Azərbaycanda imtahan suallarını çəkib internetdə yaydılar -
20 şagird imtahana buraxılmadı
Bu gün keçirilən buraxılış imtahanlarında 20-yə yaxın şagird (abituriyent) bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, iyunun 10-da rayon və şəhərlərin imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Çox təəssüf ki, 1 nəfər imtahan binasına mobil telefonla daxil olmağa nail olub və sual kitabçasının şəklini çəkərək imtahandan sonra sosial şəbəkələrdə yayıb. Həmin imtahan iştirakçısının kimliyi dərhal müəyyən olunub və imtahan nəticələri ləğv olunub. Bu məsələ ilə əlaqədar imtahan nəzarətçisi və buraxılış rejimi əməkdaşının izahatı alınıb və araşdırma aparılır.
İyunun 11-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olanacaq.
11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.