Şərurda dostunu avtomobildə öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Şərurda dostunu avtomobildə öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə "Report"a Naxçıvan Muxtar Respublikası Prokurorluğundan bildirilib. Aprelin 29-u 1981-ci il təvəllüdlü Mürsəl Hüseynəliyevin Şərur rayon Mərkəzi xəstəxanasında ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1980-ci il təvəllüdlü Abdulla Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Şərur rayonu ərazisində özünə məxsus avtomobildə dostu Mürsəl Hüseynəliyevin sağ ayağının bud nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Abdulla Abdullayev iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.