Zəfər Zirvəsi - Şəhidlərə ithaf
Eyyubova Həmayə Həsən qızı 1967-ci il oktyabr ayının 19-da Goranboy rayonunun Məşədiqaralar kəndində dünyaya göz açıb.
1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitunun Mədəni Maarif fakultəsinin Kütləvi Tamaşalar Rejissorluğu şöbəsinə daxil olub və 1990-cı ildə həmin fakultəni bitirib.
Ailə vəziyyəti ilə əlaqədar ixtisası üzrə deyil, Goranboy rayonu Şəfəq kənd tam orta məktəbində kitabxanaçı vəzifəsində çalışan bu xanım yaradıcılığını davam etdirmək üçün çalışdığı məktəbdə poeziya gecələri, müxtəlif ssenarilərlə məktəbliləri incəsənətə cəlb etmək, onların təlim-tərbiyəsində mühüm rol oynaya biləcək gecələrin hazırlanması üçün orta məktəb auditoriyasını özünə böyük tamaşa səhnəsi seçib.
Əziz oxucu, bu xanımın son şəhidlərimizə həsr olunmuş və Zəfər bayramında Goranboy rayonu Şəfəq kənd tam orta məktəbində keçirilən tədbirlərdə səslənən son şerlərini Sizə təqdim edirik:
Zəfər Zirvəsi
Azərbaycan Şəhidlərinə ithaf edirəm
Ey şəhid qardaşım- Şəhid olanlar,
Qeyrəti dünyaya səda salanlar!
Xalqın yaddaşına hopub qalanlar,
Rahatca uyuyun. Ucalıqdasız!
Yurdumun yenilməz qəhrəmanları,
Odlar diyarının şərəf-şanları,
Vətənə verdiniz Siz bu canları,
Rahatca uyuyun. Ucalıqdasız!
Vətən torpağında axdı qanınız-
Tarixə düşdünüz - Tarix yazdınız.
Düşmənə ömürlük qəbir qazdınız,
Rahatca uyuyun. Ucalıqdasız!
Füzuli, Zəngilan, Şuşa, Kəlbəcər,
Adı çəkilməyən nə qədər yerlər-
Siz azad etdiniz, Siz igid ərlər.
Rahatca uyuyun. Ucalıqdasız!
Gecəli-gündüzlü səngərdə yatdız,
Bayraq dikmək ilə arzuya çatdız.
Türkün tarixinə Siz imza atdız.
Rahatca uyuyun. Ucalıqdasız!
Dədəmiz Qorquddur, soyumuz Türkdür,
Türk də ki hünərdə, mərdlikdə təkdir.
Dəmir Yumruğumuz düşmənə görkdür,
Rahatca uyuyun. Ucalıqdasız!
Şəhidlər ölməzdir! Vətən bölünməz!
Uca bayrağımız göylərdən enməz!
Qəhrəman bir xalqıq, sözündən dönməz!
Rahat uyuyun. Ucalıqdasız!
Həmayə Həsənqızı,
22 dekabr 2020-ci il