Yalanımız silahımızdır
Karantinin bitməsinə bir neçə gün qalıb, hətta artıq bəzi iş yerləri də açılıb. Karantinin həyatımıza necə təsir etdiyi barədə düşündükcə bəzi maraqlı qənaətlər ortaya çıxır. Onları sizinlə bölüşmək istəyirəm.
Karantindən əvvəl istər çox, istərsə də az işləyən bir xeyli adam zamanının azlığından və buna görə də etmək istədiyi bir çox şeyə vaxtı qalmadığından şikayətlənirdi: film siyahım var baxa bilmirəm; kitablar almışam oxuya bilmirəm; sevgilimlə (atamla, anamla, flankəslə) uzun-uzun söhbət edə bilmirəm; flankəslərə zəng etmək istəyirəm, vaxt tapa bilmirəm.
Lakin heç gözləmədiyimiz anda istəsək də, istəməsək də həyatımızda zaman azlığına görə davamlı təxirə salmaqdan şikayətləndiyimiz şeyləri etməyə bolluca vaxt yarandı. Əsas nöqtə isə bu zaman bolluğunda o şeyləri edə bilib-bilməməyimizdir. Sosial media və öz ətrafım üzərində müşahidələrimə əsasən, o siyahıdakı filmlərin, rəfin oxunmamış hissəsindəki kitabların xeyli hissəsi hələ də olduğu kimi qalır. Təbii, bir neçə film izlənib, bir-iki kitab oxunub. Bu da zaman yetməzliyi məsələsində özünə yalan danışdığını qəbul etməmək üçündür.
Yalan bir az kobud ifadədir. Psixoanalizdə bu məsələni müqavimət və müdafiə mexanizmi çərçivəsində təhlil etmək olar. Z.Froydun (ad almancadır, düzgün tələffüzü belədir) bu anlayışları konfranslarından birindəki izahından ilhamlanaraq şərh edəcəm.
Bizim qərarlarımıza, davranışlarımıza, emosional vəziyyətimizə təsir edən sadəcə şüurumuz deyil. Həm də baş bəlası şüursuzluğumuz (təhtəlşüur, şüuraltı da deyilir) var. Şüur və şüursuzluq bir çox məsələdə kəllə-kəlləyə gəlir, şüuraltı dediyini eqo (məntiqi düşünən hissə) supereqonun (tərbiyə, adət-ənənə, cəmiyyət qaydaları) qorxusundan tam edə bilmir, optimal variant tapmağa çalışır, bəzən o vairantı tapa bilməyəndə qarşıdurma yaranır. İndi bu qarşıdurmaya şüur və şüursuzluğumuz üçün əsas mövzu olan müqavimət və müdafiə mexanizmi üzərində baxaq:
Auditoriyası dolu və səssiz olan, sadəcə mühazirəçi danışan bir zal təsəvvür edin. Mühazirənin ortasında auditoriyadan bir nəfər səs salmağa, müşahidəçiyə tamamilə zidd danışmağa başlayır. Bir-iki dəfə xəbərdarlıq olunsa da məhəl qoymur və məcburən onu çölə çıxarırlar. Çölə çıxarsalar da yenə dəfələrlə içəri girir və müşahidəçinin diqqətini dağıdır.
Bu dəfə çıxış yolu kimi çölə çıxarılan adamın təkrar girə bilməməsi üçün qapını bağlamağa, qapının ağzına nələrsə qoyaraq müdafiə olunmağa çalışılır. Yalnız bundan sonra mühazirəçi nitqinə davam edə bilir. Buradakı mühazirəçi bizim şüurumuz, səs salan isə şüuraltımızdır. Şuraltı şüurla razılaşmadıqda dil sürüşmələri, yuxular, bəzi zarafatlar vasitəsilə davamlı olaraq şüuru divara dirəyir, şüur da balansı saxlamaq və şüursuzluğun təzyiqlərindən qorunmaq üçün müdafiə mexanizmi yaradır. Şüursuzluğun o müdafiə mexanizmini zorlaması isə müqavimətdir. İndi qayıdaq başlanğıcdakı əsas mövzuya.
Bizim zamanı bəhanə edərək etmədiyimiz şeylər şüuraltımızın istəmədiyi şeylərdir. Yəni daxili səsimiz onları etmək istəmədiyini deyir. Amma şüur onları etməli olduğumuzu iddia edir. Çünki şüur cəmiyyətin münasibətini də nəzərə alır:
1) oxumalısan, məlumatlı olmalısan ki, kimsə səni əzə bilməsin, lazım gələrsə, biliyinlə sən əz, 2) oxumaq, çox film izləmək cəmiyyətdə sənin imicinə təsir edir, daha ağıllı təəssüratı bəxş edir. Bu qarşıdurmadan xilas yolu müdafiə mexanizmidir. Yəni şüur nə şüursuzluğun dediyi “oxuma, izləmə, sən bunu istəmirsən”-i birbaşa edə bilir, nə də oxuya, izləyə bilir. Bu halda özünə optimal müdafiə mexanizmi yaradır: “zaman yoxdur deyə oxuya, izləyə, flankəslə söhbət edə bilmirəm, yoxsa məmnuniyyətlə edərdim.”
Lakin həyatın işini bilmək olmur, bəzən həqiqətləri insanın üzünə şillə kimi çırpır və bu, bir çox halda xoşumuza gəlmir. Karantin də etmədiyimiz şeyləri əslində, istəmədiyimiz üçün etmədiyimizi zaman bolluğu vasitəsilə üzümüzə şillə kimi çırpdı. Təbii ki, çoxları daxili qarşıdurmalarının necə və niyə baş verdiyindən xəbərsizdir, sadəcə bəziləri etmədikləri bir çox şeyin vaxtla əlaqəli olmadığını anladı.
Fəqət sonda çox vacib iki şeyi qeyd etməliyəm:
1) insanların çoxu müdafiə mexanizmlərinin və müqavimətlərinin fərqində deyillər və bu, olduqca təbiidir. Çünki bu, şüursuzluq və şüurun oyunudur. Şəxsin bəzi şeylər barədə məlumatsız olması onun psixi sağlamlığının qorunmasına kömək edir. Müəyyən şeylər barədə məlumatlı olmaq və ya müşahidələrimiz əsasında həqiqətlərdən agah olmaq bizə bunu birbaşa şəxsi zədələyəcək formada şillə tək üzünə vurmaq haqqı vermir. Bu kimi hallarda qaş almaq əvəzinə gözü çıxarmış oluruq;
2) müqavimət və müdafiə mexanizmləri şəxslər arası yox, şəxs daxilidir. Yəni A şəxsi B şəxsinə müqavimət göstərmir, müdafiə mexanizmi yaratmır, A şəxsi öz daxilində heç özü də eqousu ilə fərqində olmadan öz düşüncə və istəklərinə müqavimət göstərir və müdafiə mexanizmi yaradır.