Moskvada qazanılan qızıl medal Anarın timsalında Azərbaycanın uğurudur
Anar Murtuz oğlu İskəndərov-2002-ci ildə anadan olub. Valideynləri əslən Qazax rayonundan olsalar da, Rusiyanın paytaxtı Moskva şəhərində yaşayıblar. Daha dəqiq desək, Anarın ana babası, Aidə xanımın atası hələ lap gəncliyindən Moskvada yaşayıb və paytaxtın tanınmış azərbaycanlı həkimlərindən olub. İndi atası və anası-həm Murtuz bəy, həm də Aidə xanım iş adamlarıdır və Anar da məhz belə bir ailədə doğulub boya-başa çatmışdır.
Niyə Anar haqqında yazmaq qərarına gəldik? Onu Rusiyada doğulub böyüyən, yaşayan, təhsil alan yüzlərlə, minlərlə azərbaycanlı həmyaşıdından fərqləndirən nədir ki, biz məhz onun haqqında söz açırıq? Gəldik mətləb üstünə.
Anar İskəndərov orta təhsilini bu il başa vurub. Novokosinodakı 1200 saylı xarici dil təmayüllü, dilləri əsaslı öyrədən məktəbi bitirib. Həm də necə? Qızıl medalla. Bəli, bizi ondan söz açmağa məhz bu amil sövq etdi-orta təhsilini qızıl medalla başa vurmağı.
Hər bir valideynin ən böyük arzusu övladının uğurunu görmək, o uğura ürəkdolusu sevinmək, o hissi içdən yaşamaqdır. Anar valideynlərinə məhz belə bir duyğu yaşatdı. Daha geniş anlamda isə Moskvada qazanılan bu kiçik uğur Anarın timsalında bir azərbaycanlının və həm də Azərbaycanın uğurudur desək, yanılmarıq.
...Yaxşısı budur gəlin Anarın özünü dinləyək, həyatda ilk uğurlu addımını atan bu gəncəcik oğlanın iç dünyasına baş vuraq, amal və idealları ilə tanış olaq. Budur onun düşüncələri:
“Mən heç vaxt qarşıma məqsəd qoymamışdım ki, məktəbi qızıl medalla bitirim. Həmişə çalışmışam ki, ilk öncə bilik qazanım. Mən anamın-məni uşaqlığımdan doğru yola yönləndirən, ilk uğuru qazanmağımda xüsusi rolu olan anamın əməyini qeyd etmək istərdim. Onsuz bu uğuru qazana bilməzdim.
Mən məktəbdə təhsildən başqa digər sahələrlə də maraqlanırdım. 3 il gənc jurnalistlərin “Planet tv”studiyasında jurnalist yaradıcılığı ilə məşğul olmuşam. 4 yaşım olanda aykido idman növü ilə, 10 yaşımda isə taekvando ilə məşğul olmuşam və hətta taekvando idman növündə “qara kəmər” qazanmışam.
Siyası prosesləri izləyir, futbol dünyasında baş verənlərlə də maraqlanıram. “Real Madrid”ə azarkeşlik edirəm. Ədəbiyyat və incəsənətə, kinoya xüsusi marağım var. Sonuncuya, yəni kinoya sevgi məndə “Orlyonok” düşərgəsində yarandı. Orada uşaqların və gənclərin “Bumeranq” ümumrusiya ekran yaradıcılığı forumu keçirilirdi. Daha əvvəl jurnalist yaradıcılığı ilə məşğul olmağım mənim kinodəstəyə düşməyimə imkan yaratdı. Mən filmlərin necə çəkilməsini orada öyrəndim və hətta öz filmimi də çəkdim. Bu təcrübədən sonra bir şeyi dəqiq deyə bilərəm ki, məndə kinoya qarşı əbədi bir sevgi yaranıb. İndi mötəbər kinofestivalları və rejissorları, kütləvi və müəllif filmlərini böyük maraqla izləyirəm. Sevimli rejissorlarım isə Andrey Tarkovski, Lars fon Trier, Stenli Kubrik, Akira Kurosava və Kventin Tarantinodur. Gənclərdən isə Robert Eqqers və Demen Şazelladır.”
Bu da bir gəncin-həyatda ilk uğurunu qazanan gəncin düşüncələri. Özü- şəxsi üçün adi, ata-ana üçün göz, qəlbdolusu sevinc, bizlər-Azərbaycandakı tanıyanlar üçün isə Azərbaycan adına ümidverici bir uğurdur.
Anar İskəndərovu hələ ki, üz tutub getdikcə gedəcək ilğım yollar gözləyir. Könül istər ki, bu türk cocuğu müqəddəs vətəni Azərbaycan naminə istəyinə doğru o ilğımlı yollar aydınlanana qədər təpərlə yürüsün.
Dürdanə CƏLAL,
Globall.az