"Ermənistan bu dəfə də dövlətçiliyin itirilməsi astanasında idi -
biz xilas etdik, amma onlar…"- Kalaşnikov
Rusiya artıq ikinci dəfədir ki, Ermənistanı və erməniləri xilas edir. Tarixi unutmamalıyıq. Qars müqaviləsi olmasaydı, bu gün Ermənistan bir dövlət olaraq mövcud olmazdı.
Bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov “Rusiya 1” kanalında yayımlanan “Vladimir Solovyov ilə axşam” verilişində deyib.
Onun sözlərinə görə, 1921-cü ilin Qars müqaviləsi ermənilərin qurtuluşu kimi xatırlanmalıdır:
“Həmin dövrdə Türkiyə daşnakları İrəvana qədər qovdu, onları xilas edən isə bolşeviklər oldu. Bunu unutmaq olmaz. Hazırda ermənilərin, ciddi desək, ikinci xilası yetişdi. Ermənistan həm o vaxt, həm də bu dəfə dövlətçiliyin itirilməsi astanasında idi”.
Kalaşnikov Rusiya və Ermənistanın müttəfiqliyinə də toxunub:
“Hər dəfə bu studiyada “Ermənistan Rusiyanın müttəfiqidir” tezisini eşidirik. Ermənistan Rusiyanın deyil, əksinə, Rusiya Ermənistanın müttəfiqidir. Gəlin dürüst olaq. İki tərəfin bir-birini qarşılıqlı dəstəkləməsi – müttəfiqlikdir. Bəs Ermənistan Rusiyanın necə müttəfiqidir? Onlar Krımı tanımırlar, ABŞ-ın bakterioloji laboratoriyaları ilə, yəni Sorosla müttəfiqdirlər… Bu siyahı davam etdirilə bilər”.