“Alyansın missiyaları pandemiya dövründə də davam etdirilir” –
NATO
Koronavirus pandemiyası NATO-nun dünyanın müxtəlif nöqtələrində əməliyyatlar aparması imkanlarına təsir göstərməyib.
“TASS” xəbər verir ki, bunu təşkilatın Hərbi Komitəsinin sədri Stüart Piç bildirib.
“Hərbçilərin sağlamlığı və təhlükəsizliyi üçün hər şeyi edirik, ancaq bizim missiyalarımız və əməliyyatlarımız davam edir, müdafiə qabiliyyətmiz dəstəklənir”, – Piç Brüsseldə mətbuat konfransı zamanı baş qərargah rəisləri səviyyəsində komitənin keçirdiyi videokonfransın nəticələrindən danışarkən belə deyib.
Onun sözlərinə görə, COVID-19 infeksiyasına baxmayaraq, NATO kollektiv müdafiə tapşırıqlarını yerinə yetirməkdə davam edir, həmçinin alyansın şərqində hava patrulları, dəniz əməliyyatları keçirir və Əfqanıstan və Kosovoda missiyalar icra edir.
O, həmçinin bildirib ki, NATO-nun Əfqanıstandakı missiyası müttəfiqlərin koordinasiyası əsasında orada baş verən proseslərə uyğun olaraq yeni tapşırıqlara əsaslanır. Piç onu da xatırladıb ki, təhlükəsizlik baxımından NATO ölkələri İraqdakı iştiraklarını azaldıblar, ancaq orada qalmaqda davam edirlər./apa