İntihar edən qızı tutmağa çalışan şəxs gömrükçüdür
- FOTO
Bakıda 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan atanda onu xilas etməyə çalışan Zahid Niyazov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.
Globall.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov məlumat verib.
N.Axundov qeyd edib ki, Zahid Niyazovun vəziyyəti ağır stabil olaraq qalır:
"Əməkdaşımız Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində müalicə alır. Həkimlərimiz lazımi dəstəyi verirlər. Ümid edirik ki, tezliklə sağlamlığına qovuşacaq".
TƏBİB-dən Modern.az-a verilən məlumata görə, 37 yaşlı Zahid Niyazov xəstəxanaya daxil olarkən onda sol qolunun mil sümüyünün yerdəyişən sınığı, sol bazu oynağının çıxığı, döş qəfəsinin küt travması və burun qanaxması aşkarlanıb.
Mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atıb.
Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, hadisə nəticəsində nəticədə X.Babayeva ölüb, Z.Niyazov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
İlkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib