ERMƏNİSTAN ÇEVRİLİŞ ƏRƏFƏSİNDƏDİR:
Paşinyan dəstəksiz, Rusiya qəzəbli, Qarabağ klanı və əhali narazı...
Heç bir liderlik keyfiyyətləri və qəliz siyasi situasiyalardan çıxa bilmək qabiliyyətləri olmayan baş nazir Nikol Paşinyanın öz kreslosunu uzun müddət qoruya biləcəyi inandırıcı görünmür
Virus Ermənistanı çökdürür. Bu düşmən ölkənin ümumi vəziyyəti əldən düşmüş, yeriməkdə çətinlik çəkən qocanı xatırladır.
Amma bu, hələ başlanğıcdır. Ermənistanın daha ağır günləri hələ irəlidədir. Bu region ölkəsi birbaşa uçuruma, fəlakətə doğru sürüklənir. Və həmin uçurumdan aşağı yuvarlanmasına o qədər uzun müddət qalmayıb. Bir az da belə davam etsə, Ermənistan özünü uçurumun dibində tapacaq.
Hər bir ölkə onu idarə edənlər sayəsində dövlət olur. İstənilən dövlətin güclənməsi və ya zəifləməsi iş başında olan hakimiyyətin idarəçilik qabiliyyətlərinə birbaşa bağlıdır.
Ermənistanın timsalında bu önəmli reallıq açıq-aşkar özünü biruzə verməkdədir. Vaxtilə bu ölkəni idarə edənlər özlərini Cənubi Qafqaz regionunun jandarmı, əsas söz sahibi kimi təsəvvür edirdilər. Ancaq gücləri qabiliyyətləri sadəcə, polisay funksiyalarına çatdı, rusların forpost statusundakı qeyri-formal müstəmləkəsi olaraq, qaldılar.
İndisə zaman böyük sürətlə dəyişir və ermənilərin ənənəvi polisaylığına da artıq ehtiyac qalmayıb. Yəqin ki, çox yaxın gələcəkdə regional satqınlıqla, xəyanətlərlə oğurluq torpaqlar üzərində qurduqları polisay dövlətləri də yox olub, gedəcək.
Bu proses artıq start götürmüş kimi görünür. Belə ki, hazırda Ermənistanda bir neçə istiqamət üzrə ölkədaxili siyasi savaş mövcuddur. Birinci istiqamət üzrə savaş təbii ki, Paşinyan hakimiyyəti ilə yerli əhali arasındadır.Ermənistanda gərginliyin daha da artacağı, hökumət-vətəndaş ziddiyyətlərinin dərinləşərək, qarşıdurma mərhələsinə kecəcəyi artıq indidən açıq-aşkar nəzərə çarpır...
Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan “məxməri inqilab”la Sarkisyan hakimiyyətini devirərkən yerli əhaliyə gen-bol ümid dağıtmışdı. Ermənistan əhalisinin sosial rifahını yüksəldəcəyini, yeni iş yerləri açacağını, ölkədə haq-ədaləti bərqərar edəcəyini demişdi və s. cəlbedici vədlər vermişdi.
Ancaq o, baş nazir postuna oturduğu gündən üzübəri həmin vədlərin heç birisini reallaşdıra bilmədi. Əksinə, vəziyyət daha da pisləşdi. Xüsusilə də, Ermənistan əhalisinin sosial rifahı Sarkisyan hakimiyyəti dönəmində olduğundan da ağırlaşdı.
Yeni iş yerləri vəd olunsa da, bir çox şəxs öz iş yerini itirdi. Qanunsuzluq, başıpozuqluq, siyasi idarəçilik boşluqları daha dözülməz səviyyəyə çatdı. Epidemiyanın ağır zərbələri isə mövcud durumu fəlakət həddinə çatdırdı. Əhali sürətlə yoxsullaşaraq, səfalətə sürükləndi.
Paşinyan hökuməti isə bütün bunların qarşısını almaqda aciz qaldı. Vəziyyəti normallaşdırmaq üçün sosial-iqtisadi proqramlar hazırlaya, ölkənin minimal ehtiyaclarını ödəyə biləcək maliyyə resursları tapa bilmədi. Nəticədə ölkə əhalisinin siyasi dəstəyini tamamilə itirmiş oldu. Və bu istiqamət üzrə gərginliyin daha da artacağı, hökumət-vətəndaş ziddiyyətlərinin dərinləşərək, qarşıdurma mərhələsinə kecəcəyi artıq indidən açıq-aşkar nəzərə çarpır.Həm Robert Köçəryan, həm də Serj Sarkisyan “müharbə küləyi” sayəsində Ermənistanın başına keçərək, orada uzun illər ərzində öz klanlarını qurmuşdular...
Digər önəmli siyasi savaş istiqaməti siyasi-iqtisadi məzmun daşıyan regionçuluq faktoru ilə birbaşa başlıdır. Belə ki, SSRİ-nin dağılmasından sonrakı illlər ərzində Ermənistana heç vaxt bu ölkəni təmsil edən siyasətçi rəhbərlik etməmişdi.
Bu düşmən ölkənin ilk prezidenti Levon Ter-Petrosyan Suriya ermənisidir. Yəni, kənardan gəlməydi, yerli əhalini təmsil etmirdi. Onu prezident postunda əvəzləyən Robert Köçəryan isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. R.Köçəryandan sonrakı ölkə başçısı Serj Sarkisyan da Qarabağ ermənisidir.
Yəni 1991-ci ildən Paşinyanın hakimiyyətə sahibləndiyi 2018-ci ilə qədər Ermənistan bu ölkədə doğulmamış şəxslər tərəfindən idarə olunub. Və həm R.Köçəryan, həm də S.Sarkisyan “müharbə küləyi” sayəsində Ermənistanın başına keçərək, orada uzun illər ərzində öz klanlarını qurmuşdular.
Bu ölkənin yalnız hakimiyyəti deyil, bütün sahələri, o cümlədən, iqtisadiyyatı da Qarabağ klanının nəzarətində idi. Əhali yoxsul yaşasa da, Qarabağ klanının təmsilçiləri özlərinə sərvət toplayıb, güclənə bilmişdilər.Ermənistanın ilk 3 prezidenti Rusiyanın Cənubi Qafqaz maraqlarına sadiq idi və onlar Kremldən gələn bütün təlimatları düşünmədən yerinə yetirirdilər.
Təbii ki, bu, yerli əhalini qıcıqlandırırdı, yoxsulluğun əsas günahkarı hesab edilən Qarabağ klanını hədəfə çıxardırdı. Məhz bu daxili regionçuluq qarşıdırması sayəsində Nikol Paşinyan Ermənistanda əhalinin dəstəyi ilə “məxməri inqilab” edə və baş nazir postuna sahiblənə bildi.
Ancaq bu çevriliş Ermənistana sosial-iqtisadi stabillik və siyasi sabitlik gətirmədi. Əksinə, ölkədə yeni böhran faktorları yaratdı. Belə ki, bu dəfə Ermənistan ABŞ və Qərblə Rusiyanın arasındakı ziddiyyətlərin kiçik poliqonuna çevrildi.
Məsələ ondadır ki, Ermənistanın ilk 3 prezidenti Rusiyanın Cənubi Qafqaz maraqlarına sadiq idi və onlar Kremldən gələn bütün təlimatları düşünmədən yerinə yetirirdilər. Və Ermənistanı Rusiyanın qeyri-rəsmi quberniyasına çevirmişdilər.
Ancaq baş nazir N.Paşinyanın hakimiyyətə gəlişində Rusiyanın mövqeyi nəzərə alınmamışdı. Bəzi iddialara görə, N.Paşinyan ABŞ və Qərbin yerli əhalinin Qarabağ klanına qarşı narazılığına indeksləşmiş səhnəarxası dəstəyi ilə hakimiyyətə sahiblənə bilib. Buna baxmayaraq, hakimiyyətə gəlməzdən öncə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxaracağı ilə bağlı götürdüyü öhdəliyin yerinə yetirilməsi istiqamətində heç bir irəliləyişə nail ola bilməyib.Nikol Paşinyan ölkəsini Rusiyadan qoparmaq istiqmətində müəyyən addımların atılmasına cəhd göstərsə də, nəticə uğursuz olub. Ona görə də hazırda Rusiyanı da özündən narazı salıb...
İddialara görə, N.Paşinyan ölkəsini Rusiyadan qoparmaq istiqmətində müəyyən addımların atılmasına cəhd göstərsə də, nəticə uğursuz olub. Ona görə də hazırda Rusiyanı da özündən narazı salıb. ABŞ və Qərb isə N.Paşinyanın qarşıya qoyulan hədəflərə çata bilmək qabiliyyətlərinin qənaətbəxş olmadığını nəzərə alaraq, ona dəstəyini artıq geri çəkib. Yəni, baş nazir N.Paşinyan qəzəbləndirdiyi Rusiyanın qarşısında sahibsiz və dəstəksiz buraxılıb.
Təbii ki, belə vəziyyətdə baş nazir N.Paşinyan üçün altındakı kreslonu qorumaq baxımından, istinad nöqtəsi tapmaq olduqca çətindir. Çünki ümidlərini doğrultmadığı yerli əhali ondan narazıdır. Vaxtilə hədəfə aldığı Qarabağ klanı da ona qarşı birləşib və situasiyadan yararlanaraq, yenidən gücünü göstərməyə başlayıb.
Digər müxalif qüvvələrsə, siyasi komandası da artıq çatlar verməkdə olan N.Paşinyanın hakimiyyətdə qalmasında qətiyyən maraqlı deyillər. Bura ondan narazı olan qəzəbli Rusiyanın mövqeyi də əlavə edildikdə, baş nazirin necə ağır bir situasiya ilə üzləşdiyini təsəvvür etmək çətin deyil.
Heç bir liderlik keyfiyyətləri və qəliz siyasi situasiyalardan çıxa bilmək qabiliyyətləri olmayan baş nazir N.Paşinyanın öz kreslosunu uzun müddət qoruya biləcəyi o qədər də inandırıcı görünmür.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert