Müxalifət bütün erməniləri Paşinyana qarşı ümumxalq mitinqinə ÇAĞIRDI
“Sabah ümumxalq mitinqi ilə mübarizəmizin həlledici mərhələsinə başlayırıq”.
Globall.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, “Daşnaksütyun” Partiyası Ali Şurasının üzvü İşxan Saqatelyan öz Facebook səhifəsində yazıb.
Saqatelyan Ermənistan cəmiyyətinə müraciət edərək hamını mitinqə dəvət edib.
“1 may, saat 16:00, Fransa meydanı!
Əziz həmvətənimiz, sabah ümumxalq mitinqi ilə mübarizəmizin həlledici mərhələsinə başlayırıq. Qələbə yaxındır! Küçəyə çıx, işimiz var!", - İşxan Saqatelyan ermənilərə müraciətində yazıb.
Xatırladaq ki, bir neçə gündür Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir.
Müxalifət onun başçılıq etdiyi hökuməti Qarabağ məsələsində "yolverilməz güzəştlərə getməkdə" ittiham edir, onun "fərsiz siyasəti" sayəsində Ermənistanın yeni təhdidlərə düçar olduğu və hətta dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşdiyini bildirir.
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi üzərində işləməyə razılaşıb.
Daha sonra ölkə parlamentində çıxış edən Paşinyan bildirib ki, beynəlxalq ictimaiyyət onların "Dağlıq Qarabağın statusu" ilə bağlı tələbin həddini "aşağı salmağını" istəyib.
Paşinyanın açıqlamaları başda “Qarabağ klanı” (eks-prezidentlər Robert Köçəryan və Serj Sarkisyan, sabiq müdafiə naziri Seyran Ohanyan) olmaqla müxalifətin etirazı ilə qarşılanıb. (modern.az)