"Ömrüm boyu ona hörmət etməmişəm"-
Mehdiyev prezident olmaq istəyib?
- Onlara alçaq, simasız, yaramaz adamlar kimi baxıram. Mən ömrüm boyu ona hörmət etməmişəm, bunu mətbuatda da bildirmişəm. Hətta mən İstanbulda baş konsul vəzifəsinə təyin edilərkən Heydər Əliyevə də demişdim ki, Ramiz Mehdiyev mənə zəng-filan eləməsin.
Ramiz Mehdiyevi "Yeni Azərbaycan" qəzetinin baş redaktoru olandan sonra tanımışam. O vaxtlar hər cümə günü iqtidar qəzetlərinin baş redaktorlarını Prezident sarayına çağırıb guya bizə istiqamət verirdi. Ona görə "guya" deyirəm ki, o vaxtlar bizi cəmiyyət daha yaxşı tanıyırdı, nəinki onu. "Yeni Azərbaycan" qəzetində işləməyə gələnə qədər cəmiyyət məni tanıyırdı. Minlərlə məqalənin, çoxlu kitabın, səhnə əsərlərinin müəllifi idim. 43 illik fəaliyyətim var idi. Ramiz Mehdiyevə qulaq asdıqca ürəyimdə gülürdüm. Onun lazımsız göstərişləri, "fikirləri" bizdə ikrah hissi yaradırdı! Düşünürdüm: "Gör, kim bizə yol göstərir?"
Bu adam indiyə kimi heç bir təhsil naziri ilə yola getməyib. Bilirsiniz niyə? Dərsliklərə düşmək istəyir və hesab edir ki, tədris olunmalıdır, məktəblilər onun “elmi-fəlsəfi- siyasi” fəaliyyətini öyrənməlidilər! Məni bir məsələ daim narahat edir. Necə ola bilir ki, onu “dərin dövlət adamı” adlandıran, "14- cü Lüdoviklə müqayisə edən, “dövlətin onurğa sütunu” sayan, "dövlətin xarici və daxili siyasətini yönlədən böyük “ideoloq” olduğunu təbliğ edən deputatlar, təbliğatçılar hələ də öz işlərinin başındadırlar, ekranlardan gözümüzü yağır eləməkdə davam edirlər? Belələri onu təbliğ etdikləri “səmimiyyətlə” və pafosla Azərbaycan Prezidenti haqqında da təriflər, mədhiyyələr söyləyirlər. İnsanın neçə sifəti olar?
Bütün jurnalistlərə deyirəm, toy məsələsini unudun! Biz Ramiz Mehdiyevi toya görə tənqid etmirik! O, bütün fəaliyyəti dövründə Azərbaycan xalqına ziyan vurub, hiylələr edib, hətta adam oğurlatdırıb. Ramiz Mehdiyev bütün həyatı boyu əyri işlərlə məşğul olub!