"Əgər bu cür saxta sənəd aşkarlamışdısa, niyə dərhal tədbir görməmişdir?!"-
Təkzib
Məlum olduğu kimi, Globall.az-ın 01.07.2020-ci il tarixli sayında "Gənclər və İdman nazirliyində maxinasiya-mənimsənilən milyonlar" başlığı altında redaksiya yazısı dərc olunmuşdu. Redaksiyanın poçtuna göndərilən həmin yazıda Gənclər və İdman Nazirliyinin keçirdiyi beynəlxalq yarışlar zamanı Elmar Əliyev adlı şəxsin təşkilatçı kimi üzərinə götürdüyü işlərdə maxinasiyalara yol verdiyindən və mənimsəmələrdən bəhs edilirdi.
Həmin yazının annotasiyasında qeyd etmişdik ki, qanuna uyğun olaraq qarşı tərəfin də cavab haqqını tanıyırıq.
Budur, qarşı tərəf-Elmar Əliyev vəkili vasitəsilə öz hüququndan istifadə edərək redaksiyaya təkzib məktubu göndərib. Oxuculara müqayisə aparmaq, aydınlıq hasil etmək üçün aşağıda həm əvvəlki yazını, həm də qarşı tərəfin təkzib məktubunu olduğu kimi dərc edirik.
_______________________________
Redaksiyamızın poçtuna bir dövlət qurumunu maxinasiyada ittiham edən bir məktub daxil olub. Məktub müəllifi həm də redaksiyaya gələrək iddialarını əyani səsləndirib. Məhz bundan sonra həmin məktubu olduğu kimi dərc edir və qarşı tərəfin də cavab haqqını tanıyırıq.
Beynəlxalq idman yarışlarının ölkəmizdə təşkil edilməsi siyasi, iqtisadi və Azərbaycanın beynəlxalq imicinin formalaşması baxımdan böyük əhəmiyyətə malikdir. Elə bu amilləri nəzərə alan ölkə rəhbəriliyi beynəlxalq idman yarışlarının, həmçinin digər irimiqyaslı mədəniyyət tədbirlərinin Azərbaycanda keçirilməsinə təşəbbüs göstərir və buna yetərincə nail olur. Ölkə rəhbərliyi beynəlxalq yarışların Azərbaycanda keçirilməsinə nail olmaqla bərabər, həmin tədbirlərin qüsursuz icra edilməsinə də nəzarət edir, maliyyə xərclərini ödəyir, zəruri olan infrastrukturu yaradır.
Lakin buna baxmayaraq cəmiyyətdə beynəlxalq tədbirlərin təşkili üçün ayrılmış vəsaitlərin sərfiyyatında şəffaflığın olmaması barədə məlumatlar mövcuddur. Elə "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin 100 milyon manat vergi borcunun olması barədə məlumatlar da bu qəbildəndir. Yayılan məlumatlara görə, sərfiyyatında nöqsanların mövcud olduğu beynəlxalq tədbir təkcə "Bakı 2015" I Avropa Oyunları deyil. 2016-cı ildən bu günədək Bakı şəhərində keçirilən Avropa Qran Prisi (Formula 1) və əlaqəli digər yarışlar, həmçinin IV İslam Həmrəyliyi Oyunları, “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalı və sair beynəlxalq tədbirlər də bu qəbildəndir.
Bəs bu maliyyəni ayıranlar beynəlxalq yarışların təşkilatçılığı həvalə edilmiş Gənclər və İdman Nazirliyində maliyyə vəsaitlərinin sərfiyyatında neqativlərə yol verilməsindən məlumatlıdırlarmı? Müşahidələr təsdiq edir ki, bəli. Hətta o dərəcədə ki, deyilənə görə nazir Azad Rəhimovun hökumətin yuxarı eşelonunda nüfuzu azalıb. Cənab Rəhimovun Nazirlər Kabinetinin son yenilənməsində nazir vəzifəsini itirməkdən son anda qurtulmasını da ona olan etimadın azalması ilə əlaqələndirənlər var.
Beynəlxalq tədbirlərin təşkil edilməsi üçün ayrılmış maliyyə vəsaitinin sərfiyyatında neqativlərə yol verilməsi hardan qaynaqlanır? Nazir Azad Rəhimova talançıların kimliyi məlumdurmu? Hansı səbəblərdən dövlət əmlakının mənimsəyənlərin fəaliyyətinə son qoyulmur? Olmaya cənab Rəhimov maliyyə maxinasiyalarından fayda görən şəxslərin siyahısına rəhbərlik edir? Butün bunlara isə yalnız Gənclər və İdman Nazirliyinin rəsmi mövqeyi aydınlıq gətirə bilər.
İndilikdə isə onu qeyd edək ki, Gənclər və İdman Nazirliyinin nəzdində Tədbir Əməliyyat Komitəsi (EVENTOC) yaradılıb. Tədbir Əməliyyat Komitəsinin maliyyə direktoru isə Əliyev Elmar Ziyafət oğludur.
Təəccüblüsü budur ki, Əliyev Elmar Ziyafət oğlunun neqativ fəaliyyəti barədə məlumatlar təkcə onun EVENTOC-un maliyyə direktoru vəzifəsi ilə bağlı deyil, həm də, bu vəzifədən kənar, yəni iş adamı niqabında həyata keçirdiyi fəaliyyətlə də bağlıdır. Belə çıxır ki, Elmar Əliyevin timsalında həm məmur, həm də sahibkarlıq fəaliyyəti bir-birini tamamlayır, əks halda genişmiqyaslı maxinasiyalar reallaşa bilməzdi.
Beynəlxalq oyunların keçirilməsi üçün alınmış mal və avadanlıqların, “Avropa Oyunları” etiketli geyim mallarının ayrı-ayrı mağazalarda satılması, tədbirin təşkili üçün ayrılmış pul vəsaitlərinin yeni təsis edilmiş MMC-lərə köçürmə yolu ilə nəğdləşdirilməsi, əməkhaqları yüksək məbləğdə rəsmiləşdirilsə də, işçilərə, xüsusilə sürücülərə aşağı həddə əməkhaqqı verilməsi, yaxın qohumlara və dostlara “Azpetrol” yanacaqduldurma məntəqsinin ödənişsiz yanacaq tədarükünə icazə verən kartların paylanması, külli miqdarda vergi borcunun yaranması və sair korrupsiya əməlləri barədə yayılan məlumatlar doğrudursa, bu halda nazir Azad Rəhimov ya Elmar Əliyevin fəaliyyətinə nəzarət etmir, ya da Azad müəllimlə Elmar Əliyevi dostluq-qardaşlıq münasibətləri birləşdirir və onlar birgə çalışırlar.
Elmar Əliyevin çoxşaxəli gəlir mənbələrindən biri də “obnaliçka” adlandırılan pul nəğdləşdirilməsidir. Bu məqsədlə Elmar Əliyev qohumları Faiq Əliyev, Əsgər Əliyev, Nurlan Qafarov, qaynatası Altun, dostları Mirzəzadə Elgiz Asif oğlu və Mehdi, həmçinin digər yaxın adamlarının adına çoxsaylı MMC-lər təsis edib. Belə MMC-lər ixtisaslaşmış olmasalar da, tender və katirovkaların qalibi elan edilir, mal-materialların alınması adı altında yüzlərlə elektron qaimələrin tərəfinə çevrilirlər. Bu istiqamətdə Elmar müəllimə kömək edənlərdən biri də atası Ziyafət Əliyevdir.
Elmar Əliyev yaxın adamlarının adına təsis etdiyi MMC-ləri atası Əliyev Ziyafət Əsgər oğlunun direktoru vəzifəsində işlədiyi “SALYANNEFT” MMC-nin elan etdiyi tenderlər və satınalmalarda qalib elan edərək pul vəsaitlərinin silinməsi ilə məşğul olur. “SALYANNEFT” MMC-nin kadrlar şöbəsinin rəisi Ziyafət Əliyevin qardaşı Yəhya Əliyev olub.
İki qardaş “SALYANNEFT” MMC maliyyə-mühasibatlıq yoxlanılmasına əsas olan əməliyyatlar aparıblar. Nəticədə Yəhya Əliyev vəzifəsini itirib və yayılan məlumatlara görə onun fəaliyyəti Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.
Əliyev Elmar Ziyafət oğlunun özfəaliyyəti bununla bitmir. Qəribə olsa da, Elmar Əliyevin xaricədə mühacir həyatı yaşamaq istəyənlərə, yəni Avropa ölkələrində kök salıb hökumət üzvlərini söymək istəyənlərə yardım etdiyi bildirilir. Bu istiqamətdə Elmar Əliyevin əsas rolu səfirliklərdə viza verilməsi üçün əsas olan “iş yerindən arayış” təşkil etməkdən ibarətdir. Başqa sözlə, iş yerindən arayış olmadan səfirliklərdən viza almaq müşkül məsələdir. Deməli, Elmar Əliyevin təşkil etdiyi saxta arayışlar Avropaya açar rolunu oynayır. Qəribəsi həm də budur ki, Elmar Əliyev belə arayışları Gənclər və İdman Nazirliyinin nəzdində Tədbir Əməliyyat Komitəsinin (EVENTOC) adından verir. Belə çıxır ki, EVENTOC-un baş direktoru Elçin Səfərov ya yerində deyil, ya da komitənin möhürünü Elmar Əliyevə etibar edib onun əməllərinə şəriklik edir. Səbəbindən asılı olmayaraq Elçin Səfərov-Elmar Əliyev tandeminin arayış biznesini təmənnasız həyata keçirmədikləri şübhə doğurmur.
Elmar Əliyevin sadalanan və təbii ki, sadalanmayan çoxşaxəli gəlir mənbələrdən əldə etdiyi milyonlar onun Bakı şəhərinin müxtəlif yerlərində daşınmaz əmlaklara mülkiyyət hüququnun yaranmasına əsas olub. Bu təəccüblü deyil. Təəccüblüsü budur ki, Elmar müəllim əsaslı kapital qoyuluşlarını Almanida həyata keçirir. İnanmayanlar, Əliyev Elmar Ziyafət oğlunun son illər Almaniya səfərlərinin sayı barədə çıxarış əldə etsələr, onun Almaniya sevgisinin qaynağı barədə göstərdiklərimizin həqiqiliyinə əmin ola bilərlər. Almaniyada Hostel və evlər alması Elmar Əliyevin Azərbaycanla bağlı nikbin fikirdə olmadığını təsdiq edir. Əgər belə olmasaydı, Elmar müəllim əsaslı kapital qoyuluşlarını yalnız Azərbaycanda həyata keçirərdi, nəinki Almaniyada.
Azərbaycanda həyata keçirilən beynəlxalq tədbirlərə Azərbayan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etməsi hər kəsə məlumdur. Belə olan halda bu tədbirlərin maliyə sərfiyyatında əliəyriliyə yol verilməsi ikiqat məsuliyyətdir. Ehtimal etmək mümkündür ki, aidiyyəti dövlət orqanları Gənclər və İdman Nazirliyinin nəzdində Tədbir Əməliyyat Komitəsinin maliyyə-mühasibatlıq fəaliyyətini təftiş edəcək və heç olmasa bundan sonra maliyyə maxinasiyalarının qarşısını alacaq.
__________________________
TƏKZİB MƏKTUBU
"Sizin Saytda-Globall.az-da yazılan məqalayə cavab olaraq bəzi məqamlara şərh vermək istərdim:
İlk öncə məsələyə hüquqi nöqteyi nəzərdən yanaşmaq lazımdır. Tədbir Əməliyyat Komitəsi və digər beynəlxalq idman yarışlarını həyata keçirən qurumlar dövlət orqanı tərəfindən təsis edilsə də, müstəqil Əməliyyat Şirkətləri kimi fəaliyyət göstərmişdir. Yəni Əməliyyat Şirkətləri Dövlət Qulluğu haqqında AR qanunun 8-ci madddəsinə əsasən dövlət orqanı kimi nəzərdə tutulmamışdır. Eyni zamanda həmin qanunun 8.3-cü maddəsində qeyd edilir ki, “Konkret dövlət orqanlarının və onların bölmələrinin müvafiq kateqoriyalara aidiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu Qanun əsasında müəyyən edilir”. Göründüyü kimi bu qanun Tədbir Əməliyyat Komitəsi və digər beynəlxalq idman yarışlarını həyata keçirən qurumlar üçün şamil edilmədiyindən Elmar Əliyevin məmur adlandırılması hüquqi savadsızlıqdan və böhtandan başqa bir şey deyil. Bu cür böhtan AR Cinayət Məcəlləsinin 147-ci maddəsinin (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) tərkib hissəsini yaradır.
Sahibkar anlayışına gəldikdə qeyd etmək istərdik ki, Dövlət qulluğu sahəsində çalışmayan istənilən şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Bunun üçün “Sahibkarlıq fəaliyyəti haqqında” AR qanunun 1-ci maddəsini (Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir) oxumaq kifayətdir.
Bəs nə üçün Tərəf hüquqi araşdırma aparmadan şəxsi məmur-sahibkar adlandırır? Görünür Tərəf hüquqi savadsızlıqdan çox şəxsi gözdən salmaq və ya onun əvvəllər
işlədiyi yerlərin rəhbərlərinin təzyiqi ilə hədələmək istəyir. Bu cür ucuz və biznesə yaraşmayan yolla istənilən şəxsə böhtan atmaq həmin şəxsin kimliyindən xəbər verir.
2. “Mətbuat yazır ki, buna baxmayaraq cəmiyyətdə beynəlxalq tədbirlərin təşkili üçün ayrılmış vəsaitlərin sərfiyyatında şəffaflığın olmaması barədə məlumatlar mövcuddur.” – məqalədən çıxarış
Məqalədə qeyd edilən daha bir absurd məsələ ilə bağlı açıqlama vermək istərdim. Guya vəsaitlərin sərf edilməsində şəffaflıq pozulmuşdur. Şəffaflıq necə pozula bilər ki, 1-ci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları zamanı Əməliyyat Komitəsi tərəfindən xərclənən vəsait müvafiq dövlət və beynəlxalq qurumlar tərəfindən dəfələrlə yoxlanmış və hər hansı neqativ hal aşkara çıxmamışdır.
Daha sonra yaranmış 100 milyon vergi borcu barədə demək istərdim ki, bu günə qədər -ci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları zamanı Komitə tərəfindən dövlətə ödənilməmiş vergi borcu qalmamışdır. Azərbaycan dövlətçiliyini beynəlxalq arenalarda tanıtmasına yönəlmiş beynəlxalq idman tədbiri haqqında əsası olmayan məlumatların yayılması qarşı tərəfin siyasi savadsızlığından irəli gəlir.
3. “Beynəlxalq oyunların keçirilməsi üçün alınmış mal və avadanlıqların, “Avropa Oyunları” etiketli geyim mallarının ayrı-ayrı mağazalarda satılması, tədbirin təşkili üçün ayrılmış pul vəsaitlərinin yeni təsis edilmiş MMC-lərə köçürmə yolu ilə nəğdləşdirilməsi, əməkhaqları yüksək məbləğdə rəsmiləşdirilsə də, işçilərə, xüsusilə sürücülərə aşağı həddə əməkhaqqı verilməsi, yaxın qohumlara və dostlara “Azpetrol” yanacaqduldurma məntəqsinin ödənişsiz yanacaq tədarükünə icazə verən kartların paylayanması, külli miqdarda vergi borcunun yaranması və sair korrupsiya əməlləri barədə yayılan məlumatlar” – məqalədən çıxarış
Daha bir yalan məlumat barədə fikir bildirərək qeyd etmək istərdim ki, Avropa Oyunları etiketli geyim mallarının satışı yalnız Əməliyyat Komitəsinin rəsmi partnyorları tərəfindən həyata keçirilmişdir. Etiketli geyim mallarının və ya avadanlıqların Oyunlar vaxtı və ondan sonra satışın həyata keçirilməsi Oyunların kommersiya məqsədinin davamı kimi qiymətləndirilməlidir. Əməliyyat Komitəsi Avropa Oyunları vaxtı qanunsuz satışla bağlı müvafiq dövlət qurumları ilə birgə reydlər təşkil etmiş və icazəsiz biznes fəaliyyəti ilə məşğul olanlar qanuni qaydada cəzalanmışlar.
Doğurdanmı müəllif elə hesab edir ki, ölkənin siyasi və iqtisadi tarixində böyük rol oynayan 1-ci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Avropa Gənclər Festivalı və Formula 1 yarışlarına ayrılan pul vəsaitini dövlət və beynəlxalq idman qurumları tərəfindən nəzarətsiz qalaraq mənimsənilmişdir. Məsələyə bu cür sadəlöv yanaşanlar bilməlidirlər ki, ayrılmış pul vəsaitinin hesabatı bir deyil bir neçə maliyyə qurumuna göndərilir, üstəlik, maliyyə qurumlarından başqa Oyunların sahibi sayılan Olimpiya Komitələri tərəfindən özünəməxsus şəkildə yoxlama proseduru həyata keçirirlər. Yuxarıda yazılanlara bir daha nəzər salsaq, aydın olur ki, Tərəf hüquqi şəxsin gördüyü işlərdən tam məlumatsızdır və yazılar fərziyədən başqa bir şey deyil.
4. “Bu istiqamətdə Elmar müəllimə kömək edənlərdən biri də atası Ziyafət Əliyevdir. Elmar Əliyev yaxın adamlarının adına təsis etdiyi MMC-ləri atası Əliyev Ziyafət Əsgər oğlunun direktoru vəzifəsində işlədiyi “SALYANNEFT” MMC-nin elan etdiyi tenderlər və satınalmalarda qalib elan edərək pul vəsaitlərinin silinməsi ilə məşğul olur.” - məqalədən çıxarış
Yazıdakı məqamlara diqqətlə araşdırdıqda məlum olur ki, tərəfin fantaziyalarının və uydurmalarının dairəsi çox genişdir. Əliyev Ziyafət Əsgər oğlu həqiqətən “SALYANNEFT” MMC direktorudur. Lakin tərəf yenə hüquqi savadsızlıq ucbatından adı çəkilən şirkətin tender və satınalmalarda iştirak hüququna malik olmadığını bilmir. Bu da tərəfin ikinci hüquqi şəxs barədə böhtan xarakterli məlumatların yayılmasına dair ikinci fakt.
5. “Bu istiqamətdə Elmar Əliyevin əsas rolu səfirliklərdə viza verilməsi üçün əsas olan “iş yerindən arayış” təşkil etməkdən ibarətdir.” - məqalədən çıxarış
Bu cür gülünc şəkildə ittihamlar səsləndirməklə və ya arayışı kütləvi şəkildə göstərməklə tərəf özünü ifşa edir. Əlavə edilmiş arayışda möhürün və imzanın saxta olduğu aydın şəkildə görsənir. Görünür müəllifin böhtan atmaqla yanaşı peşəkar şəkildə qrafik saxtakarlıqla məşğuldur. Əgər bu cür saxta sənəd aşkarlamışsa niyə dərhal tədbir görməmişdir?!
6. Bir məqamı da qeyd etməyi özümə borc bilirəm. Məqalə yazılarkən məqalənin kim tərəfindən yazıldığı barədə hər hansı qeydin olmaması, əsassız olaraq medianın adından istifadə olunması tərəfimdən media etikasına zidd addım kimi qiymətləndirirəm.
Məqalənin sonunda məlum olur ki, Tərəf iştirak etdiyi sahibkarlıq münasibətləri ilə bağlı digər tərəfin dövlət orqanları tərəfindən yoxlanılmasından narahatdır. Bəlkə də yuxarıda sadalanan və əsas məsələyə (sahibkarlıq fəaliyyəti ilə bağlı) heç bir aidiyyəti olmayan hüquqi şəxslərin adlarının çəkilməsi tərəfin məqalənin sonunda etiraf etdiyi narahatçılıqla bağlıdır?