Ukraynadakı müharibənin təsiri –
Azərbaycanın nüfuzu artır, gəlirlər çoxalır
Ekspertlərin fikrincə, regionda cərəyan edən proseslər fonunda Azərbaycandan keçən dəhlizlərə maraq artıb. Xüsusilə Çin prosesin əsas iştirakçı ölkələrindən biri kimi öz marağını göstərməyə başlayıb. Digər tərəfdən Rusiya istiqamətindən bir çox yükdaşıma növündən və həcmindən imtina edilməsi Çinin Azərbaycan dəhlizinə üz tutmasına səbəb olub.
Bu barədə Modern.az-a danışan iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, Rusiya-Ukrayna müharibəsi bütövlükdə regionda yeni düzən formalaşdırıb və bu mənada hazırda əsas diqqət beynəlxalq yükdaşımalara yönəlib.
Nəqliyyat sektorunda Azərbaycanın xüsusi rol oynadığını deyən deputat ölkəmizə beynəlxalq müstəvidə maraq göstərildiyini vurğulayıb:
“Müharibədən sonra Cənubi Qafqaz üzərindən, o cümlədən Azərbaycan vasitəsilə daşınan yükdaşımalara marağın artması müşahidə olunur. Çünki, nəzərə alsaq ki, bir tərəfdən Rusiya artıq sanksiyalarla üzləşib və əksər Avropa ölkələri öz hava məkanlarını Rusiya üçün bağlayıb. Eyni zamanda cənubda İrana qarşı sanksiyalar var və nəticə etibarilə, bu amilllər Azərbaycanın beynəlxalq yükdaşımalarda rolunun artmasına gətirib çıxarır”.
Deputat qeyd edib ki, beynəlxalq yükdaşımalarda Azərbaycanın payının dah da artacağı proqnozlaşdırılır:
“İlk növbədə proqnozlar ondan ibarətdir ki, bütövlükdə beynəlxalq yükdaşımalar sistemində Azərbaycan üzərindən daşınan yüklərin həcmində artımlar olacaq. Bu da Azərbaycanın beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirin həcmini artıracaq. Xatırladım ki, pandemiyadan öncə beynəlxalq yükdaşımalarda Azərbaycan üzərindən daşınan qeyri-neft mehsullarının həcmində 65% artım qeydə alınıb. Gözlənilir ki, karantin qaydalarının yumşalması nəticədə bu istiqamətdə Azərbaycan dövlət gəlirlərini daha da artıracaq”.
TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov isə vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi səbəbilə Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizi vasitəsilə Mərkəzi Asiyadan Avropaya yükdaşımalarda problemlər yaranıb.
Onun sözlərinə görə, Mərkəzi Asiyadan Avropaya Rusiya üzərindən daşınan yüklərin təqribən 10%-ə qədərinin Azərbaycan, Qazaxıstan və Gürcüstan üzərindən keçəcəyi ehtimal olunur. Bu isə Azərbaycan üzərindən yükdaşımaların ən azı 5-6 dəfə artması deməkdir.
“Orta Asiya, Azərbaycan və Gürcüstan üzərindən yükdaşımalarda 150 min konteynerə qədər artım gözlənilir. Həmçinin bu marşrutla Orta Asiyadan əlavə 35 minə yaxın avtomobillə yükdaşıma nəzərdə tutulur. Bunun səbəbi Rusiya və Ukrayna üzərindən daşımaların azalmasıdır. Çinin daşıma şirkətləri və digər beynəlxalq yükdaşıyıcıların çoxu hələ Rusiya üzərindən daşımalardan çəkinir. Nəticədə diqqət bizim marşruta yönəlib. Bu məsələ Orta Asiya, Azərbaycan, Türkiyə və Gürcüstan üzərindən yükdaşımaların kəskin artımına gətirəcək”, - deyə Rüfət Bayramov bildirib.