ABŞ-ın sabiq səfiri də Azərbaycana dil uzatdı: “Mən də Şuşaya getməzdim...”
“ABŞ səfiri olsaydım, Ermənistanla Azərbaycan arasında sülh sazişi bağlanmayana qədər bu ərazilərə mən də getməzdim”. Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997) Riçard Kozlariç ABŞ və Fransa diplomatlarının Şuşaya səfərdən imtina etməsindən Bakının narazılığını şərh edərkən deyib. Regiondakı durumu öz arşını ilə ölçən Kozlariç, üstəlik, Şuşaya gedən diplomatları aşağılayaraq deyib ki, belə səfərlərin məqsədi, sadəcə, “şəkil çəkdirmək imkanıdır”. “Mən ora dəvət olunduğum üçün yox, istədiyim vaxt gedərdim”, - deyə o əlavə edib. Belə görünür, Kozlariç yaşlaşdıqca müdrikləşmək əvəzinə, sayıqlayır. Bəlkə o, doğrudan da xəyal edir ki, Azərbaycan sülh sazişi imzalayanda Ermənistana özünün hansısa ərazisini, yaxud Şuşanı güzəşt edəcək, o səbəbə gözləməyi üstün tutur və yalnız ondan sonra atlana-atlana Şuşaya gedəcək? Belə bir güzəşt təbii ki, heç vaxt olmayacaq, kozlariçlər də gözləyə-gözləyə qalacaq! Azərbaycan BMT tərəfindən, digər beynəlxalq təşkilatlar tərəfindən keçmiş DQMV də daxil olmaqla, ərazi bütövlüyü tanınan suveren bir dövlətdir. O zaman Şuşaya gedib-getməməyə sülh sazişinin bağlanıb-bağlanmamasının nə dəxli ola bilər, görəsən? Sabiq səfir bununla həm də Rusiyanın Ukraynaya hərbi təcavüzünə haqq qazandırmış olur. Çünki necə ki, o və Bakıdakı səfir Örl Lizenberger ərazi bütövlüyümüzə sayğısızlıq eləməklə beynəlxalq hüquqa məhəl qoymur, Rusiya da Ukraynanın ərazi bütövlüyünü tanımır. Ümumiyyətlə, Kozlariçdən bu haqda soruşmağa da ehtiyac yox idi. Özünü “yuyulmamış qaşıq” kimi ortaya atan keçmiş səfirin fikri nəyimizə lazımdır? Aqil Abbas: “Getmirlər, cəhənnəmə getsinlər, yaxşı iş görüblər, Şuşanı murdarlamayıblar” Deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, Şuşaya getmirlər, cəhənnəmə getsinlər: “Bizi təəccübləndirən heç nə yoxdur. Fransa ömrü boyu Ermənistana bacı deyib, Amerika da onu qucaqlayıb, onlardan nə gözləyirsiniz ki?! Amerika bir dəfə dilinə gətirməyib ki, bu nə vəhşilikdir, ermənilər Qarabağı niyə bu günə salıblar? 30 il ev-eşiyimizi, məscidlərimizi, abidələrimizi dağıdıblar, Ağdamda bir salamat tikili qalmayıb, ABŞ səsini də çıxarmır. Çünki özləri separatçılara hər il milyonlar verirdi, hələ gizli nə qədər maliyyə ayırırdılar, Allah bilir. Ona görə indi niyə Kozlariçdən, yaxud hazırkı səfirdən inciyirsiniz? Onların iç üzünü yaxşı bilirik”. A.Abbas qeyd etdi ki, onlar Şuşaya getməməklə yaxşı iş görüblər, müqəddəs şəhərimizi murdarlamayıblar: “Kozlariçə gəldikdə, səhv etmirəmsə, vaxtilə Bakıda biznes qurmuşdu, pul qazanırdı, indi qocalıb, ağzına gələni danışır. Biz bilirik ki, bütün bunlar Rusiya ilə bağlı sərgilənən mövqedir. Vaşinqton istəyir ki, biz Moskva ilə əlaqəni kəsək, sanksiyalara qoşulaq. Ancaq bu olmayacaq. Yaxın düşmən uzaq dostdan yaxşıdır. Rusiya Gürcüstanı işğal edəndə Amerika cəmi bir bəyanat verdi, amma gürcüləri qızışdırıb işə saldılar. İndi istəyirlər ki, Qafqazda müharibə başlasın, Rusiyanı qızışdırsınlar, amma Bakı neytrallığını qoruyub saxlayacaq, Prezidentimizin də siyasəti burada mühüm rol oynayır”. (musavat.com)