AMEA: “Ramiz Mehdiyev “Təzadlar” qəzetinə müsahibə verməyib...”-
ONUN ADINDAN YALAN YAZIBLAR
Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidməti Ramiz Mehdiyevin adından “Təzadlar” qəzetində yazılanları təkzib edib. Və bəyan edib ki, AMEA-nın prezidenti heç bir qəzetə müsahibə verməyib, amma “Təzadlar” qəzetinin əməkdaşı ilə telefonda danışıb.
Bəyanatda deyilir ki, 10 sentyabr 2020-ci il tarixində “Təzadlar” qəzetində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin guya bu mətbu orqana müsahibə verdiyinə dair həqiqətə uyğun olmayan məlumat yayılıb.
“Xatırlatmaq istəyirik ki, 9 sentyabr 2020-ci il tarixində bu qəzetin bir əməkdaşı baş redaktorun adından akademik Ramiz Mehdiyevin iş telefonuna zəng vuraraq, ondan ölkədə cərəyan edən siyasi proseslərə dair şərh verməsini istəyib.
Öz növbəsində AMEA prezidenti siyasi proseslərə dair hər hansı şərh vermək niyyətində olmadığını bildirib. Dövri mətbuatda böhtanlar səsləndirən şəxslərin, xüsusilə də Fəzail Ağamalının və Maksim Musayevin fikirlərinə münasibət bildirmək xahişinə cavab olaraq isə akademik Ramiz Mehdiyev onların heç birini ciddi qəbul etmədiyini bir daha vurğulayıb. Eyni zamanda o, böhtan atan şəxsləri məhkəməyə verməyə hazırlaşdığını və müvafiq prosedurların aparılması üçün vəkil tutulduğunu da jurnalistin diqqətinə çatdırıb.
Bir daha bəyan edirik ki, bu günlərdə akademik Ramiz Mehdiyev heç bir yerli və xarici KİV-ə müsahibə verməyib. AMEA-nın rəsmi saytında dərc edilmiş açıqlamalar istisna olmaqla, onun adından yayılan heç bir məlumat həqiqəti əks etdirmir”,- AMEA-nın mətbuat xidməti bildirir.