Ermənistan prezidentinə qarşı impiçment -
Hakim fraksiyanın planı baş tutacaqmı?
Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın Baş Qərargah rəisini istefaya göndərmək qərarını geri qaytardıqdan sonra ölkənin siyasi həyatında əsas həlledici fiqura çevrilib.
Erməni mətbuatının hazırkı gündəm mövzusu prezidentlə Baş nazir arasında yaranan qarşıdurmadır. İstefa qərarını ikinci dəfə prezidentə göndərən Paşinyan bilir ki, Sarkisyan bu dəfə də sənədi geri qaytaracaq və məsələyə Konstitusiya Məhkəməsi baxmalı olacaq. Oradakı hakimlərinsə əksəriyyəti Paşinyana müxalif mövqe tutan, əvvəlki hakimiyyətin adamları kimi tanınan şəxslərdir. Bu isə çıxcarılacaq qərarın Paşinyanın əleyhinə olacağı ehtimalını gücləndirir.
Lakin nə Paşinyan, nə də onun partiyası geri çəkilmək istəmir. Əksinə, hakim fraksiya prezident Armen Sarkisyanın impiçmenti məsələsini gündəliyə gətirib. Belə ki, Paşinyanın partiyası artıq impiçmentlə bağlı addımlar atacağını bəyan edib. Ancaq buna nail olmağın çətin olduğu qeyd edilir.
Çünki konstitusiyaya görə, əvvəlcə deputatların yarıdan çoxu Konstitusiya Məhkəməsinə müraciət etməli və Prezidentin hər hansı əməlinə görə impiçment edilməsinə dair razılıq almalıdır. Bu əməllər isə ya dövlətə xəyanət, yaxud başqa bir ağır cinayət, ya da konstitusiyanın kobud şəkildə pozulması olmalıdır. Hakim partiya məhz konstitusiyanın prezident tərəfindən kobud şəkildə pozulduğunu əsas gətirirlər. Lakin Konstitusiya Məhkəməsinin bu iddia ilə razılaşacağı çox şübhəli görünür.
Bununla yanaşı, hətta məhkəmə hakim partiyanın iddiasını qəbul etsə belə, məsələ yenidən parlamentin müzakirəsinə çıxarılmalı və deputatların ən az üçdə ikisi qərarın lehinə səs verməlidir. Bu isə 88 səs deməkdir. Lakin Paşinyanın partiyasının cəmi 83 səsi var. Bununla yanaşı, müstəqil deputatlar da var ki, onların mövqeyinin necə olacağı bəlli deyil.
Hər halda, hakim partiyanın impiçmentlə bağlı məhkəməyə müraciət edəcəyi gözləniləndir. Bu da o deməkdir ki, Ermənistanda siyasi gərginlik artmaqda davam edəcək. Bunun nəylə sonuclanacağını isə Ermənistandakı ən məlumatlı təhlilçilər də proqnozlaşdırmaqda çətinlik çəkirlər.
Cəlal