Hərbi ekspert:
“Azərbaycanı ciddi tunel müharibələri gözləyir”
Rusiya və Türkiyə arasındakı qarşıdurma, Suriyanın şimalında gərginliyin artması bütün ölkələr üçün dron sənayesini aktuallaşdırdı. Türkiyənin müharibə şəraitindəki silah marketinqi bir çox ölkələri düşünməyə vadar etdi.
Bəs Azərbaycan Qarabağda dron müharibəsinə nə dərəcədə hazırdır?
“Bu texnologiyanı əsasən yaralıları götürmək üçün təklif etdik. Heç kim yiyə durmadı. 2 il sonra 2017-ci ildə 5 kəşfiyyatçımızın cəsədi neytral zonada qalanda dedilər ki, belə bir şey yaradılsa, yaxşı olardı”.
Bu sözləri TED.az-a müsahibəsində “Azeri Defence” hərbi texnologiyalar jurnalının baş redaktoru Rəşad Süleymanov deyib.
O, Azərbaycanda tətbiqini zəruri hesab etdiyi hərbi texnologiyalardan danışarkən Türkiyəni misal göstərib. Xatırladıb ki, Türkiyənin peyk üzərindən idarəetmədə yeganə pilotsuz uçuş aparatı ANKA S-dir və Türksat 4B peyki üzərindən idarə olunur:
“Bunu Azərbaycanda da tətbiq etmək olar. Türksat üzərindən idarə olunsa belə, bizim üçün hansısa problem görünmür. Amma bir neçə maraqlı məqamlar var. Türkiyənin müəyyən uçuş platformalarının bəzi hissələri Amerika istehsalı olduğuna görə, onların satış və ixracında problemlər yaşanır. Məsələn, 2018-ci ildə 1 milyard dollara 33 helikopterin alınması ilə bağlı Pakistanla müqavilə bağlandı. Lakin bu günə qədər Türkiyə kontraktı həyata keçirə bilməyib. Çünki o, Amerika istehsalıdır. Türkiyə ilə Amerika arasında yaranan məlum krizə görə, Amerika Türkiyəyə onu ikinci ölkəyə satmağa icazə vermir. İş düyünə düşüb. Eyni şeyi biz də yaşadıq. T-155 Fırtına özyeriyən sistemlərinin alınması ilə bağlı Türkiyə ilə müqavilə bağlanıb ödəniş edildi. Amma Almaniyanın embarqosu nəticəsində həmin texnikalar gəlib bizə çatmadı. Türkiyə insansız vasitələrlə bağlı bu problemi aşıb. ANKA-nın yerli istehsal olan mühərriki yaradılıb. Artıq Türkiyə Azərbaycan da daxil olmaqla istənilən ölkəyə texnika sata bilir”.
“Düşmən üzərində qələbə qazanacağımızı görüb satdıqları sistemləri söndürərlər”
O, dünyanın əksər hərbi sənaye ölkələrini narahat edən məsafədən söndürmə probleminə toxunub: “Xatırlayırsınızsa, 2000-ci illərin əvvəllərində Türkiyə İsraildən Heron pilotsuz uçuş aparatları aldı. Sonradan onlarda bəzi problemlər yaşandı. Türkiyə İraqın Şimalında kəşfiyyat üçün Heron qaldırdı. Heron idarəetmədən çıxaraq başqa istiqamətə getdi. Məlum oldu ki, idarəetmə İsrail ərazisindən götürülüb, İsrailin marağında olan yerin kəşfiyyatına göndərilib. İstehsalçı dövlətin sabah bu tip ağıllı, idarə olunan sistemləri kor etməyəcəyinə heç kim qarant vermir. Bu problem İraqla bağlı da yaşandı. Ruslar çipi ikinci dövlətdən aldıqlarına görə, Amerika müdaxilə edərək onu məsafədən söndürdü.
Məsafədən söndürmə çox ciddi məsələdir. Təəssüf, biz onu ciddiyə almırıq. Acı da olsa deməliyik. Silah aldığımız ölkələr arasında bizimlə bağlı başqa maraqları olanlar da var. Sabah düşmən üzərində qələbə qazanacağımızı gördükləri halda satdıqları sistemləri söndürərlər. Beləcə, aldığımız milyonlar bir qəpiyə də dəyməz. Bu həm tank, həm döyüş maşınları, həm də hava hücumundan müdafiə sistemlərinə aiddir. Biz də mexanika olmayan, ağıllı sistemləri tətbiq etməliyik. Çünki biz də ixracatçı dövlətik. Bunlar özünü ən çox hava hücumundan müdafiə, raket, çip tətbiq oluna bilən sistemlərdə göstərir. Bunu ya milliləşdirməlisən, ya da sabah kənardan müdaxilə olunmaması üçün satılan ölkə ilə razılığa gəlməlisən”.
““Düşmən zəifdir”, “Ermənistan acından ölür” kimi söhbətlərdən yayınaq”
Azərbaycanın dron təcrübəsinə gəlincə isə Rəşad Süleymanov bildirib ki, Aprel döyüşlərində pilotsuz uçuş aparatlarından müəyyən qədər istifadə olundu: “2014-cü ildən cəbhə xəttinin müxtəlif ərazilərində pilotsuz uçuş aparatları ilə kəşfiyyatlar həyata keçirilir. Hətta aprel döyüşlərindən sonra pilotsuz uçuş aparatlarımız Xocalı aeroportundakı bazalaşdırılan helikopter və kiçik təyyarənin də görünrtüsünü əldə ediblər. Azərbaycanın istifadəsində müxtəlif tipli, ölçülü, təyinatlı pilotsuz aparatlar var. Bunlara 48 saata qədər havada qala bilən Heron, Hermes 900, 6 saata qədər havada qala bilən Orbitrlər, 24 saat qədər havada qalan Hermes 450 və s.-ni misal göstərmək olar. Kamikadze uçuş aparatlarımız mövcuddur. Onlar kiçikölçülü, yaxın məsafəli kəşfiyyatlarda istifadə olunur. Aprel döyüşlərində həm mənəvi psixoloji, həm də fiziki qələbə qazanılması Azərbaycanın dünya hərb tarixində ilk dəfə taktik səviyyəli zərbə komikadze pilotsuz uçuş aparatlarından istifadəsi nəticəsində mümkün oldu. Ermənilərdən hələ də bunun effektivliyi ilə bağlı acı xəbərlər alırıq. Azərbaycanın peyki var. Bu Peykdən həm kəşfiyyat, həm də sistemlərin idarə olunması məqsədi ilə istifadə olunur.
Sual oluna bilər: Biz Qarabağda eyni addımı ata bilərik? Əlbəttə. Amma biz bir qədər fərqli yanaşmalı, düşməni real dəyərləndirməliyik. “Düşmən zəifdir”, “Ermənistan acından ölür” kimi söhbətlərdən yayınaq. Bu gün ermənilər kifayət qədər güclü hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrə malikdirlər. Rusiyadan alınan son model Replend və Avtovaza radioelektron mübarizə vasitələri Dağlıq Qarabağ ərazisində yerləşdirilib. Onlar bəlli bir dərinlikdə və təmas xəttində radioelektron maneələr yaratmaqla GPS siqnallarını pozur, pilotsuz uçuş vasitələrinin yerdən qalxmasına mane olur. Ermənilərin əlində digər modernləşdirilmiş radioelektron mübarizə sistemləri də var. Düşmən onları aprel döyüşlərindən sonra cəbhənin müxtəlif ərazilərinə çıxarmaqla Azərbaycanın ehtimal olunan bu tip hücumlarına qarşı tədbirlər görməyə çalışır. Təbii, bu radioelektron mübarizə çəpərlərini aşmaq da mümkündür. Dünyada mümkün olmayan nə isə yoxdur. Radioelektron mübarizə mühitində ən böyük əziyyəti rabitə və pilotsuz uçuş aparatları çəkir. Çünki GPS yoxdur və ya idarəetmə siqnalları ələ keçirilibsə, bu aparatlar qalxa bilmir. Qalxdığı zaman da düşmən onları yönəldərək özümüzə qarşı istifadə edir və ya endirir”.
Onun sözlərin görə, Azərbaycan bu problemləri artıq kiçik dronlar çapında hiss etməyə başlayıb: “Bu gün onları Türkiyədəki kimi istifadə edə bilərik. Çünki Türkiyənin pilotsuz uçuş aparatlarının üzərindəki silah sistemlərinə, onların texniki parametrlərinə baxdıqda kifayət qədər ciddi olduqlarını görərik. Onlar orta səviyyədə uçur, 10 km-ə qədər məsafədə hədəfləri dəqiqliklə vura bilirlər. Bu isə hədəfi müdafiə zolağına girmədən vurmağımıza imkan verir. Pilotsuz uçuş aparatları özləri də elektron kəşfiyyat və radioelektron mübarizə cihazları ilə təmin olunub. Bu, düşmənin radioelektron mübarizə sistemlərinin söndürülməsi, radarlarının qarışdırılması və digər funksiyaları həyata keçirir. Türkiyə bundan istifadə edir”.
“Nə vaxt hansısa hərbi qurum dronlara baxmaq üçün nümayəndə heyəti göndərəcək?”
“Məsafədən söndürülmə problemini nəzərə alsaq, Azərbaycanın dron sənayesini necə qiyətləndirərsiniz?” - sualını isə Rəşad bəy belə cavablayıb: “Bu gün Azərbaycanda da özəl şirkətlər müxtəlif pilotsuz uçuş aparatları istehsal edirlər. Azertech şirkətinin adını çəkmək olar. O, süni zəkaya əsaslanan və sifət alqoritmləri ilə işləyən vasitələrin istehsalı ilə məşğuldur. İstehsal etdiyi pilotsuz uçuş aparatları, kiçikçaplı kamikadzelər radioelektron mübarizə mühitində uçuş imkanlarına malikdir. 5-6 ay ərzində artıq Azərbaycan da sürü dron texnologiyasına sahib olacaq. Hazırda ölkəmizdə 8 şirkət dron istehsalı ilə məşğuldur. Onlar arasında özəl sektor üstünlük təşkil edir. Ən önəmli hissə dronun proqram təminatıdır. Onu yaratmaq lazımdır. Əks halda düşmən dronu endirə bilər. İdarəetmənin milliləşdirilməsi düşmənin onu ələ keçirmə ehtimalını minimuma endirir.
Amma bir məsələ də var. Bu şirkətlər zəhmət çəkib yaradırlar. Yaradılan məhsullara hərbi qurumlar nə dərəcədə maraq göstərirlər? Baxın, problem bundadır. Dronlar dünyada kənd təsərrüfatından tutmuş hərbiyə qədər demək olar, hər sahədə yer alır. Nə vaxt hansısa hərbi qurum dronlara baxmaq üçün bir nümayəndə heyəti göndərəcək? Qəti maraqlanmırlar. Xarici istehsal dronu qaldıran kimi erməni GPS-I vurur, uçmağı ilə yerə enməyi bir olur. Gedib xaricdən alana qədər buna maraq göstərsinər. Yerli istehsalın üstünlüyü çoxdur. Proqram təminatının inkişaf etdirilməsi, qırılanda təmiri məsələlərini də nəzərə alaq. Bir ay sonra yeni üztanıma sistemi çıxırsa, onu yeniləmək lazımdır. Xaricdəki müəyyən şirkətlər, işbazlar gözlərini o qədər tutub ki, yeniliyə “heç nə yarada bilmərik” düşüncəsi ilə yanaşırlar. Ermənistan isə artıq öz dronlarından istifadə edir. Bilir ki, onu xaricdən alsa, idarəetməsini asanlıqla ələ keçirə biləcəklər. Ermənistanda 15-20 şirkət məhz orduya dron istehsalı ilə məşğuldur. Artıq dron istehsalı ilə yanaşı, antidron sənayesinin yaradılması da qarşımıza şərt kimi qoyulub. Erməni general bu yaxınlarda açıqlama verdi ki, Azərbaycanın neft-qaz infrasturukturunu və yaxın hədəflərini kamikadze dronlarla vura bilərik. Bu nə deməkdir? Biz dron təhdidlərini ciddi qəbul etməliyik. Yalnız dron istehsalını deyil, onunla mübarizəni də inkişaf etdirməliyik. Bu vasitələri ya yaxın müttəfiqindən almalı, ya da milliləşdirməlisən. Türkiyə artıq bunları özü yaradıb. “Gözüçıxmış qardaşdan öyrənmək lazımdır””.
“Azərbaycanı ciddi tunel müharibələri gözləyir”
Ekspertin fikrincə, yalnız dronlar deyil, ölkəmizi Qarabağda ciddi tunel müharibələri gözləyir: “Tunel müharibələri dünyanın ən qədim müharibə metodudur, 4 min ilə yaxın yaşı var. Türkiyə Afrin əməliyyatlarnda PKK-nın yüzlərlə tunelini məhv etdi.
Mən qarabağlıyam, uşaqkən çox şey görmüşəm. Qarabağda çoxlu tunellər var. Ermənilər evlərini bir-biriləri ilə tunellərlə əlaqələndiriblər. Məsələn, Ağdərədə döyüşən zabitin dediklərinə görə, oturduqları yerdə ermənilər təndirin içərisindən çıxıb, əsgərlərə qumbara atıb, təndirin içərisinə girib və yox olublar. Bulutan kəndində döyüşən bir hərbçi deyir ki, divar açıb, xalçanın arxasında divara giriş olduğunu görüblər. Mina təhlükəsini nəzərə alaraq içəri daxil ola bilməyiblər. Bu tunellər Amerika ordusunu belə narahat edir. Amerikanın DARPA agentliyi yeraltı müharibə qrupları yaradır. Yerin altında müharibə aparmaq olduqca çətindir. Burada müəyyən texnologiyalardan istifadə olunur. Buna görə də tunellərin kəşfyyatını aparan mini və mikro robotların istehsalı gündəmdədir. Azərbaycan üçün əsas məsələlərdən biri də yeraltı müharibə texnologiyalarının öyrənilib tətbiq olunmasıdır. Tunellərə göndərilmək üçün üzərinə qumbara qoyulub birdəfəlik istifadə olunan kamikadze dronlar, yeraltı, hava texnologiyaları və s. diqqət edilməlidir. Bunarı indidən düşünməliyik. Sabah Ağdərəyə gedəndə iş işdən keçəndən sonra bu texnikaları sifariş verib, 1 ildən sonra almamalıyıq. İtkləri minimum endirmək üçün pilotsuz texnologiyaların alınması, eləcə də yerli istehsalın tətbiqi olduqca vacibdir. Dünya bu istiqamətə gedir, biz qaça bilmərik”.
“Orduda elmi şura və ya texnoloji bir qurum yaradılmalı, bu tip yeniliklərə baxmalıdır”
Rəşad Süleymanov silah sənayesinin sürətlə inkişaf ediyini qeyd edib: “Silahlar çox sürətlə generasiya edib. Əvvəl döyüş meydanında 1 metr qılınc məsafəsi vardı. Sonra odlu silah bu məsafəni böyütdü. İndi snayper tüfəngi ilə 2 min metrə qədər məsafədən vurmaq olur. Raketlər o səviyyəyə çatıb ki, tankın atış məsafəsinə girmədən 7-8 kilometrdən onu vurmaq mümkündür. Beləcə, tank cəbhədən 8 km geri çəkilməyə məcburdur. Hər şey inkişaf edir. Dəyişməyən yalnız insan orqanizmidir. O, daşla da ölə bilər, oxla da, güllə ilə də… Bu, insansız texnologiyaların önəmini artırır. Artıq pilotsuz vasitələrin kompleks tətbiqinə baxmalıyıq. Robotun üzərinə partayıcı qoyub düşmən tankının üzərinə göndərmək mümkündür. Axı, bunları niyə yaratmayaq? Azərbaycan ordusu mütərəqqi ideyalara açıq olmalıdır.
Məsələn, bu yaxınlarda tələbələrin iştirakı ilə bir proyekt hazırladıq. Bir neçə quruma onu qrant olaraq maliyyələşdirməyi təklif etdik. Bu platforma yaralının döyüş meydanından çıxarılması, meyidin götürülməsi, robot üzərinə istənilən hədəf cihazının qoyulması üçün istifadə oluna bilərdi. Universal platforma idi. Biz isə onu əsasən yaralıları götürmək üçün təklif etdik. Heç kim yiyə durmadı. 2 il sonra 2017-ci ildə 5 kəşfiyyatçımızın cəsədi neytral zonada qalanda dedilər ki, belə bir şey yaradılsa, yaxşı olardı. Biz bu ideyanı verəndə o, heç Türkiyədə də yox idi. Amma sonradan türklər özəri belə bir sistem yaratdılar. Ordu mütərəqqi fikirləri dəstəkləməlidir. Orduda elmi şura və ya texnoloji bir qurum yaradılmalı, bu tip yeniliklərə baxmalıdır”.
Lamiyə SÜLEYMANLI