Ölkəyə qayıda bilməyən vətəndaşlarımız üçün Dağıstanda yeni yerləşmə məntəqəsi açıldı
TASS agentliyi xəbər verir ki, bunu Dərbənd rayonunun başçısı Fuad Şıxıyev bildirib.
Daha əvvəl Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti pandemiya səbəbindən Rusiyanı tərk edə bilməyən Azərbaycan vətəndaşları üçün Dağıstan Respublikasının Məhərrəmkənd və Dərbənd rayonlarının sərhədində müvəqqəti yerləşdirmə məntəqələrinin salınacağı haqqında məlumat yaymışdı.
F.Şıxıyev qeyd edib ki, çadır düşərgələrində məskunlaşmaq istəyən şəxslərdən COVID-19 testi götürülüb və yalnız nəticələri mənfi çıxan həmvətənlərimizin orada yerləşdirilməsinə icazə veriləcək.
Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart tarixindən etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.