Viruslu xəstələr artır:
“Hərə ağlına gələn müalicə və müayinəni edir, xaosdur”
“Erməni virusuna qalib gəldik, Allahın iznilə, qalıb koronavirus. Bu gün səhiyyəmizin indiyədək olmadığı kimi dəmir yumruğa, polad iradəyə ehtiyacı var”.
Bu sözləri ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib.
Həkim bildirib ki, ağır xəstəlikləri olan və bununla birlikdə özündə COVID-19-a aid əlamətlər hiss edən şəxslərin həkimə müraciət etməsi mütləqdir:
“Əgər sizdə şəkərli diabet, hipertoniya, 3-cü dərəcə piylənmə, obliterasiyaedici endarterit, vaskulit və digər damarların zədələnməsi, ağır qaraciyər, böyrək, ürək çatışmazlığı, bəd xassəli şişlər və immun sistemin zəifləməsi ilə müşayiət edilən xəstəlikləriniz (məsələn, orqan köçürülməsi-transplantasiya) varsa və COVİD-19 xəstəliyinə aid hər hansı şikayətləriniz-iybilmə, dadbilmə hisslərinin pozulması, boğazağrı, öskürək, döş qəfəsində ağrı, hərarət, halsızlıq, iştahsızlıq, KT müayinəsində buzlu şüşə əlamətləri varsa, dərhal təcili yardıma, poliklinikanın sahə həkiminə, qaynar xəttlərə məlumat verin. Yüngül olsanız belə, hospitalizasiya, stasionar müalicə-xəstəxanada yatırılmanızı tələb edin. Çünki bu xəstəliklərlə ağırlaşma ehtimalı çoxdur”.
O qeyd edib ki, xəstəxanalarda yerləşdirilməli olan xəstələrin kriteriləri məlum deyil:
“Virusla mübarizə hələ də davam edir. Çoxlu sayda həkim və digər tibb işçiləri və xəstəxanaların qeyri-tibb personalı COVID-19-la mübarizədə həyatını itirib. Bu mübarizədə onların fədakarlığı danılmazdır. Allah hamısına rəhmət eləsin! Həqiqətın ağır itkilərdir.
Dövlət başçısının yetəri qədər vəsait ayırmasına baxmayaraq, aidiyyatlı qurumların fəaliyyəti o qədər də səmərəli deyil. Xəstələrin şikayətlərinə, kliniki-laborator və instumental müayinələrin nəticələrinə, yanaşı xəstəliklərin olmasına görə müayinə və müalicə protokolları hazırlanmayıb. Həkimli, tibb bacılı, xəstəli hərə ağlına gələn müalicə və müayinəni edir. Xaosdur! Ona görə də ağırlaşan xəstələrin sayı çoxdur. Xəstəxanalarda yerləşdirilməli olan xəstələrin kriteriləri məlum deyil. Hansı kriterilərə görə xəstələr hospitalizasiya edilməlidir?”