Tovuzdan gələn 82 yaşlı qadının itkin düşməsinin
TƏFƏRRÜATI
Tovuzun Hunanlar kənd sakini, 1940-cı il təvəllüdlü Firuzə Yusifova may ayının 16-da yaşadığı evdən çıxaraq Bakı şəhərində yerləşən “ARB” telekanalına gedib və bir daha geri qayıtmayıb. Yaşlı qadının itkin düşməsi xəbəri ictimailəşəndən sonra polis əməkdaşları dərhal axtarışlara başlayaraq, onun yerini müəyyən edə biliblər.
82 yaşlı qadının bir həftə ərzində harada olmasını aydınlaşdırmaq üçün Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımovla əlaqə saxladıq.
DİN rəsmisi Modern.az-a bildirib ki, Firuzə Yusifova bu günlər ərzində xəstəxanada olub:
“Qadın “ARB” telekanalındakı verilişdə iştirak etmək üçün Tovuzdan gəlibmiş. Verilişdə iştirak etməsi ilə bağlı dəqiq məlumat yoxdur. Oğlu verilişə gələcəyini bilirmiş. Qadının özü Bakı şəhərinin 4-cü polis bölməsinin əməkdaşlarını tapıb. Polislər onu 18 saylı şəhər poliklinkasına yerləşdiriblər. Səhhətində hər hansı ciddi problem olmayıb. Verilişə hansı səbəblə gəlməsi də məlum deyil”.
Qeyd edək ki, ötən gün polis əməkdaşlarının keçirdikləri müvafiq axtarış tədbirləri nəticəsində Tovuz rayonunun Hunanlar kənd sakini Firuzə Yusifovanın yeri Bakı şəhərində müəyyən edilib.