Bu gün Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd edilir
“Report” xəbər verir ki, mayın 19-u İstiqlaliyyət müharibəsinin başlanğıcından 101 il ötür.
Koronavirus pandemiyası ilə əlaqədar Atatürkü Anma, Gənclik və İdman Bayramı küçəyə çıxma qadağası olduğuna görə evlərdə qeyd ediləcək. Bundan başqa, bu axşam Türkiyə vaxtı ilə saat 19:19-da samsunlular evlərinin eyvanından “İstiqlal Marşı”nı (Türkiyə Respublikasının Dövlət Himnini) oxuyacaqlar.
Qeyd edək ki, Türkiyə İstiqlaliyyət müharibəsi Birinci Dünya müharibəsindən məğlub olaraq çıxan Osmanlı dövlətinin Antanta qüvvələri tərəfindən işğalı sonucunda Misak-i Milli, yəni Mustafa Kamal (1934-cü ildən Atatürk) və silahdaşları tərəfindən qəbul edilən Türkiyə sərhədləri daxilində ölkənin bütövlüyü üçün Samsun şəhərində başladılan çoxcəbhəli siyasi və hərbi mübarizədir.
Xatırladaq ki, Atatürkü Anma, Gənclik və İdman Bayramı Türkiyədən başqa Şimali Kipr Türk Respublikasında da qeyd edilir.