Emin və Həsəni aralayan zaman xəsarət almışam, konkret olaraq kimin əlində olan bıçağın mənə xəsarət yetirdiyini deyə bilmirəm”.
Şahid Yusifov Əli Məməd oğlu daha sonra ifadəsində göstərib ki, o, əvvəlki ifadəsində bir qədər səhv məlumat verib. O, həmin gecə dostları ilə yeyib-içdikdən sonra təqribən saat 22-23 radələrində bağçanın yanı ilə evinə tərəf piyada getməyə başlayıb.
Bağçanın yanındakı binanın arxa tərəfi ilə hərəkət edərkən binanın sonunda Eminin idarə etdiyi BMV X5 markalı, dövlət qeydiyyat nişanının başlanğıcı 99 sonu 444 olan avtomobilin işıqlarının yanılı halda dayandığını görüb.
Yaxınlaşdıqda Eminin avtomobilin içərisində olduğunu görüb, qapını açaraq qabaqda sərnişin üçün nəzərdə tutulmuş oturacaqda əyləşib.
O, avtomobilə əyləşdikdə Emin avtomobili asta sürətlə onun yaşadığı evə tərəf sürməyə başlayıb və ona “ağsaqqal, səni eşidirəm” deyib: “Eminə “səndən xahiş edirəm məni bir ağsaqqal kimi, dayı, əmi kimi qəbul elə, Həsənlə işin olmasın” dedim.
Bu zaman Emin avtomobili döngədə saxlayaraq ona “ağsaqqal, sənlik deyil, işinlə məşğul ol” dedi.
Bu zaman kimsə sol arxa qapını açaraq avtomobilə oturdu, arxaya tərəf baxdıqda həmin şəxsin Həsən olduğunu, sağ əlində isə bıçaq tutduğunu gördüm. Həsən avtomobilə əyləşən kimi söz-söhbətsiz sağ əli ilə Eminin səhv etmirsə, sağ boyunaltı nahiyəsinə vurdu, bu zaman Emin mənə tərəf əyilərək sağ qabaq sərnişin oturacağı ilə sürətlər qutusu panelinin arasında yerləşən bıçağı götürüb sürücü tərəfdə olan qapıya tərəf əyilərək Həsənə bıçaqla zərbələr endirməyə başladı.
Bu zaman mən onların arasına girərək “eləməyin, sakitləşin” dedim. Elə bu vaxt hiss etdim ki, sağ çiyni tərəfdən mənə iki dəfə bıçaqla vurublar. Bundan sonra isə mən Eminin avtomobilindən düşərək evinə tərəf qaçdım. Zamin Zaura “atamı vurublar, qan aparır, gəl xəstəxanaya aparaq”dedi. 1 saylı Kliniki Tibbi Mərkəzə çatdıqda Zaminlə avtomobildən düşdüm. Zaur isə avtomobildə qalaraq ağlaya-ağlaya kiməsə zəng etdi”.
Qeyd edək ki, məlum qətl hadisəsi 2019-cu il may ayının 10-na keçən gecə Bakının Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Haşımov küçəsində baş verib.
1995-ci il təvəllüdlü Həsən Tağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2008, 2012, 2013, 2014-cü illərdə Cinayət Məcəlləsinin 315.1, 315.2, 221.1-ci maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Emin Səfərovu çoxsaylı bıçaq xəsarətləri ilə qəsdən öldürüb.
Həsən Tağıyev saxlanılıb, 1984-cü il təvəllüdlü Zaur Yusifov mayın 12-də şübhəli şəxs qismində tutulub.
Xatırladaq ki, qətlə yetirilən Emin Səfərov kriminal aləmdə "Emin 444" ləqəbi ilə tanınıb.
O, “Lotu Quli” kimi tanınan Nadir Səlifovun yaxın adam olub.