Ermənistanda inflyasiya kritik həddə –
Erməni mediası həyəcan təbili çalır
Ermənistanda inflyasiya kritik həddə çatıb.
Erməni mediası xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, iyul ayında illik inflyasiya 8,2 faizə çatıb. Eyni zamanda ərzaq məhsullarında iki rəqəmli qiymət artımı baş verib – 13,9 faiz. İyun ayında bu rəqəm 9 faiz olub.
Ərzaq məhsullarından düyü 13,4 faiz, çörək 8,6 faiz, donuz əti 32,2 faiz, quş əti isə 24,3 faiz bahalaşıb. Ən böyük qiymət artımı yumurtada müşahidə olunub – 51,3 faiz.
İyul ayında həmçinin kartofun orta qiyməti 38,4 faiz, ümumiyyətlə, tərəvəz məhsullarının qiyməti isə 53,1 faiz artıb. Kərə yağı isə il ərzində 15,9 faizə qədər bahalaşıb.
Bahalaşma qeyri-ərzaq məhsullarında da müşahidə olunur. Xüsusilə, texniki malların qiymətində iki rəqəmli artım müşahidə olunur. Ötən illə müqayisədə bu il texniki mallar 13,2 faiz bahalaşıb.
Erməni mediası yazır ki, bahalaşma yoxsulluğun artmasına səbəb olub./qaynarinfo