Bədrəddin Quliyev:
"Qərb ölkələri özlərini elə aparır ki, sanki heç nə baş verməyib"
Son bir həftədə Ermənistanda, xüsusilə İrəvanda siyasi ehtiraslar yenidən alovlanıb. Müxalifəti təmsil edən keçmiş “hərbi xunta rejimi” tərəfdarları bir araya gələrək mövcud iqtidarı devirməyə hazırlaşırlar. Bu dəfə 1998-ci ildə olduğu kimi deyil, siyasi müxalifət adına hərəkət edilir. Ona görə də İrəvanda etiraz aksiyalarını gücləndiriblər. Hal-hazırda İrəvanda proseslərin hansı məcrada davam edəcəyi də sual altındadır. Globall.az qonşu ölkədə baş verən siyasi proseslərə aydınlıq gətirmək üçün bir neçə sualla Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyevə müraciət edib. Bədrəddin bəy İrəvandakı müxalifət və iqtidarın perspektivi barədə suallarımızı cavablandırıb. Həmin müsahibəni oxuculara təqdim edirik. – Əvvəla onu qeyd etmək lazımdır ki, Gürcüstanın Abxaziya və Cənubi Osetiya, Azərbaycanın Dağlıq Qarabağ və onun ətraf bölgələri Rusiya tərəfindən 27 ildir işğal altındadır. Ermənistanda Gümrü şəhəri və onun ətraf bölgələri də Rusiyanın 102 saylı hərbi bazası tərəfindən işğalçılıq siyasətinin nəticəsi kimi nəzarətdədir. Faktiki olaraq Ermənistanın bu bölgəyə nəzarəti yoxdur. Digər bölgələrdə isə həyat ölü nöqtəsindədir. Az-çox həyat mənbəyi İrəvandadır. Buranı öz idarəçiliyi altına almaq üçün 30 ildir gərgin mübarizə gedir. İndi siyasi proseslərin gərgin olması mənasında bir sıra amillər mövcuddur. Baş nazir Nikol Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşıb, xəstəliyin yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbilə sürətlə sosial dayaqlarını itirmək üzrədir. Bu durumdan yararlanmaq üçün müxalifət hərəkətə keçib. Erməni mətbuatı bu faktlara istinadə edərək Paşinyanın aqoniya vəziyyətində olduğunu iddia edir və bunun əsas səbəbini isə parlament müxalifətinin, xüsusilə “Çiçəklənən Ermənistan" partiyasının açıq şəkildə hökuməti tam tərkibdə istefasını tələb etməsini göstərirlər. – Nədən bu partiya daha çox şişirdilir? – Ona görə ki, üç il öncə “hərbi xunta rejimi” tərəfdarlarına qarşı aparılan təbliğatların sonucu olaraq, onlar indiki məqamda siyasi arenada aktiv şəkildə görünməkdən bir qədər ehtiyat edirlər. Bir də İrəvanda əhalinin əksəriyyəti “Qarabağ klanı” adlanan siyasi çevrələri o qədər də həzm etmək istəmirlər. Belə bir durumdan yararlanmaq istəyən əsas güc parlamentdə “ana müxalifət” statusunu qazanmış “Çiçəklənən Ermənistan" partiyası bu missiyanı öz üzərinə götürüb. Onlar ilk addımda baş nazir Paşinyanın dərhal istefa verməsini gündəmə gətirdilər. Paşinyanın müxalifətin və "Çiçəklənən Ermənistan" partiyasının istefaya çağırış tələblərinə cavabı gecikmədi - Milli Təhlükəsizlik Xidməti 14 iyunda partiyanın sədri Qaqik Sarukyana və onun tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açdı. Milli Təhlükəsizlik Xidmətinin Sarukyanın evində axtarış aparması isə həsas siyasi mühiti daha da gərginləşdirib. Paşinyanın həmləsinə Sarukyanın cavabı gecikmədi. “Çiçəklənən Ermənistan" partiyasının parlament fraksiyası (25 deputat) və tərəfdaşları 15 iyunda Milli Təhlükəsizlik Xidmətinin binasının qarşısında mitinq keçirərək “Paşinyan get!”, “Sarukyan baş nazir!” şüarlarını səsləndiriblər. Rəsmi informasiyalara görə, həmin mitinqdə aralarında deputatların da olduğu 90 nəfər saxlanılıb. Ancaq bu rəqəmin sayının 200 nəfərdən çox olduğu bildirilir. 15 iyunda bir addım da olsun geri çəkilməyəcəyini elan edən Sarukyan ona qarşı təzyiqlərin başlandığını, bununla pandemiya dövründə hökumətin bacarıqsızlığını gizlətməyə, xəstəliyə yoluxan on minlərlə insanın, yüzlərlə ölənin məsuliyyətini ört-basdır etməyə çalışdığını bildirib. Sarukyanın 2-3 aydan sonra aclıq təhlükəsinin baş verə biləcəyini vurğulaması isə ciddi rezonans doğurub. – Deməli belə çıxır ki, “Çiçəklənən Ermənistan" partiyası və onun lideri Sarukyan bir addım da olsun geri çəkilmək fikrində deyil. Axı onun keçmiş “hərbi xunta rejimi”nin tərəfdarları ilə olduqca isti münasibətləri var və heç kimə sirr deyil ki, 1998-ci ildən 2018-ci ilə qədər iqtidarda olmuş Robert Köçəryan və Serj Sarqsyanın prezidentliyi dönəmlərində ölkədə iri çəkili oliqarxlara çevrilənlərdən biri də Sarukyandır. – İndiki məqamda Sarukyanın önə çıxması həm də hüquqi baxımdan onun statusu ilə bağlıdır. Ona görə də radikal addımlar atmaqla gündəmi zəbt edib. 15 iyunda Baş Prokuror parlamentə müraciət edərək Sarukyanın deputat toxunulmazlığının qaldırılması məsələsi ilə bağlı müraciət göndərib. 16 iyunda məsələ parlamentdə müzakirə edilib və 87 səslə onun deputat toxunulmazlığı qaldırılıb. “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyalarının parlament fraksiyası iclasda iştirak etməyiblər. Beləliklə, Sarukyanın həbs edilməsinin qarşısında ən böyük hüquqi maneə aradan qaldırılıb. Paşinyan hökuməti Sarukyana qarşı hüquq çərçivəsində hərəkət etdiklərini bildirsə də, bir çox siyasi partiyalar bunun siyasi məqsəd daşıdığını və onu zərərsizləşdirmək üçün inzibati mexanizmlərdən istifadə edildiyini bildirirlər. Sarukyanla bağlı hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, QHT-lərin və Qərbin səssizliyi də heyrət doğurur. – Deməli qazanda nələrin qaynadığını və proseslərin arxa planında hansı olayların yaşandığını beynəlxalq birlik dərindən analiz edir... – Əlbəttə, bunsuz mümkün olan iş deyil. Sarukyanın tərəfdarları 17 iyunda parlamentin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınıb və yüzlərlə adam saxlanılıb. Polis aksiyanı işıqlandıran jurnalistlərə güc tətbiq edib. Hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunması, həm də KİV-in sərbəst fəaliyyətinə imkan yaradılmaması və s. Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınıb. Sual yaranır, Qərb niyə susur? ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib. – Sizin fikrinizcə nədən belə bir etinasızlıq yaranıb? – Biz onu deyə bilərik ki, bu ilk hadisə deyil ki, Qərb özünü görməməzliyə vurub. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdikdə niyə reaksiya verilmədi? Populist çıxışları ilə tanınan Paşinyanın hakimiyyətə gəldikdən sonra demokratiya adı altında tanınmış siyasi və ictimai xadimlərə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyil. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları “asfalta uzatmaqla” hədələyir və asfalta uzadır da. Onu da xatırlatmaq istəyirəm ki, Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılmış və hazırda istintaq davam edir. Gələcəkdə özünə rəqib olacaq istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu Paşinyanın əl-qolunu daha da açır. Son olaylarla bağlı Ermənistanda Paşinyanı diktator hesab edənlərin sayı daha da artıb. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Siyasi repressiyalar həyata keçirilir. Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Faktiki olaraq demokratiya şüarı altında demək olar totalitar inqilabi diktatura qurulmuşdur. – Belə çıxır ki, “hərbi xunta rejimi”nin tərəfdarı olan zənginləri sıradan çıxarmaqla bu dəfə demokrat cildi ilə tanınan digər oliqarxlar öz mövqelərini gücləndirmək istəyirlər. – Tamamilə doğrudur. Paşinyanın oliqarx Samvel Aleksanyanla yaxın qohumluq əlaqələrinin formalaşması onun əsil niyyətindən xəbər verir. Erməni mətbuatı bu faktı xüsusi olaraq qabardır. Hakimiyyətdən öz maraqları çərçivəsində Paşinyan və ailə üzvlərinin dövlət büdcəsindən istifadə etmələri barədə silsilə məqalələr dərc edilir. Küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş Paşinyanın “Açıq Cəmiyyət İnstitutu” (Soros Fondu) tərəfindən dəstək aldığı hər kəsə aydındır. Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında hansı qüvvələrin dayandığı hər kəsə bəllidir. Anti-sorosçuların həbsi dediklərimizin bariz nümunəsidir. Hakimiyyətlə kilsə arasında ciddi fikir ayrılıqları mövcuddur. Paşinyanın nəzarəti altında olan KİV-lər bunu kilsənın hazırkı rəhbərliyində təmsil olunan şəxslərin əvvəlki hakimiyyətlərlə sıx əməkdaşlığını əsas gətirsələr də, əslində məsələnin məğzi tam başqadır. Məlumdur ki, ermənilərin yaşadıqları bütün ölkələrdə kilsələr fəaliyyət göstərir və icma üzvləri kilsəyə böyük miqdarda maliyyə yardımı göstərirlər. Bu halda, pul axınının böyük hissəsinə nəzarət etmək istəyən Paşinyana kilsənin “yağlı tikə”ni güzəştə getməməsi də təbiidir. Heç kimə sirr deyil ki, koronavirusun Eçmiədzində yayıldığı ərəfədə kilsə rəhbərinin qaçması fotosunu mətbuata Paşinyan ötürmüşdü. Qərbin ikili standartlarının ən bariz nümunəsi Ermənistanda keçirilmiş seçkilərə reaksiyalarıdır. 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində bütün azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən Paşinyan 2018-ci ilin dekabrında keçirilmiş yeni seçkilərə toxunaraq demişdi: “25 il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilmiş və siyasi partiyalar tərəfindən şübhə altına alınmamışdır. Biz hakimiyyətə gələndən dərhal sonra ölkəmizdə olmayan demokratik təsisatların yaradılması üçün ciddi addımlar atmağa başladıq”. – Ermənistanla bağlı bu qədər bilgi sizdə haradandır? – Biz CXP olaraq xüsusi analitik mərkəzə sahibik. Partiyamız ölkəmizdə və regionda, eləcə də dünyada baş verənləri hər gün diqqətlə analiz edir. İndiki halda bizi ən çox üzən “Azərbaycanofobiya”dan ilhamlanan bəzi təşkilatlar, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi ölkəmizdəki ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür, onların demokratiyasının fəlsəfəsi budur: “Əgər mənim adamımsansa və mənə işləyirsənsə, deməli ən böyük demokratsan”. Söhbətləşdi: Ənvər Yusifoğlu,
– Bədrəddin bəy, Ermənistan zahirən sabit ölkə xarakteri daşıyırdı. Yəni ən azı özünü dünyaya belə təqdim edirdi. İndi siyasi, iqtisadi, sosial və başqa sahələrdə gərginlik yenidən artıb...