Elçin Alıoğlu: “Ərdoğan və Bəşər Əsəd heç vaxt dost olmayıb”
Jurnalist Elçin Alıoğlu belə düşünür. Onun müsahibəsini təqdim edirik:
Anlaşmaya gəlincə, bu, məndə böyük ümid yaratmır. Çünki Astana və Soçi anlaşmaları ilə bağlı suallar çoxdur. Türkiyə və Rusiyanın bunlardan nə qazanıb, nə uduzduğu çox maraqlıdır. Birincisi, Türkiyə qarşısına qoyduğu məqsədlərin əksəriyyətinə çatmadı. Düzdür, Əsəd qüvvələrinin dörd milyon insanın yaşadığı İdlibə girməsinin, humanitar fəlakətin qarşısı alındı. Amma Türkiyə Soçi anlaşmasına uyğun olaraq, martın 15-dək İdlibin taleyini təyin həll edən amillərdən biri olan M4 yolunu tamamilə təmizləməlidir. Rusiya və Türkiyə bu yolda birgə nəzarət mexanizmini həyata keçirməlidir.
İkincisi, bu görüşədək hər iki tərəf mümkün qədər qabağa getmək üçün əllərindən gələn hər şeyi edirdi, bununla görüşə üstün tərəf kimi qatılmaq istəyirdi. Bu məqsədlə Türkiyə Sərakib şəhərinə nəzarəti ələ keçirmək istəyirdi və bunu bacardı. Amma Azad Suriya Ordusu və “Heyət Təhrir Şam” qruplaşması Sərakibə nəzarəti itirdi. Bu o deməkdir ki, Hələb və Dəməşqi bir-birinə bağlayan yol tamamilə Əsəd qüvvələrinin nəzarətindədir.
Görünən budur ki, bu anlaşma hava məkanının təhlükəsizliyini təmin edəcək təhlükəsizlik zonası anlayışını özündə ehtiva etmir. Bu deməkdir ki, Bəşər Əsəd və Rusiyanın hərbi aerokosmik qüvvələri İdlibin bombalanmasını davam etdirəcək. Bu, ilkin anlaşmadır və İdlibin taleyi hələ də həll olunmayıb, hər kəs öz mövqeyində qalıb. Eyni zamanda M4 yolu üzrə altı kilometr şimala və altı kilometr cənuba təhlükəsizlik dəhlizinin yaradılması ilə bağlı bir anlaşma yoxdur. Qurulacağı halda da bu dəhlizə Rusiya və Türkiyə qüvvələri birgə nəzarət edəcək. Strateji əhəmiyyətinə görə Sərakibdən çox da geri qalmayan Nəyrabaya nəzarəti isə Əsəd qüvvələri həyata keçirəcək. Yəni bu anlaşma çox suallara cavab vermir, əksinə, çox suallar yaradır.
Suriyadakı daxili vəziyyətə gəlincə, bu gün səhər saatlarından etibarən faktiki olaraq əməliyyatlar dayandırılıb. Bu da sülhə ümidlər yaradır. Amma Suriya öz taleyini müəyyən edib. İndi Suriyada böyük oyunçular var: ABŞ, Rusiya, İsrail, Türkiyə, Səudiyyə Ərəbistanı, İran , Qətər və s. Suriya artıq dövlət deyil, elə bir məkandır ki, orada böyük güclərin maraqları toqquşur. Həmin qüvvələr öz aralarında hansı anlaşmanı əldə edəcəklərsə, Suriyanın taleyi da ona uyğun olacaq.
Məsələn, Səudiyyə Ərəbistanı oyundan kənarlaşdırıldığını görən kimi guya xalq Suriyanın cənubunda – Dəra vilayəti və Nəyrabda üsyan etdi. Üsyanı kimin körüklədiyinə gəlincə, mütəxəssislər bildirirlər ki, burada İran və Səudiyyə Ərəbistanı ciddi rol oynadı. Bu, Bəşər Əsəd rejiminin konstitusion dəyişikliyə getmək niyyətində olmadığını göstərir. Çünki Bəşər Əsəd parlament və prezident seçkilərini saxtalaşdıracaq, hakimiyyətdə qalmaq üçün əlindən gələni edəcək. Saxtalaşdırılmaması da mümkün deyil. Çünki ölkə ərazisinin yetmiş iki faizinin mərkəzi hakimiyyətin nəzarətində olmaması bu bölgələrdə seçkilərin keçirilməsinə mane olur. Yəni ehtimal olunan seçkilərin hansı məcrada keçiriləcəyi indidən məlumdur.
Bəşər Əsədin atası Hafiz Əsəd Suriya Hərbi Hava Qüvvələrinin komandanı olduğu illərdə ekstremist “Müsəlman qardaşlar”ı qırx üç suriyalının ölümü ilə yadda qalan partlayış törətdi. Bundan sonra Hafiz Əsəd “Müsəlman qardaşlar”ının da olduğu yaşayış məntəqəsinə hücum edib 1147 nəfəri qətlə yetirdi. Belə faktlar onlarla, bəlkə də yüzlərlədir. Yəni Əsədin Türkiyəyə qarşı ittihamı səmimi görünmür.
Mənsur Rəğbətoğlu