Mais Səfərli:
Müxalifət düşərgəsi İlham Əliyevin yeni kursunu - korrupsiyaya qarşı mübarizəsini dəstəkləməlidir
Azərbaycanın gündəmini zəbt edən dünyanı sarmış koronavirus problemi, ölkədə ciddi rezonans doğuran kadr islahatı, siyasi-ictimai vəziyyət, sosial bəlaya çevrilmiş rüşvət və korrupsiya ilə mübarizə - Globall.az bu zəmində yaranmış suallarla “Yurddaş” Partiysının sədri Mais Səfərliyə üz tutub. Azərbaycanda ilk yaranan partiyalardan biri olan, 27 ildir siyasi arenada fəaliyyət göstərən partiyanın sədri Globall-ın suallarını cavablandırıb. “Yurddaş” sədri ilə müsahibəni oxucuların diqqətinə təqdim edirik.
Buna görə dövlətimizə və Prezidentimizə minnətdar olun
-Mais bəy, ilk sual dünyanın üzləşdiyi problemlə-koronavirusla bağlıdır. Necə qarşıladınız və necə keçinirsiniz? Bir də... dünyada bu virus xaosu fonunda bir “yalan-doğru” xaosu da dolaşmaqdadır. Ən müxtəlif adamlar, hətta mütəxəssislər tərəfindən koronavirus haqqında müxtəlif fikirlər səsləndirilir. Siyasət adamı, partiya sədri kimi dünyanın üzləşdiyi bu problemə siyasi baxışınız maraqlı olardı...
-Bəli, bu gün bütün dünyanın başının üstünü kəsdirən koronovirus hələ öz iradəsini bizə diktə etməkdədir. Bəşər övladı olaraq, mən də, ailə üzvlərim də bu təhlükəli infeksiya əleyhinə aparılan mübarizənin şərtləri altında yaşamağa məcburuq. Güzəranımız, əmək fəaliyyətimiz, bir sözlə, yaşam tərzimiz yeni və fərqli məcrada davam edir. Obrazlı desək, sanki kobra ilə bir otaqda gecələyirsən. Belə bir şəraitdə ən xırda səhvin nə demək olduğunu, yəqin ki, hər kəs təsəvvür edir. Xəstəliyin peyvəndi tapılana və kütləvi vaksinasiya aparılana qədər öyrəşdiyimiz əvvəlki həyata qayıtmaq asan olmayacaq...
Sualınızın ikinci hissəsinə gəldikdə, nəyə ehyam etdiyinizi başa düşürəm. Mən virusoloq deyiləm. Hərçənd ki, bu gün çoxları, az qala, özünü bu peşənin sahibi sayır. Məsələyə siyasi prizmadan yanaşmağa çalışacağam.
Yadınızdadırsa, bu yeni koronovirus infeksiyası 2019-cu ilin dekabr ayının sonlarında Çinin Uhan şəhərində yayılmağa başladı. Birdən birə xeyli adam tibb elminə bəlli olmayan yeni pnevmaniyaya tutuldular. Zaman etibarı ilə bu, dünyanın iki nəhəngi - ABŞ və Çin arsında "ticarət savaşlarının" pik vaxtına təsadüf edirdi. Bax onda tərəflər dərhal bir-birlərini virusun süni şəkildə, laboratoriya şəraitində yaradılmasında ittiham etməyə başladılar. Bunun, hətta bioloji silah olduğunu açıq mətnlə iddia edən siyasət adamları da tapılırdı. Burada həqiqət payı varmı? Deyə bilmərəm. Təkcə ona inanıram ki, belə kütləvi qırğın silahının hazırlanmasına yalnız anadangəlmə kəskin agıl əskikliyindən əziyyət çəkən adam qərar verə bilər. Belələrinin isə ömürlərini xüsusi müalicə evlərində (dəlixanada ) keçirdikləri hamıya bəllidir. Az - çox elmdən başı çıxanlar yaxşı bilirlər ki, bioloji silah sərhəd tanımaz. Düşməninə qarşı bu silahdan istifadə etmək istəyənin özünün də onun qurbanı olacağı bir aksiomdur.
Məsələnin inanılan başqa bir tərəfi də mövcuddur. Nədir bu? Dünyanın bir sıra ölkələrində elmi məqsədlərlə patogen mikroorqanizmlər, o cümlədən, viruslar üzərində tədqiqat aparan laboratoriyalar mövcuddur. Belə müəssisələrdən virusun insan faktoru (məsuliyyətsizlik, diqqətsizlik və s.) nəticəsində ətrafa sıçraması fikrini, az ehtimalla olsa da qəbul etməyi mümkün sayıram. Dünya mətbuatında gedən məlumatlara əsasən, bir çox ölkələrin xüsusi xidmət orqanları bu yöndə ciddi araşdırmalar aparırlar. Söz yox ki, həqiqətin üzə çıxacağını görəcəyik. Nə isə...
Çində bu bəla üzə çıxanda Ümumdünya Səhiyyə Təşkilatı dərhal dövriyyəyə girdi. Təəssüflər olsun ki, bu nüfuzlu beynəlxalq qurumun həyəcan dolu xəbərdarlıqları dünya dövlətlərinin və cəmiyyətlərinin çoxu tərəfindən skeptik qarşılandı. Bir sıra dövlətlərdə nüfuzlu siyasətçilər, elm adamları ÜST-ü vəziyyəti şişirtməkdə günahlandırırdılar. Bunu öz ticarətini genişləndirmək üçün dünyanın farmosevtik industriyasının yalanı kimi qələmə verənlər də tapılırdı.
Bu ərəfədə virus öz işini görür, sürətlə bir ölkədən digərinə, bir qitədən o birinə yayılırdı. Nəhayətdə... Dünyada qorxulu infeksiyaya bulaşanların sayı 5 milyona yaxınlaşır. Həyatını itirənlərin sayı isə 325 mini keçib. Kifayət qədər təsiredici rəqəmlərdir.
Maraqlıdır ki, dünyanın ən inkişaf etmiş dövlətlərinin əksəriyyəti koronovirusun itkilərinə daha çox məruz qalmışlar. Baxın, bu o ölkələrdir ki,yuxarıda qeyd etdiyim kimi, ÜST-ün xəbərdarlığına adekvat reaksiya vermədilər, preventiv tədbirlər görmədilər, sərhədlərini gec bagladılar.
Azərbaycanda vəziyyət bunun əksinədir. Ölkə rəhbərliyinin qəbul etdiyi çevik qərarlar, pandemiya əleyhinə təşkil etdiyi düzgün mübarizə xalqımızı böyük itkilərdən xilas etdi. Amma əfsuslar olsun ki, bizdə də "yalan-dogru" deyə gerçəkliyi saf - çürük edənlər də az deyil. Bəzən yüksək savad səviyyəsi ilə fərqlənən adamlar da belə sual edirlər : "Bu necə epidemiyadır ki, yaxın çevrəmizdə bu virusa yoluxan bir nəfər də yoxdur?" Onlara cavabım budur: Gedin, buna görə dövlətimizə və Prezidentimizə minnətdar olun.
Indi ölkəmizdə karantin tədbirlərinin yumuşaldılmasına start verilib. Ancaq bu, əsla koronavirusun üzərində qələbə çalmaq anlamına gəlmir. Bundan sonra çox şey insanların öz məsuliyyətinə buraxılır. Mötəbər dövlət qurumlarının xəbərdarlıqları və özünüqoruma tədbirləri xəstəlikdən uzaq durmağın əsas şərtləridir.
"Yurddaş" iqtidar partiyası deyil
-Yeri gəlmişkən, sədri olduğunuz “Yurddaş” partiyası iqtidaryönlü partiyadır, yoxsa müxalifətyönlü? Partiyanız haqqında bir az ətraflı məlumat vermənizi istərdim. Bir də siyasi arenada əvvəllər olduğundan az görünürsünüz. Bu, nə ilə bağlıdır?
-Yurddaş partiyası 27 ildir ki, siyasi arenadadır. Təşkilatımız keçən əsrin 80-ci illərinin sonunda bir qrup ziyalımızla qurduğumuz eyniadlı cəmiyyətin bazasında yaradılmışdır. Sədri oldugum "Yurddaş" ictimai birliyini taleyin hökmü ilə dünyanın müxtəlif guşələrinə səpələnmiş həmvətənlərimizlə əlaqələr qurmaq, onları təşkilatlandırmaq, hüquqlarını qorumaq məqsədi ilə təsis etmişdik.
Qısa zaman kəsiyində o zamankı Sovetlər Birliyi ərazisində və Avropa ölkələrində bizim təşəbbüsümüz və hərtərəfli dəstəyimizlə yurddaşlarımızın 65-dən çox Milli Mədəniyyət mərkəzləri və cəmiyyətlərini yaratdıq. Ölkəmizin tarixində ilk dəfə olaraq 1992-ci ilin aprelində xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərlərinin Bakida konfransını keçirdik. Azərbaycanın haqq səsinin, xüsusilə də Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılmasında xeyli işlər gördük.
Beləliklə, biz dünyada Azərbaycan diaspor hərəkatının təməlini qoyduq. Lakin biz başa düşürdük ki, bu əhəmiyyətli fəaliyyət dövlət səviyyəsində aparılmalıdır. Bununla əlaqədar xüsusi dövlət siyasəti olmalıdır. Dövləti bu işə sövq edə biləcək siyasi təşkilata ehtiyac vardı. Odur ki, 1993-cü ilin fevralında biz "Yurddaş" partiyasını qurduq. Həmin illər çagdaş tariximizin agrılı-acılı dönəmi idi. Bir tərəfdən rus hərbi birliklərinin köməyinə arxalanan ermənistanın bir-birinin ardınca rayonlarımızı işğal etməsi, bu səbəbdən yaranan qaçqın-köçkün dalğası, digər tərəfdən ölkədə vətəndaş qarşıdurmasının yaranması, cənub zonasında, şimal bölgəsində xaricdən qızışdırılan etnik separatizm meyllərinin artması vəziyyəti son dərəcədə ağırlaşdırırdı. Belə bir fonda dövlət orqanlarının diaspor işinə diqqət ayırmaması təəssüf dogursa da, başa düşülən idi. Partiya olaraq ölkədaxili siyasi proseslərdə fəal iştirak etməklə yanaşı, fəaliyyətimizin ana xətti olan diaspor problemlərini bir an belə unutmurduq.
Xaricdəki azərbaycanlıların təşkilatlanma məsələləri, mövcud icmalarımızın işinə hərtərəfli dəstək, soydaşlarımızın hüquqlarının qorunması yenə də bütün fəaliyyətimizin ağırlıq mərkəzi idi. 1993-cü ildə hakimiyyət dəyişikliyindən bir qədər sonra Prezident Heydər Əliyevə sözügedən məsələlərlə baglı ətraflı məktub ünvanladıq. Müraciətimiz anlayışla qarşılandı. Rəhmətlik H.Əliyev böyük dövlət adamı olaraq diaspor məsələsinə həssaslıq nümayiş etdirdi. Administrasiyasının yetkililəri ilə müzakirələrimiz oldu. Konkret təkliflər istədilər. Hazırlayıb təqdim etdik. Təklif edirdik ki, bu vacib fəaliyyətin qanunvericilik bazası yaradılsın və xüsusi dövlət orqanı təsis edilsin. Bir neçə ildən sonra - 2000-ci illərin əvvəllərində məsələ öz həllini tapdı. Mən 2-ci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin Deputatı olarkən diaspor ilə bağlı müvafiq qanunun hazırlanmasında şəxsən iştirak etdim. Tezliklə Diasporla iş üzrə Komitə yaradıldı. Beləliklə, dövlətimiz bu önəmli fəaliyyəti öz çiyinləri üzərinə götürdü.
Sualınızın digər hissəsinə cavab olaraq bildirmək istəyirəm ki, "Yurddaş" iqtidar partiyası deyil. Biz hakimiyyətdə təmsil olunmuruq. Lakin bir çox məsələlərdə Prezident Ilham Əliyevin siyasətinə və fəaliyyətinə dəstək veririk. Hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasi ilə xoş münasibətlərimiz və əməkdaşlığımız mövcuddur.
Əbülfəz Qarayevin istintaqa çəkiləcəyinə şübhəm yoxdur
-Mais bəy, ölkə başçısı iradə sərgiləyərək Azərbaycanda heç vaxt olmadığı kimi kadr islahatlarına start verib, heç vaxt olmadığı kimi rüşvət və korrupsiyaya qarşı mübarizə aparılır. Əvvəllər görüntü xatirinə rüşvətə görə “kilkələr”, yəni kiçik rütbəli məmurlar həbs olunurdusa, indi hətta “balinalar”- yüksək rütbəli məmurlar, generallar da qandallanır. Mən hamımızın bildiyi məlum həbsləri nəzərdə tuturam. Necə düşünürsünüz, aylardır ölkənin gündəmini zəbt etmiş və xalqın da rəğbəti ilə qarşılanan bütün bu addımlar niyə əvvəllər yox, məhz indi atılır və sizcə bu radikal addımlar görüntü ola bilərmi? Mümkünsə ətraflı cavab verərdiniz.
-Dövlət başçısının 2018-ci il növbədənkənar prezident seçkilərindən sonra həyata keçirməyə başladığı genişmiqyaslı islahatlara da hərtərəfli dəstək veririk. Faktiki olaraq bu, Ilham Əliyevin ölkəmizin davamlı inkişafına yönəlmiş yeni siyasi kursudur.
Sizin də diqqət yetirdiyiniz kimi, islahatlar proqramı içərisində korrupsiyaya və rüşvət əleyhinə aparılan mübarizə xüsusi yer tutur. Bu, səbəbsiz deyil. Belə ki, bu gün istər yerli, istər mərkəzi hakimiyyət orqanlarında vəzifə sahiblərinin dövlət vəsaitlərini təyinatından yayındırması, talaması, mənimsəməsi az qala adi hala çevrilib. İş o yerə gəlib ki, indiki pandemiya ilə mübarizə şəraitində dövlətin, Heydər Əliyev Fondunun ehtiyacı olan insanlara, imkansız ailələrə ayırdıgı yardımlara da göz dikurlər, yetimin çörəyini əlindən alırlar. Bu, dəhşətdir. Belə cinayətlər sıradan olan hüquqpozmaları deyil. Korrupsiya dövlətin iqtisadi, siyasi, hüquqi əsaslarına ciddi zərbə vurur, milli təhlükəsizliyimizi təhdid edir, əhalidə hakimiyyətə qarşı narazılıq yaradır.
Bu səbəbdən Prezidentin sərt addımlar atması heç kəsi təəccübləndirməməlidir. Zarafat deyil, qısa bir müddətdə 5 rayonun icra hakimiyyətinin başçısı, Mədəniyyət nazirinin müavini, Sərhəd qoşunlarının generalı, 25-dən çox dövlət məmuru DTX tərəfindən saxlanılmış və barələrində həbs qəti-imkan tədbiri seçilmişdir. Mədəniyyət naziri Ə.Qarayev vəzifəsindən uzaqlaşdırıldı. Onun istintaqa çəkiləcəyinə şübhəm yoxdur. Mən bu mübarizənin yüksələn xətt üzrə, xüsusilə də postpandemiya dövründə etdiriləcəyinə əminəm. Əks təqdirdə, hakimiyyət insanlarımızın siyasi etimadını itirə bilər.
Prezidentin bütün son addımları bu prosesin dönməz olduğunu göstərir. Siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının, geniş ictimaiyyətin bu taleyüklü məsələdə dövlət başçısı ilə həmrəylik nümayiş etdirməsi sözügedən sosial bəlanın dövlətimizin həyatından silinib atılacağı ümidlərini gücləndirir.
Siyasi mübahisələri küçələrdə deyil, masa arxasında çözmək imkanları var
-Gələk daxili siyasi proseslərə. Ölkədə hakim partiyanın sədri olan dövlət başçısı bayaq bəhs etdiyimiz sahələrdə olduğu kimi, siyasi müstəvidə də kardinal dəyişiklikdən xəbər verən addımların atılmasına, necə deyərlər, rəvac verdi. Siyasi açılım elan etdi və müxalif siyasi partiya təmsilçilərini bir masa arxasına dəvət etdi. Gerçəklik budur ki, indiyədək müxalif partiya adı ilə “cib müxalifəti”ylə təmas qurulurdusa, indi fərq qoymadan bütün siyasi partiyalar, hətta iqtidar yedəkçilərinin “radikal müxalifət” adlandırdığı partiya təmsilçiləri belə görüşə dəvət edildi. Düzdü, bildiyimə görə Musavat başqanı və AXCP sədri ilə görüş müxtəlif səbəblərdən baş tutmadı, amma müəyyən istisna ilə olsa da, de-fakto əl uzadıldı. Mən hələ illərlə siyası partiyaların qeydə alınmasına qeyri-rəsmi olsa da qoyulmuş qadağanın qaldırılmasını demirəm. Bütün bunları necə şərh edərdiniz?
-Cəmiyyətin siyasi həyatında yenilənmə aparmadan, siyasi münasibətlər sistemini zamanın ruhuna uyğunlaşdırmadan çox da irəli getmək mümkün deyil. Bu baxımdan ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinə hesablanmış addımları müsbət qiymətləndirirəm. İqtidar - müxalifət münasibətlərinin yeni formatda qurulması, bu tərəflər arasında dialoqun davamlı olması üçün Prezident Administrasiyasında yeni-Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması önəmli məsələdir.
Ölkə rəhbərinin bu vacib sahədə siyasətini icra edən şöbənin siyasi təşkilatlarla təmasları daimidir. Müstəqillik tariximizdə ilk dəfə olaraq müxalifət nümayəndələri parlament rəhbərliyində təmsil olunmuşdur.
Partiyaların qeydiyyata alınma məsələlərinin yüngülləşdirilməsi, siyasi arenaya yeni qüvvələrin gəlməsinə qanunlar çərçivəsində şəraitin yaradılması-ölkəmizdə plüralizmin, çoxpartiyalı sistemin inkişafının təzahürüdür.
Bunların hamısı, təbii ki, cəmiyyətdə xoş ovqat, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi üçün isə güclü zəmin yaradır. İndi hər kəs yaxşı görür ki, siyasi mübahisələri meydanlarda, küçələrdə deyil, masa arxasında, parlament müzakirələrində çözmək imkanları vardır. Düşünürəm ki, pandemiyaya qalib gəldikdən sonra bu istiqamətdə yeni-yeni addımların atılmasının şahidi olacağıq. Müstəqil dövlətimizin daha da demokratikləşməsi üçün buna ehtiyac var.
Biz bu yolun cığırını açmışıq
-Mais bəy, vaxt vardı ki, “Yurddaş” partiyası Azərbaycandan kənarda olan yurddaşlarımızla sıx əlaqələr qurar, onların problemlərini prioritet sanar və bu yöndə çox ciddi fəaliyyət göstərər, ölkə gündəminə çevirərdi. İndi bu yöndə bir durğunluq var. Niyəsə əvvəlki mövqeyinizdən geri çəkilmiş kimi görünürsünüz. Müşahidələrimiz bizi aldatmır ki?..
-Bəli, yuxarıda qeyd etdiyim kimi, biz diaspor hərəkatının yaradılmasının təşəbbüskarı olmuşuq. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm: biz bu yolun cığırını açmışıq. Fəaliyyətimizlə bağlı 1989-cu ildən ta bəri, xüsusilə də 2000-ci illərə qədər, yəni Diaspor Komitəsi yaradılanadək ölkəmizdə nəşr edilən qəzet və jurnallarda, TV və radioların arxivlərində kifayət qədər ətraflı materiallar əldə etmək mümkündür. Bizim mətbu orqanımız - "Yurddaş", " "Соотечественник" (1991-1996-cı illər), onların ingilis dilindəki əlavəsi " The Baku Times" (1992-1994-cü illər) fəaliyyətimizin salnaməsidir.
Azərbaycan Milli Kitabxanasının fondunda hər kəs onlarla tanış ola bilər. Dövlət diaspor işini öz üzərinə götürdükdən sonra biz problemin praktik məsələlərindən kənara çəkilməyə üstünlük verdik. Amma bir an olsun belə bu mövzunun siyasi tərəfini diqqətdən qaçırmamışıq. Görülən işlərə obyektiv qiymətlərimizi verir, mətbuatda, tədbirlərdə təkliflərimizi bildiririk.
Hesab edirəm ki, bu sferada hələ görüləsi işlər çoxdur. Diasporla iş fəaliyyəti Prezidentin yeni siyasi xəttinə uyğunlaşdırılmalıdır.
İki partiyanın siyasi təmaslardan imtinası başa düşülən deyil
-Az qala bir qərinədir ki, ölkədə iqtidar-müxalifət mübarizəsi gedir. Səmimi cavab vermənizi istərdim: İqtidar nə istəyir, müxalifət nə istəyir? Bir də niyə bu illərdə müxalif qüvvələr istədiklərinə nail ola bilmədilər? Doğrudanmı didişməyə, parçalanmaya başlıca səbəb “mən” iddiasıdır? Hakimiyyətin təbii və ya süni insan resursu təsirini istisna etsək, başqa hansı səbəbləri sadalayardınız? Ümumxalq birliyinə mane olan nədir?
-Yuxarıda iqtidar - müxalifət münasibətlərinə toxundum. Bu gün AXCP və Müsavatdan savayı digər partiyalar hakimiyyətin dialoq təklifinə qatılıblar. Cəmiyyətdə müsbət qarşılanan yeni siyasi münasibətlərin formatında sözü gedən iki partiyanın yer almaması, siyasi təmaslardan kənarda durması başa düşülən deyil.
Bildiyimə görə, həmin partiyaların sıravi üzvləri arasında iqtidarla münasibətlərin normallaşdırılmasını istəyənlər çoxdur. Məncə, özünütəcrid bu partiyaların özlərinə mənfi təsir edir. Bu təşkilatlardakı zəifləmə, geriləmə , dağılma prosesləri göz qabağındadır. Mənəm-mənəmliklə iş getmir. O qənaətdəyəm ki, müxalifət düşərgəsi İlham Əliyevin yeni siyasi kursunu - genişmiqyaslı islahatlarını, korrupsiya, rüşvət kimi sosial bəla ilə mübarizəsini dəstəkləməlidir. Məhz dəyişən, yeniləşən, qanunların hörmət edildiyi, demokratikləşən bir ölkədə müxalifətin öz siyasi arzularını gerçəkləşdirmək imkanları xeyli artır.
Milli Şuranın potensialı yoxdur, tükənib
-Son günlər Milli Şurada baş verənləri-qurumun yaradıcılarından biri olan Eldəniz Quliyevin MŞ ilə yollarını ayırmasını necə dəyərləndirərdiniz? O özü əqidə yoldaşları haqda ciddi ittihamlar səsləndirib...
-Milli Şura ictimai-siyasi proseslərə təsir edə biləcək qüvvədə deyil. Ola bilsin ki, bu qurumun adı kimlərdəsə təəssürat yaratsın, tələffüzü qulağa xoş gəlsin. Amma fakt budur ki, Milli Şuranın potensialı yoxdur, tükənib. Özlərini aldada bilərlər, lakin ictimaiyyəti yox. Əslində, bu qurumda AXCP-dən başqa bir təşkilat yox kimidir. Əli Kərimli isə gerçəkdə olmayan Milli Şuraya, onun sosial şəbəkələrdə təbliğatına o qədər aludə olub ki, nəticədə doğma təşkilatını unudub. Loru dildə desək, AXCP-dən " bir dəri, bir sümük qalıb". Nə vaxtsa siyasi arenanın gözəgəlimli fiqurlarından olmuş bu partiyanı reanimasiya etmək müşkül görsənir. Bunu siyasi ekspertlər də təsdiqləyirlər. Partiyanı əvvəlki formasına qaytarmaq real görünməsə də, onu yenidən qurub, islahatlar aparıb, ölkədə gedən siyasi proseslərə qatmaq ehtimalı vardır.
Dürdanə CƏLAL,
Globall.az