Azərbaycanda Sosialist Turan dövləti qurmaq istəyən general
İnqilabçı Mirsəyid Sultanqaliyev 1892-ci il iyulun 13-də Başqırdıstan Respublikasının Elimbetova kəndində tatar müəllimin ailəsində doğulub. Kənd məktəbindən sonra Kazandakı Tatar Pedaqoji İnstitutundan da məzun olub. Qaliyev marksist fikirlərlə bu ali məktəbdə tanış olur, məzun olduqdan sonra bir müddət müəllim işləyir. Qaliyevin pedaqoji fəaliyyəti Bakıda yaşadığı dönəmlərə təsadüf edirdi.
Bir müddət Ufa şəhərinin bələdiyyə kitabxanasında işləyən Qaliyev burada yayımlanan “Ufimskiy Vestnik” və “Tormus” qəzetlərində müxtəlif adlarla yazılar yazdı. 19 yaşında Moskvada menşevik Əhməd bəy Qalikovun sahibi olduğu “Musulmanskaya Gazeta”da hekayələr yazmağa başladı. Üstəgəl, 1911-1914-cü illərdə Moskvada yayımlanan “Russkiy Uçitel” qəzetində də yazırdı. Qaliyev ən nüfuzlu müsəlman jurnalı olan “Mir İslama” üçün də yazarlıq edirdi.
Konqresdən sonra Kazana gedən Qaliyev burada Müsəlman Sosialist Komitəsinə qatıldı, qısa müddətdə Molla Nur Vahidovla birlikdə komitədə iki adamdan biri oldu. 1917-ci ilin oktyabr ayında Kommunist Partiyasının sıralarında qoşulan Qaliyev Stalinlə münasibətlərini sıxlaşdırdığı Sovet Xalq Komissarlığında ikinci katib postunu tutdu.
Qaliyevin katib olduğu Xalq Komissarlığı Şurası Rusiyada müsəlmanların ən müqəddəs dəyərlərindən biri olan “Həzrəti Osmanın Quranı”nı Milli Kitabxanadan çıxararaq, Petroqrad Müsəlman Konqresinə göndərdi. Bu kimi addımlar vaxtilə çarın zülmündən təngə gələn müsəlmanların (türklər) bir-bir, iki-bir Kommunist Partiyasının sıralarına qoşulmasına səbəb olurdu. Lakin bunlar Qaliyev üçün kifayət etmirdi. Stalin isə bütün müsəlmanları bolşevikləşdirmək niyyətində idi. Bu məqsədlə 1918-ci ilin yanvar ayında qurulan Müsəlman Xalq Komissarlığına geniş səlahiyyətlər verilmişdi.
Qaliyev və Müsəlman Xalq Komissarlığı kommunizmi əvvəlcə Rusiya daxilindəki müsəlman bölgələri, növbəti mərhələdə isə Şimali Azərbaycan, Güney Azərbaycan, Orta Asiya ölkələri və Türkiyədə yaymağı hədəfə almışdı. Bunun üçün də müsəlman türklərdən ibarət milli dövlət qurmaq lazım idi. Sultanqalıyevin üç böyük ideyası vardı: Türk-İslam dünyasının birliyi; Bütün üçüncü dünyanın əsarət altına alınan və əzilən xalqlarının birliyi və İmperialist kapitalizmin əsarətindən xilas olmuş insanlığın həmrəyliyi. Sultanqaliyev bu ideyalarını Turan Sosialist Federativ Xalq Cümhuriyyəti, Kommunist Əsarətlər İnternasionalı və Dünya inqilabı adlı anlayışlarla izah edirdi. Qaliyevə görə, İdil-Ural bölgəsində qurulacaq Tatar-Başqırd Dövləti inqilabı bütün Şərqə yayılacaqdı.
1919-cu ilin avqust ayında Kazanı ələ keçirən çexlər Molla Nur Vahidovu həbs edərək güllələdilər. Vahidovun öldürülməsi və Qaliyevin planlarının qarşısına böyük maneələrin çıxarılması Stalin üçün qarşıdakı illərdə müsəlmanlardan gələn təhlükənin qarşısının alınması baxımından böyük bir qalibiyyət idi.
Qaliyev yenidən həbs olunduğu 1928-ci ilədək müxtəlif dövlət qurumlarında işlədi. 1923-1928-ci illər arasında daimi müşahidə altında saxlanılan Sultanqaliyev kommunist tatarları yenidən bir araya toplamaq üçün təşkilatlanma planlarını həyata keçirirdi. Bu beş ildə yeni bir nəzəriyyənin təməllərini ataraq, gizli bir əks-inqilab təşkilatı qurduğu iddia olunur. Əlbəttə, gizli səyləri cəzasız qalmadı, 1928-ci ildə yenidən həbs edildi.