“Amerika xəyalı” puç oldu, ölkədə küçə döyüşləri gedir:
Qaralarla ağların döyüşü
“Xalqımızı qətlə yetirən bütün polislərin, təkcə Minneapolis şəhərində yox, bütün ölkədəki polislərin cəzalanmasını istəyirik”. Mallorinin bu sözləri Amerikanı bürümüş etirazların əsas tələbidir.
Nyu-York, Kaliforniya, Kentuçi, Texas, Oreqon, Florida, Georgia, Vaşinqton, Minnesota. Etirazlar müxtəlif ştatları bürüyüb və minlərlə qaradərili “ədalət” tələb edir.
1 milyon 750 min nəfərin virusa yoluxduğu, 104 mindən çox insanın öldüyü ABŞ-da vətəndaşların hakimiyyətə olan inamı yoxa çıxıb. Mərkəzi hökumət pandemiyaya qarşı mübarizədə məğlub olmaqda ittiham olunur, xüsusilə tibbi ləvazimatların çatışmazlığı, ştatlara köməyin göndərilməməsi, kütləvi məzarlıqların qazılması, morqların dolması, cəsədlərin binaların dəhlizlərində qalması və s. faktlar bütün dünyanı təsiri altına almış “Amerika xəyalı”nın yuxudan başqa bir şey olmadığını göstərdi. “Nyu-York Tayms” yazır ki, “pandemiya ABŞ-da böhrana səbəb olmadı, onsuz da var olan böhranı ortaya çıxardı”.
Bu böhranın fonunda ölkədə demokratlarla respublikaçıların siyasi qarşıdurması da müşahidə olunur.
Və ağdərili polisin qaradərilini çox sakit şəkildə boğaraq öldürməsi onsuz da mövcud olan böhranın küçələrə qədər təsir etməsinə səbəb oldu. Polisin qaradərilini öldürdüyü görüntüsü həqiqətən dəhşətlidir, lakin ABŞ üçün təəccüblü deyil. Bu ölkədə polis istədiyi şəxsi saxlamaq hüququna malikdir və əgər vətəndaş saxlanılarkən, əlini cibinə aparırsa, polis dərhal atəş aça, onu öldürə bilər. Qanunvericilik bu məsələdə polisin tərəfindədir.
- 2014-cü ilin 9 avqustunda Ferqüssonda 18 yaşlı qaradərili gəncin polis tərəfindən öldürülməsinə etiraz olaraq minlərlə qaradərili aksiyalara başladı. Bu aksiyalar bir neçə ay davam etdi və dekabrın 2-də polis müdaxiləsi ilə yatırıldı;
- 2015-ci aprelin 25-də 26 yaşlı qaradərili gənc Freddi Qreyin polis tərəfindən qətlə yetirilməsinə etiraz olaraq, Merilend ştatının Baltimor şəhərində kütləvi aksiyalar başlandı. Bu etiraz da polis müdaxiləsi ilə yatırıldı;
- Və nəhayət, Minneapolis Corc Floydun öldürülməsi yeni üsyana rəvac verib. Aksiyalar getdikcə şiddətlənir və nə vaxt başa çatacağı məlum deyil. Bu dəfə əsas fərq aksiyaların ABŞ-da sosial-iqtisadi böhran fonunda keçirilməsidir.
2002-ci ildə Çikaqo Universitetinin apardığı araşdırmaya görə, Amerikada işə götürən rəyçilər ağdərililərə nisbətən qaradərililərin müraciətinə 50 faiz az baxırlar. Araşdırmada bildirilir ki, rəyçilər iş üçün edilən minlərlə müraciətin arasından daha çox Emili və Brendan kimi adları olan şəxslərə cavab verir, Lakişa, yaxud Camal kimilərsə sonuncu plana saxlanılır. Çünki ikincilərin qaradərili olması ehtimalı 90 faizdən yuxarıdır.
Bu ölkədə irqi ayrı-seçkilik satış mərkəzlərində də özünü göstərir. Mənzil və Şəhərsalma üzrə Federal Departamentinin 2012-ci ildə apardığı araşdırmalara görə, ev almaq üçün əlaqələndirici şəxslərlə danışıqlar aparanlar qaradərili müştərilərə ağdərilərlə müqayisədə 17 faiz daha az ev göstərirlər. Eyni tendensiya avtomobil satışı zamanı da özünü göstərir. Belə ki, qaradərililər avtomobil alarkən 700 dollar əlavə ödəyirlər. Ağdərili alıcılara isə dilerlər tərəfindən güzəştlər edilir.
Beynəlxalq İnsan Haqları Təşkilatının hesabatına görə, ABŞ-da 2 milyondan artıq Afrika əsilli qaradərili seçkidə iştirak hüququndan məhrumdur. Ümumilikdə, qaradərili əhalinin hər 13 nəfərdən birinin seçmək hüququ yoxdur. Kentukki, Virciniya, Florida ştatlarında isə qaradərililərin 20 faizi seçkilərdə iştirak edə bilmir. İrqi ayrı-seçkilik Amerika təhsil sisteminə də siyarət edib. Məlumatlara görə, 5 qaradərilidən yalnız biri təhsil almaq imkanına sahibdir. Bununla yanaşı, 5 qaradərilidən üçünün ali təhsil üçün müraciətinə mənfi cavab verilir. Orta məktəb şagirdlərinin cəmi 17 faizi qaradərili uşaqlardır. Lakin məktəbdən çıxarılanlar arasında qaradərili şagirdlər əksəriyyət təşkil edir.
Asif Nərimanlı