DİN qarşısında aksiya -
Aktivistə töhmət verilib /YENİLƏNİB/ VİDEO
İyunun 16-da Daxili İşlər Nazirliyin qarşısında aksiyanın təşkilatçısı Nərmin Şahmarzadə sərbəst buraxılıb.
Şahmarzadənin sözlərinə görə, onu Daxili İşlər Nazirliyinin İnzibati binasının qarşısında saxlayaraq Xətai Rayon İcra və Probasiya Şöbəsinə gətiriblər.
"Məni bir il yarım öncə Mübariz İbrahimova görə məhkəməyə vermişdilər və 2019-cu ildə məhkəmə barəmdə qərar çıxartdı. Məhkəmə barəmdə 100 sutka müddətinə azadlığın məhdudlaşdırılması qərarı çıxarıb. Qərara görə, mən saat 12-dən 7-yə qədər evi tərk edə bilmərəm, həmçinin hər hansı aksiyalarda iştirakım qadağandır. Probasiya şöbəsində izahat yazdım və mənə töhmət verildi. Daha iki töhmət verilsə, bu, həbslə nəticələnə bilər".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən və Ədliyyə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
*** 20:56:13
DİN qarşısında polis zorakılığına qarşı etiraz aksiyası
Çərşənbə axşamı saat 14-də bir qrup qadın fəal DİN-in binası qarşısında "Polis zorakılığına son!" şüarı altında etiraz aksiyası keçirib. Fəallar iyunun 7-də və 8-də sərt karantin günlərində Yeni Yasamal yaşayış massivinin sakinlərinə qarşı polis zorakılığına etiraz ediblər.
Fəal Nərmin Şamharzadə aksiyanın keçirildiyi yerə gələn polis əməkdaşlarına bildirib ki, iyunun 8-də vətəndaşlar zibil atmaq üçün çıxan insanın həbsinə etiraz ediblər. İnsanlar polisə zibil atıblar, heç bir polis xəsarət almayıb.
"Sizin vəzifəniz vətəndaşların hüquqlarını qorumaqdır. Sizlər isə məhkəmə qərarı olmadan, qanunsuz şəkildə vətəndaşın evinə basqın edirsiniz, vətəndaşı yarıçılpaq vəziyyətdə ailəsinin gözü qabağında basıb aparırsınız, söyüş söyürsünüz, şillələyirsiniz Siz o vətəndaşın yerində olsanız, buna razı olarsınız, kimsə sizə belə eləsin? Hələ bütün bu qanunsuzluqları videoya da çəkmisiniz. Polis əməkdaşlarında bu cəsarət hardandır?", deyə o bildirib.
Buna cavab olaraq polis Şahmarzadəni və digər aksiya iştirakçılarını saxlayıb, avtobusa mindirərək aksiya yerindən aparıb. Bu zaman fəallar "Polis zorakılığına son!" şüarı səsləndirirdilər.
DİN məsələ ilə bağlı şərh verməyib./turan