Şair dərisindən gödəkçə geyən cariyə Kəbihanın hekayəti
Bağdad xəlifəsi Əbül Fədl ibn Məhəmməd əl Mütəvəkkil Əlallahın sarayındakı şairlər arasında Əssar əl Casir istedadı ilə bahəm, boy-buxunu və xüsusilə də gözləri ilə seçilirdi.
Belə ki, Əssarın sol gözü yaşıl, sağ gözü qonur idi.
Üstəlik, sol yanağında 9 xalı vardı ki, bu səbəbdən də ona sarayda "Doqquz səyyarəli insan" deyərdilər.
Şairin sevgilisi Kəbiha idi. Qənirsiz gözəl olmağına rəğmən, Kəbiha, yəni "eybəcər" adlandırılan xanım xəlifənin cariyəsi idi.
Xəlifə Mütəvəkkil cariyəsi Kəbihanı çox sevirdi. Hətta başqa 3085 cariyəsindən üstün tuturdu onu.
Gecələrdən birində qeyzlənən xəlifə əl atır döşəkçəyə, tolazlayır Kəbihaya. Cariyənin ağladığını görən xəlifənin ovqatı təlx olur və o, şair Əssar əl Casiri çağıraraq ona "bu gözəli vəsf et" əmrini verir.
Kəbiha şairi sevdiyini xəlifədən gizlədirdi. Səbəb bəlli: başının bədənindən ayrılmasını istəmirdi.
Casir çarəsizdi. Eşqini xəlifəyə etiraf etmək ölümdü. Özü də ağır, işgəncəli, vəbalı bir ölüm.
Xəlifəninsə cariyəsi Kəbihaya olan eşqi böyüyür, alovlanırdı. O, Səmarranı paytaxt edəndən sonra şəhərdə inşa etdirdiyi saraylardan birini Kəbihanın eşqinə "Əl Aşiq", o birini isə "Əl Cəfəriyyə" adlandırdı.
Kəbiha şairi sevirdi. 849-cu ilin yay günlərindən birində o, sol yanağına sürmə ilə "Əssari aşiq" yazdırdı.
Həmin gecə hərəmə gələn xəlifə Kəbihanın yanağındakı yazını gördü və düşündü ki, cariyə ona olan eşqindən belə edib, xəlifənin adını qəsd edərək yanağına yazdırıb.
Xəlifə əl Mütəvəkkil elə həmin gecə əmr etdi ki, sevimli cariyəsinə almazdan yonulmuş su kuzəsi və 4 kisə yaqut əta olunsun.
Xəlifə cariyəsini o qədər sevirdi ki, onun xahişi ilə hətta "əl mihna" adlı sınağı da ləğv etdi.
Əl Mihna 833-849-cu illərdə xilafətdə bütün üləmaların məruz qaldıqları imtahandı. Xəlifələr əl Məmun, əl Mütəsim və əl Vasiq dövrlərində xüsusilə sərt olmuş imtahan din xadimlərinin xəlifəyə sədaqətini bəlirləməyə yönəlmişdi.
Quranir-Kərimin zamanda nazil olmasını ("hüdus əl Quran") bəyan edənlər xəlifəyə sadiq, əksini deyənlər düşmən sayılırdı. Xəlifələr Harun əl Rəşid və əl Əmin zamanında "hüdus əl Quran" tərəfdarı olmayanlar (cəmhilər və mütəzililər) edam olunurdular.
Dəfələrlə həbs olunmuş dikbaş şeyx Əbu Əbdür Rəhman Bişr ibn Qiyas əl Mərisinin təşəbbüskarı olduğu "əl mihna"nı ləğv edən xəlifə bununla da kifayətlənmədi.
Məhz cariyə Kəbihanın istəyi ilə mühafizəkar İslamın təbliğatçısı olan Əhməd ibn Hənbəl həbsxanadan buraxıldı.
İki il sonra, 851-ci ildə xəlifə əl Mütəvəkkil yenə də cariyəsinin istəyindən sonra Hz.Əli ibn əbu Talibin (s) oğlu İmam Hüseyn ibn Əlinin (s) Kərbəla şəhərindəki məqbərəsini yerla yeksan etdirdi.
Daha sonra cariyə Kəbihanın "növbəti istəyi"nə uyğun olaraq Hz.Əlinin (s) nəticəsi imam Əli əl Hadi ev dustağı saxlandığı Mədinədən paytaxt Səmarraya gətirildi və ölənədək dustaq saxlandı.
Cariyə Kəbiha bununla da kifayətlənmədi. Xəlifəyə gecələr "pıçıldanan istəklər"ə uyğun olaraq xilafətdə xristianların və yəhudilərin təqibləri başlandı, kilsələrin və sinaqoqların çoxu darmadağın edildi, xristianlarla yəhudilərin əmlaklarının 1/10 hissəsi müsadirə olundu və ən nəhayət, müsəlman müəllimlərə xristianlarla yəhudilərin övladlarına dərs demək yasaqlandı.
Hərəmxanasında 4 mindən artıq hərəmi və cariyəsi olan xəlifə əl Mütəvəkkil qadın və şərab düşkünü idi. Əl Məsudinin yazdığına görə, o, qızılgülü də sevirdi.
Cariyə Kəbihadan əl Mütəzz adlı oğlu olan xəlifə 857-ci ildə xəbər tutdu ki, bəs şair Əssar onun cariyəsini sevirmiş.
Qəzəblənən xalifə şairi hüzuruna çağırdı, söydü, döydü. Sonra da Əssar əl Cəsirin dərisinin diri-diri soyulmasını, həmin dəridən Kəbihaya döşəkçə tikilməsini əmr etdi.
Casirin dərisi ilə üzlənmiş döşəkçəni Kəbihaya verəndə xəlifə gülümsəyərək demişdi: "Al, bu da sənin eşqin, həmişə yanında olsun!"
Kəbihanınsa heç nə eyninə deyildi.
Oğlu əl Mütəzzi doğandan sonra o, özünü az qala "baş hərəm" sayırdı.
Oğlunun doğulması münasibətilə Kəbiha üzərində əd Mütəzzin adının yazıldığı 1 milyon dirhəmin zərb olunmasını əmr etdi.
861-ci ildə qəzəblənmiş türk əsgərləri xəlifə əl Mütəvəkkili yatan otağında tutub başını bədənindən ayırandan sonra Kəbihanın oğlu Əbu Abdullah Zübeyr ibn Cəfər əl Mütəzz Billah xəlifə elan olunmuşdu.
Fəqət, türk əsgərlər onu döydülər və qorxaq Mütəzzi taxtdan imtina bəyanına imza atmağa vadar etdilər.
Beləcə, mərhum xəlifənin böyük oğlu əl Müntəsir taxta oturdu.
Türk əsgərlər əl Mütəzzin boynunu vurduqları gün Kəbiha yoxa çıxmışdı.
İllər əvvəl gizli əmrlə sarayın altında qazılmış tuneldən yararlanan Kəbiha ilə bahəm, xəzinənin yarısı da "itkin" düşmüşdü.
İki həftə sonra türk sərkərdə əl Vasifin yanına gedən Kəbiha ona 500 min qızıl dinar təklif edir, "əvəzində mənə toxunmayın" deyir.
Fəqət, nökərlərindən biri Kəbihanın xəzinəsinin yerini sərkərdəyə deyir.
Kəbihanın yaşadığı kiçik daxmanın həyətindəki quyuda 1 milyon qızıl dinar, içi yaqut, zümrüd və mirvari ilə dolu üç böyük səbət tapılır.
Sərkərdə əl Vasif sinirlənir və Kəbihanı təpiklə vurub yerə yıxır: "Allahın lənətinə gələsən səni! Məhz sənə görə şairin dərisini soydular, sən də onun dərisindən olan döşəkçəyə dirsəkləndin! Bu qədər pulun vardı, amma oğluna vermədin ki, sağ qalsın!"
Kəbiha Məkkəyə sürgün edildi, xəlifə əl Mühtədinin dönəmində vəfat etdi.
Bostanda, peyinin içində olan meyidi qonşular tapmışdılar.