Bayden Niinistö ilə Finlandiyanın NATO ilə tərəfdaşlığı müzakirə edib
ABŞ Prezidenti Cozef Bayden finlandiyalı həmkarı Sauli Niinistö ilə telefonla Ukrayna ətrafındakı vəziyyəti, eləcə də Finlandiyanın ABŞ və NATO ilə yaxın müdafiə tərəfdaşlığının əhəmiyyətini müzakirə edib.
Globall.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Liderlər Rusiyanın Ukrayna sərhədləri yaxınlığında hərbi qüvvələrini artırması ilə bağlı ümumi narahatlıqları müzakirə ediblər. Onlar həmçinin Şimali Avropada təhlükəsizliyi təmin etmək üçün Finlandiyanın ABŞ və NATO ilə sıx müdafiə tərəfdaşlığının vacibliyini müzakirə ediblər.
Prezident Bayden vurğulayıb ki, Finlandiya və Avropanın hər bir ölkəsi öz təhlükəsizlik tədbirlərini seçmək hüququna malikdir”, - xəbərdə deyilir.
Bundan əlavə, tərəflər Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) “gərginliyin azaldılması və Avropa təhlükəsizliyi problemlərinin həlli üçün mühüm dialoq platforması kimi” müzakirə ediblər.